Zəfər müharibəsindən sonra Azərbaycanın xarici siyasət prioritetləri


MEDİA Agentliyi

Kamal Adıgözəlov

(əvvəli BU LİNKDƏ )

Azərbaycan bununla göstərdi ki, xarici siyasətində daim humanitarlığı, obyektivliyi, ədalətliliyi və əməkdaşlığı üstün tutur. Məhz bu keyfiyyətlər əsasında Azərbaycanın xarici siyasət prioritetləri sırasında Ermənistan məsələsi konkret yerini tutdu. Hazırda Ermənistanın müxtəlif təxribatlarına, kommunikasiyaların açılması prosesini ləngitməsinə baxmayaraq, Azərbaycanın təklif etdiyi "3+3" formulu üzrə əməkdaşlıq istiqamətində irəliləyişlər davam edir. "Qisas" əməliyyatı ilə Azərbaycan regionda sabitliyin təmin edilməsi, dövlətlər arasında əlaqələrin əməkdaşlıq müstəvisinə keçməsi üçün ciddi addımlar atmağa hazır olduğunu nümayiş etdirdi.

Bütün bunların fonunda Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin yeni prioritetlər sırasında əhəmiyyətli yer tutduğunu demək mümkündür. 44 günlük Vətən müharibəsindən sonra bir qədər qeyri-müəyyən mövqe tutan Brüssel sonradan qeyri-adekvat addım atdığını anladı. Prezident İlham Əliyevin Brüsselə səfərləri zamanı mühüm razılaşmalar əldə edildi.

Azərbaycan Prezidenti uğurlu diplomatiya ilə Avropa İttifaqının Cənubi Qafqazın postmüharibə və postmünaqişə mərhələsində aktiv pozitiv rol oynamasını motivə etdi. Bu ilin iyul ayında enerji təhlükəsizliyi ilə bağlı imzalanmış memorandum isə tərəflərin etibarlı əməkdaşlıq xəttini davam etdirmək niyyətlərini bir daha ortaya qoydu.

Azərbaycan ilə Avropa İttifaqı arasında "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"na əsasən, 2027-ci ilə qədər Azərbaycandan Avropaya illik qaz ixracının 20 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropa İttifaqının Azərbaycanın timsalında daha etibarlı tərəfdaş qazandığını vurğulayıb. Azərbaycan bir sıra Avropa ölkələrinin qaz istehlakının 80 faizini, digərlərinin isə 15-20 faizini təmin edir.

Bütün bu deyilənlər onu göstərir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. O da əhəmiyyətlidir ki, bu proses ABŞ tərəfindən də təqdir edilir. ABŞ Prezidenti Co Bayden Azərbaycan Prezidentinə ünvanlandığı məktubunda ifadə edib: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır". Bununla Avropa İttifaqı açıq qəbul edir ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi nəinki regional, hətta qlobal enerji təhlükəsizlik sisteminin yaradılmasında vacib yer tutur.

Azərbaycan-Avropa İttifaqı münasibətləri xarici siyasətin yeni prioritetləri kontekstində yalnız enerji sahəsində əməkdaşlıq məsələsi ilə məhdudlaşmır. Brüssel Azərbaycanın Cənubi Qafqazdakı sülh və barışa yönəlmiş layihələrini də aktiv dəstəkləyir. Bu baxımdan Brüssel Azərbaycanın regional kommunikasiyaların işləməsi yönündə atdığı addımları alqışlayır. "Qisas" əməliyyatından sonra Avropa İttifaqı rəsmilərinin Azərbaycan rəhbərliyi ilə apardıqları müzakirələrin məzmunu bunu bir daha təsdiq edir.

Beləliklə, postmünaqişə mərhələsində Avropa İttifaqının Azərbaycanın xarici siyasətində yeni dövr prioritetlərindən biri kimi iki aspektdə yeri və rolu müəyyən edilib. Onlardan biri Avropa İttifaqı tərəfindən Azərbaycanın regional barış təşəbbüslərinə, digəri isə regional miqyasda Azərbaycanın əməkdaşlıq layihələrinə dəstək verilməsidir.

Birinci aspekt Avropa İttifaqının "3+3" formatında əməkdaşlığa prinsipcə etiraz etməməsində və kommunikasiyaların açılmasının zəruriliyini vurğulamasında öz əksini tapıb. Konkret olaraq, Avropa Zəngəzur dəhlizinin işə salınmasının tərəfdarıdır. Bununla Avropa ilə Çin arasında daha etibarlı nəqliyyat dəhlizi yaranmış olacaq.

Bunlardan başqa, birinci aspektə Azərbaycanla Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlaması da daxildir. Onun reallaşması üçün rəsmi Bakının bütün təşəbbüsləri Brüssel tərəfindən dəstəklənir. Artıq Avropa İttifaqı öncəki mərhələlərdə olduğu kimi ermənipərəst mövqe tuta bilmir.

İkinci aspekt Azərbaycanın konkret regional əməkdaşlıq layihələrinə Avropanın dəstək verməsində öz ifadəsini tapıb. Bunlara həm postmüharibə mərhələsində Qarabağın yenidən qurulmasında Avropa şirkətlərinin iştirakı, nəqliyyat və logistika dəhlizlərinin genişləndirilməsi, həm də beynəlxalq əməkdaşlıq layihələrinə dəstəyin verilməsi aiddir.

Avropalı ekspertlərin qənaətinə görə, Brüssel Cənubi Qafqazda özünün müstəqil geosiyasi xəttini yeritməlidir və postmünaqişə mərhələsində müxtəlif layihələrdə aktiv iştirak etməlidir.

Bunlar onu göstərir ki, Azərbaycanın xarici siyasətinin prioritetlərində Qarabağın yenidən qurulması prosesinə Avropa dövlətlərini daha geniş surətdə cəlb etmək xüsusi yer tutur. Bu istiqamətdə işlər Azərbaycanın istədiyi qaydada davam etməkdədir.

Beynəlxalq təşkilatlarla əməkdaşlıq: Azərbaycan daha fəal və təşəbbüskar mövqedə

Nəhayət, Azərbaycanın xarici siyasətinin yeni prioritetlərində beynəlxalq təşkilatlarla əməkdaşlığın payı xeyli artıb. Əlbəttə, Azərbaycan BMT və onun strukturları ilə həmişə sıx əlaqədə fəaliyyət göstərir. Ölkəmiz bu təşkilatın üzvü olandan bu yana qarşılıqlı əlaqələr daim genişlənir və dərinləşir. 44 günlük Zəfər hərəkatından sonra Azərbaycan-BMT münasibətləri həm Qoşulmama Hərəkatının sədri kimi, həm də müstəqil dövlət olaraq yeni səviyyəyə yüksəlib. Azərbaycanın təşəbbüsü ilə BMT koronavirus pandemiyası ilə mübarizəyə dair xüsusi iclas təşkil edib. Bu, şübhəsiz, xarici siyasətin yeni mərhələdə uğurlarından biri, Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuza sahib olmasının göstəricisidir.

Lakin təəssüflə demək lazımdır ki, Azərbaycanın dünyada "ən nadir və ən dəhşətli postmünaqişə şəraiti ilə üzləşməsinə" baxmayaraq, "Azərbaycana münasibətdə BMT və onun alt institutları tərəfindən hər hansı bir genişmiqyaslı fəaliyyət nəzərə çarpmır. BMT-nin ali rəhbərliyi tərəfindən münaqişə başa çatandan sonra regiona hələ də heç bir səfər edilməyib".

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin haqlı olaraq vurğuladığı kimi, "... normalda 30 ildən çox davam edən, bu qədər humanitar fəlakətlərə, faciələrə səbəb olmuş postmünaqişə şəraitində BMT-nin ali rəhbərliyi səviyyəsində regiona səfər həyata keçirilməsi, bu münaqişənin həll olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi faktları təqdir edilməli idi. Təəssüf ki, biz BMT rəhbərliyi tərəfindən, – necə ki, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələri masa üzərində qaldı, – bu məsələdə də hər hansı bir ciddi fəaliyyət müşahidə etmirik".

Artıq qeyd etdiyimiz kimi, Azərbaycanın Qoşulmama Hərəkatında fəaliyyəti keyfiyyətcə növbəti mərhələyə qalxıb. Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə xarici siyasətin başlıca məsələlərindən danışarkən Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin daha bir il uzadılmasını ayrıca vurğulayıb. Dövlət başçısı tam haqlı olaraq bu faktı dünyanın 120 dövlətinin ölkəmizə olan dərin etimadı kimi dəyərləndirib.

Dövlət başçısı deyib: "Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi".

İlham Əliyev bu faktı Qoşulmama Hərəkatının həmrəylik və qarşılıqlı beynəlxalq dəstək üçün önəmli platforma olması kontekstində qiymətləndirib. Onun təşəbbüskarı isə Azərbaycandır. Təsadüfi deyildir ki, Azərbaycanın bu təşkilatda sədrliyinin müddəti bir il uzadılıb.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi də fəallığını artırır, İslam dövlətləri ilə hərtərəfli əlaqələrini durmadan genişləndirir. Bu təşkilatın yeni seçilmiş Baş Katibinin Azərbaycana səfəri və Qarabağa xüsusi maraq göstərməsi bunu təsdiq edən faktlardandır.

Azərbaycan türk dövləti kimi də olduqca fəal siyasət aparır. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı Türk Dövlətləri Təşkilatı çərçivəsində diplomatik fəaliyyətini daha da artırıb. Sözün həqiqi mənasında Azərbaycan türk xalqlarının şanlı dövlətçilik tarixinə və mədəniyyətinə böyük töhfələr verməkdə davam edir.

Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə dəfələrlə görüşüb, bu ilin aprelində Qırğızıstan Prezidenti ilə Bakıda müzakirələr aparıb, iyun ayında İlham Əliyev Özbəkistan və Türkmənistana səfərlər edib, Qazaxıstan Prezidenti Azərbaycanda səfərdə olub. Bütün bunlar Türk Dövlətləri Təşkilatı çərçivəsində baş verir.

Bu kontekstdə Azərbaycan rəhbərinin aşağıdakı fikirləri çox əhəmiyyətlidir: "... bu, sadəcə olaraq, görünən məsələlərdir və onlar göstərir ki, bu təmaslar nə qədər fəal inkişaf edir, fəal surətdə inkişaf edir. Əlbəttə, türk dövlətləri ilə əlaqələrimiz bizim üçün prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır – həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır... ".

Beləliklə, Azərbaycanın xarici siyasətinin yeni prioritetləri Prezident İlham Əliyevin dəyişən geosiyasi situasiyalarda müasir tələblərə cavab verən addımlar atdığını bir daha təsdiq edir. Azərbaycan dövlət olaraq əmin əllərdədir və bütün istiqamətlərdə inkişafını davam etdirir!

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ