Zəfər müharibəsindən sonra Azərbaycanın xarici siyasət prioritetləri


MEDİA Agentliyi

Kamal Adıgözəlov

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda öncəki mərhələdən fərqli geosiyasi mənzərənin formalaşmağa başlaması özlüyündə bölgə dövlətlərinin xarici siyasətində mümkün dəyişikliklər məsələsini gündəmə gətirib. Ekspertlər Azərbaycan, Gürcüstan və Ermənistanla bağlı müxtəlif fikirlər irəli sürürlər. Bu dövlətlərin regional proseslərdə yeri, rolu və statusu fərqlidir. Azərbaycan lider dövlət kimi xarici siyasətdə daha fəal mövqe tutur. Rəsmi Bakı səmərəli qlobal təşəbbüsləri ilə beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə transmilli layihələr uğurla reallaşdırılır. Bu ilin iyul ayında Prezidentin sədrliyi ilə keçirilən ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirədə İlham Əliyev xarici siyasətin yeni prioritetləri haqqında çox əhəmiyyətli fikirlər ifadə edib. Onları rəhbər tutaraq, bütövlükdə, Azərbaycanın xarici siyasətində hansı yeni prioritetlərin mövcud olduğu üzərində geosiyasi kontekstdə geniş dayanmağa ehtiyac gördük.

Fəal xarici siyasət: regional liderliyin təmini

Müasir dövrdə qlobal səviyyədə intensiv geosiyasi proseslərin getdiyini ekspertlər birmənalı qəbul edirlər. Bu vəziyyətdə müstəqil dövlətin xarici siyasəti də dinamik olmalı, mühüm yeni geosiyasi faktorlara adekvat şəkildə qurulmalıdır. XXI əsrin, yeni dönəmin tələblərini və çağırışlarını nəzərə alaraq siyasət yeritmək müstəqil dövlətçiliyin ən vacib göstəricilərindən biridir. Azərbaycanın 1993-cü ilin iyunundan bu yana apardığı xarici siyasət həmin aspektdə daim ekspertlərin diqqət mərkəzində olub.

Xüsusilə XXI əsrin gəlişi ilə dünya miqyasında geosiyasi mənzərənin dinamikası yeni çalarlar kəsb edib və müstəqil siyasət yeridən dövlətlər ona uyğun kurs müəyyənləşdiriblər. Təcrübə göstərir ki, Cənubi Qafqazda bu dəyişikliyə adekvat və çevik reaksiya verən dövlət Azərbaycandır. Ulu Öndər Heydər Əliyev xarici siyasətin prioritetlərini müəyyən edərkən milli maraqlara xidmət edən balanslı kursa üstünlük verib. Bu o deməkdir ki, rəsmi Bakı xarici siyasətdə böyük dövlətlərin maraqlarını tarazlamaq deyil, onları milli dövlətçiliyə xidmət edən nisbətdə balansda saxlamaq xəttini seçib. Bu seçim özündə iki mühüm geosiyasi və diplomatik məqamı əks etdirir.

Birincisi, heç bir böyük dövlətin direktivi ilə hərəkət etməmək, yəni, milli dövlətçiliyə uyğun olan xarici siyasət yeritmək, eyni zamanda, bütün böyük dövlətlərlə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq formulu üzrə əlaqələri gücləndirmək.

İkincisi, həmin xarici siyasət kursu Azərbaycana fəal və təşəbbüskar olmağa geniş imkanlar yaradır. Məhz bunun sayəsində ölkə rəhbərliyi geosiyasi dəyişikliklərə çevik reaksiya verir və xarici siyasətin prioritetləri üzrə yeni faktorları müəyyənləşdirir. XXI əsrin üçüncü onilliyinə qədər olan müddətdə bu xətt son dərəcə səmərəli olduğunu sübut edib. Prezident İlham Əliyevin fəaliyyəti bu baxımdan olduqca məhsuldar və uğurludur. Məsələnin mahiyyətinə bir qədər geniş aspektdə varmağa çalışaq.

2003-cü ildən başlayaraq Azərbaycanın xarici siyasətində Qərb dövlətləri, Rusiya, İran, Türkiyə, Çinlə əlaqələr və Ermənistan-Azərbaycan münaqişəsinin həlli əsasında ərazi bütövlüyünün təmini prioritet istiqamətlər olub. Bu ümumi çərçivədə Azərbaycan regional və beynəlxalq təşkilatlarda fəallığını ardıcıl olaraq artırıb, xüsusilə BMT üzvü olaraq ciddi diplomatik addımlar atıb. Bakının İslam ölkələri və Avropa İttifaqı ilə də əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Gürcüstan, İran, Türkiyə və Rusiya ilə əməkdaşlıqda böyük irəliləyişlər əldə olunub. Azərbaycan Avropa İttifaqı ilə müxtəlif proqramlarda, o cümlədən "Şərq Tərəfdaşlığı" proqramında əməkdaşlığa böyük diqqət yetirib. Bütün bunların sırasında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsinin xüsusi yeri olduğunu vurğulamalıyıq.

Aydın görünürdü ki, xarici siyasətin yüksək dinamikası fövqündə Azərbaycanın xarici siyasətinin prioritetləri də konkret müsbət nəticələrlə uğurlu hesab oluna bilər. 2015-ci ildən bu istiqamətdə yeni tendensiyalar özünü göstərməyə başladı. Bunun bir çox səbəbləri var. Onların sırasında Aİ-nin xarici siyasətdə yeni strategiya müəyyən etməsi, Rusiya ilə Ukrayna arasında enerji böhranının dərinləşməsi, Azərbaycanın "Şərq Tərəfdaşlığı" proqramı ilə bağlı özünün təkliflərinin reallaşmağa başlaması və Ermənistan-Azərbaycan münaqişəsinin həllinin zəruriliyi ayrıca yer tutur.

Rəsmi Bakı, paralel olaraq, ABŞ, Avropa, Rusiya, Türkiyə və İranla da faydalı əməkdaşlığı davam etdirirdi. Bunlarla yanaşı, Azərbaycan beynəlxalq təşkilatlarda (Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Dövlətləri Təşkilatı) və İslam Əməkdaşlıq Təşkilatında) fəallığını daha da artırdı. 2016-cı ildən Azərbaycanın xarici siyasət strategiyasında yeni mərhələ başlamış oldu.

Xüsusilə 2016-cı ilin Aprel döyüşləri regionda Azərbaycanın geosiyasi yeri və rolunun yeniləşmə ərəfəsində olduğunu göstərdi. Buna paralel şəkildə Azərbaycan bütün beynəlxalq təşkilatlarda aktivliyini daha da artıraraq əməkdaşlıq təşəbbüsləri ilə çıxış etdi. Bu sırada Azərbaycan Prezidentinin ikitərəfli, üçtərəfli və sonralar dördtərəfli əməkdaşlıq təşəbbüslərini irəli sürməsi dövlətimizin siyasi kursunun potensialının yüksəkliyinin nümunəsi oldu.

Onu deyək ki, Azərbaycanın xarici siyasətinin prioritetləri beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq daim təkmilləşdirilməklə daha səmərəli məzmun kəsb etdi. Nəhayət, 2020-ci ilin payızında Azərbaycanın 44 günlük Zəfər müharibəsi regionda geosiyasi reallığı keyfiyyətcə dəyişmiş oldu. Bu hadisə, bir tərəfdən, Cənubi Qafqazın geosiyasi dinamikasını yeniləşdirdi, digər tərəfdən isə, bütövlükdə, geosiyasi mənzərənin strategiyasını dəyişdi. Təbii ki, bu cür yenilik fonunda xarici siyasətin prioritetlərində də yeniləşmələr olmalı idi. Onları aşağıdakı kimi təsnifatlaşdıra bilərik.

Regional liderin artan təsirləri: sabitlik, təhlükəsizlik və əməkdaşlıq naminə yeni prioritetlər

Hər şeydən öncə, Cənubi Qafqazda Azərbaycan-Türkiyə müttəfiqliyi meydana gəldi. Bu, siyasi-hüquqi olaraq Şuşa Bəyannaməsində öz təsbitini tapdı. Artıq Cənubi Qafqazla bağlı geosiyasi proseslərdə Azərbaycan-Türkiyə tandemini ciddi nəzərə almaq lazım gəlir. Bu vəziyyət son iki ildə özünü dəfələrlə təsdiq edib. Bəzi ermənipərəst böyük güclər regionu qeyri-müəyyən vəziyyətə sürükləyə bilmirlər. Onların qarşısında Azərbaycan-Türkiyə sabitləşdirici gücü dayanır. Deməli, xarici siyasətdə Türkiyə faktoru regionun digər böyük geosiyasi güclərindən fərqli aspektdə nəzərə alınır.

Digər tərəfdən, Azərbaycanın milli maraqlara xidmət edən balans siyasəti zərər görmədi. Dövlət başçısının müdrik addımları nəticəsində Avropa İttifaqı, ABŞ, Rusiya və İran faktorları da yeni geosiyasi reallıqlar kontekstində layiqli yerini tutdu. Həmin məqam xarici siyasətin yeni prioritetləri sırasında mühüm yer tutur.

Rəsmi Bakı ilk olaraq Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. İlham Əliyev uğurlu və çevik siyasəti ilə bu istiqamətdə Rusiya ilə sənəd imzaladı. İndi Azərbaycan-Rusiya strateji müttəfiqliyindən danışılır. Mühüm cəhətlərdən biri ondan ibarət oldu ki, Azərbaycan Prezidentinin uğurlu kursu sayəsində Azərbaycan-Türkiyə və Azərbaycan-Rusiya strateji müttəfiqliyi nəinki bir-birilə ziddiyyət təşkil etmədi, əksinə, Cənubi Qafqazda keyfiyyətcə yeni geosiyasi düzənin formalaşmasının aparıcı faktoruna çevrildi. Bunu Azərbaycanın xarici siyasətinin ən böyük uğurlarından biri hesab etmək olar.

Onu deyək ki, vurğulanan faktor Cənubi Qafqazın geosiyasi tarixində bir ilkdir. İndiyə qədər regionun heç bir dövləti suverenliyini və müstəqilliyini saxlayaraq ənənəvi olaraq regionda rəqabət aparan iki böyük gücü sülh, barış və əməkdaşlıq müstəvisində bir araya gətirə bilməmişdi. İlham Əliyev bunu bacardı. Həm də Azərbaycan Prezidenti regional geosiyasətin əməkdaşlıq müstəvisinə keçməsi kontekstində həmin uğura imza atdı.

Onun fövqündə Azərbaycanın xarici siyasətinin regional istiqamətində iki mühüm yeni çalar ekspertlərin marağına səbəb olub. Onlardan biri İran-Azərbaycan münasibətlərinin yeni regional reallıqlar kontekstində daha zəngin məzmun alması, digəri isə Ermənistan faktorunun Azərbaycanın xarici siyasətində prioritetliyinin yeniləşməsidir. Onlar üzərində ayrıca dayanaq.

İran məsələsi Cənubi Qafqaz üçün həmişə aktual olub. Rəsmi Bakı bunu daim nəzərə alıb. Lakin 44 günlük müharibədən sonra İranda bəzi dairələrin Azərbaycana münasibətdə bir sıra qeyri-adekvat addımlar atması İran məsələsini yeni bucaq altında aktuallaşdırdı. İranda radikal ruhlu siyasi qüvvələrin Azərbaycanı hədələmək, qorxutmaq, onu müstəqil siyasət yeritmək xəttindən çıxarmaq və bunun fonunda açıqca erməniləri dəstəkləmək kimi qeyri-müəyyən addımları Azərbaycan rəhbərliyini zərrə qədər də öz xəttindən çəkindirə bilmədi. Əksinə, Prezident İlham Əliyev tarixi faktlara və müasir çağırışlara əsaslanaraq İran tərəfinə əməkdaşlıq əlini bir daha uzatdı. İran bunu qəbul edərək, siyasətində Azərbaycan faktorunu fərqli aspektdə nəzərə almağa başladı. Nəticədə, iki qonşu dövlət yenidən qarşılıqlı faydalı əməkdaşlıq formuluna keçdi.

Burada onu deyək ki, İran Zəngəzur dəhlizi məsələsində tutduğu mövqeni dəyişməli oldu. Bu isə İlham Əliyevin qətiyyəti, obyektivliyi və əməkdaşlığa istiqamətlənmiş ardıcıl siyasəti sayəsində reallaşdı.

Təbii ki, Azərbaycanın xarici siyasətinin yeni prioritetləri sırasında Ermənistan xüsusi yer tutur. Azərbaycan bu istiqamətdə ərazi bütövlüyü qarşısında duran maneəni siyasi-hərbi yolla aradan qaldırmaq xəttindən Ermənistanı regional barış, sülh və əməkdaşlıq müstəvisinə dəvət etmək kursunu götürdü. Bu məqam əsl müstəqil xarici siyasət yeridən və əməkdaşlığa böyük üstünlük verən güclü bir dövlətin – regional liderin obrazını yaxşı ifadə edir.

(ardı var)

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ