Azərbaycan dramaturgiyasının banisi, materialist Türk filosofu Mirzə Fətəli Axundovun fəlsəfi dünyagörüşü


MEDİA Agentliyi

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Aydın Mədətoğlu Qasımlı

Filologiya üzrə fəlsəfə doktoru

(Yazının əvvəli BU LİNKDƏ)

Öz ideya mübarizəsində təkamülə üstünlük verən filosof göstərir ki, azadlıq və ədalət bayrağını yüksəklərə qaldırmaqda əsas məqsəd xalqa öz həyatını dinc yolla həyata keçirməyə, firəvan və xoşbəxt yaşamağa imkan yaratmaqdır.

Böyük demokrat və azadlıq tərəfdarı kimi çıxış edən filosof, İnsan ağlının hər cür ətalətdən, din, cəhalət və xürafətdən, mürtəce quruluşun bütün buxovlarından azad olması ideyasını irəli sürmüş, bütün dünyada ağlın əbədi həbsdən qurtulmasını bəşəriyyətin xoşbəxtliyi və səadətinin əsası hesab etmişdi.

Öz yaradıcılığında sosial – siyasi problemlərə böyük önəm verən mütəfəkkir, feodal qayda – qanunlarını, despotik dövlət quruluşunu kəskin tənqid etmiş, ictimai həyatın ədalət əsasında yenidən qurulmasını irəli sürmüş, ilk əvvəl maarifpərvər ədalətli hökmdar fikrini, sonra isə "Konstitusiyalı Monarxiya " fikrini müdafiə etmişdi.

Bütün Yaxın Şərq ölkələrində azadlıq ideyasının carçısı olan mütəfəkkirin ictimai – siyasi və fəlsəfi dünyagörüşündə zaman keçdikcə ciddi dəyişikliklər baş vermiş, 1870 – ci illərdə o, artıq yetkin, kamil bir inqilabçı – demokrat kimi özünü təsdiq etdirmişdi.

Mirzə Fətəli Axundzadənin fəlsəfi irsində dinin tənqidi mərkəzi yerlərdən birini tutur. Filosof, elmi dinə qarşı qoymuş, onların bir araya sığışmadığını sübut etməyə çalışmış, dini tərəqqi yolunda ən böyük əngəl hesab etmişdi. Mütəfəkkir dövrünün bir çox Türk maarifçilərindən fərqli olaraq dinlə, dini dünyagörüş və fanatizmlə ardıcıl mübarizə aparmış və son olaraq bəyan etmişdi ki: " Mən bütün dinləri puç və əfsanə hesab edirəm! ". Sırf ateist mövqedən çıxış edən mütəfəkkir, dinin " Axirət " anlayışını və Ruhun ölməzliyi haqqındakı ehkamlarını rədd etmişdir.

No description available.

İnsanların əmlak bərabərliyindən daha çox, hüquq bərabərliyindən bəhs edən filosof, qadınlar və kişilər arasında hüquq bərabərliyinə də xüsusi önəm vermişdi. Mütəfəkkir qadının cəmiyyətdə yeri və rolu məsələsinə dönə- dönə qayıtmış, ictimai həyatın bütün sahələrində qadınlara kişilərlə bərabər hüquq verilməsi fikrini qətiyyətlə müdafiə etmiş, qadın azadlığını bütün cəmiyyətdə azadlığın təbii ölçüsü saymış və göstərmişdi ki: " Şəriətin nə haqqı var ki, qadın tayfasını " Hicab ayəsi " vasitəsilə daim həbsə atıb ömrü boyunca bədbəxt edir və yaşamaq nemətindən məhrum edir ".

Filosof, yaşadığı dövrdə savadsız mollaların şəriət qaydalarından öz mənafelərinə uyğun istifadə edib qızları və qadınları cəhalətə məhkum etmələrini tənqid etmiş, əsərlərində qadınların hüquqsuzluğunu təsvir edərək onların başına gətirilən amansız bəlaları ifşa etmiş, qadının cəmiyyətdə mühüm mövqe tutmasını təbliğ etmişdi. Əsərlərində qadın obrazlarına geniş yer verən mütəfəkkir, çoxarvadlılığı tənqid etmiş, onun nə kimi faciələrə gətirib çıxardığını təsvir etmiş, cəmiyyətdə baş verən bütün bəlaların kökünü kişi ilə qadın arasında bərabərliyin olmamasında, qadınların hüquqsuzluğunda görmüş, qadınların üzləşdikləri cəhalətdən yaxa qurtarmağın yolunun məhz təhsildən keçdiyini irəli sürmüşdü.

Mirzə Fətəli Axundzadə maarifçiliyin də fəlsəfəsini yaratmış, onu sistemləşdirmiş, həm bədii, həm də fəlsəfi əsərlərində milli dövlətçilik prinsiplərini irəli sürmüş, dövlətçilik məfkurəsini tam şəkildə formalaşdırmışdır.

Axundzadə tədqiqatçılarından XX əsrin görkəmli Azərbaycan filosofu Heydər Hüseynov " M. F. Axundovun fəlsəfi görüşləri " adlı məqaləsində yazır: " Bu böyük şəxsiyyətin bəhs etmədiyi heç bir böyük və kiçik məsələ olmamışdır. O,drama, hekayə və şeirdən başlamış fəlsəfə, din, etika, kritika, moral, dil, dövlət, məktəb, tədris və s. bu kimi müxtəlif məsələlərdən bəhs etmiş və hər məsələyə öz dövrünə görə konkret və aydın cavab verə bilmişdir. Axundov ictimai – siyasi məsələlərlə maraqlanmış, ictimai həyatın dəyişməsi üçün çarələr axtarmışdı... O, Azərbaycan ictimai fikrinin inkişafında qüvvətli dönüş yaratmışdır.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrin – dən biri olan Əbdürrəhim Bəy Haqverdiyev "M.F.Axundzadə haqqında " adlı məqaləsində yazır: " Epoletli,mükafatlar, medallarla bəzədilmiş mündirlər altında hissləri ilə yanan odlu bir ürək döyünürdü. Bu ürək sahibi, Azərbaycanın milli varlığı, milli ləyaqəti, milli şüurunun formalaşması, milli mədəniyyəti və maarifi uğrunda mübarizə aparan alovlu inqilabçı – demokrat, filosof, mütəfəkkir,yazıçı,dramaturq M.F.Axundzadənin ürəyi idi "(Bax:Ə.Haqverdiyev,M.F. Axundzadə haqqında," Maarif və mədəniyyət " jurnalı,№ 3, Bakı 1928).

Türk dünyasının XIX əsrdəki ictimai -siyasi,ədəbi- tənqidi fikrinin banisi, filosof Mirzə Fətəli Axundzadə həm də Türk dünyasının milli ideologiyasının banilərindən biridir.O,həm də Türk dünyasının ilk yaradıcı şəxsiyyətlərindən biri olmuş,yaşadığı mühiti, cəmiyyəti, ölkəni, bu ölkənin daxil olduğu bölgəni, Qafqazı və bütünlükdə İslam Şərqini, onun dünyagörüşünü,həyat tərzini,sənət meyarlarını kökündən dəyişmək,onu yenidən qurmaq, yenidən yaratmaq istəmiş,bütün bunları etmək üçün mənalı həyatını və bacarığını əsirgəməmişdir.

Yaşadığı cəmiyyəti kökündən dəyişdirmək kimi milli ideya inqilabına başlayan mütəfəkkirin həyatında və dünya – görüşünün formalaşmasında heç şübhəsiz ki çalışdığı yerin – Rusiya İmperiyasının Qafqaz və Şərq siyasətinin həyata keçirildiyi, siyasi və diplomatik məlumatların toplandığı və mərkəz Peterburqa ötürüldüyü Qərargahın – mühüm rolu olmuşdur. Çünkü dövrün İmperialist dövlətlərinin, xüsusilə, Böyük Britaniya, Fransa və Rusiyanın Şərq və bütövlükdə Asiya uğrunda mübarizələrinin bütün gizli məlumatları haqqında bu qərargah məlumatlandırılırdı. Bu hadisələrin içində olması, İslam Şərqinin və bütövlükdə Asiyanın bu imperialist dövlətlər tərəfindən necə parçalanaraq bölüşdü- rüldüyünü , Şərqingetdikcə daha da siyasi və mənəvi cəhətdən çökdüyünü, Şərqin Qərbə yem olduğunu görən, bu fəlakətin faciəsini yaşayan Mirzə Fətəli bütün bu proseslərə cəsarətlə öz müdrük münasibətini bildirmişdi.

Bütün Türk dünyasında mübariz materializmin əsasını qoyan Mirzə Fətəli Axundzadə yazmışdır: " Dünyada İnsan üçün ən böyük ləyaqət özündən sonra yaxşı ad qoyub getməkdir ki, bu da yalnız yaxşı əməllər sayəsində ola bilər ". Bununla mütəfəkkir sanki Özünü nəzərdə tutmuşdur.


MANŞET XƏBƏRLƏRİ