Azərbaycan dramaturgiyasının banisi, materialist Türk filosofu Mirzə Fətəli Axundovun fəlsəfi dünyagörüşü


MEDİA Agentliyi

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Aydın Mədətoğlu Qasımlı

Filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan və ümumən Türk dünyasının ədəbi, ictimai – siyasi və fəlsəfi fikir tarixində müstəsna rolu olan Mirzə Məhəmməd Tağı oğlu Mirzə Fətəli Axundzadə 12 iyul (30 iyun ) 1812 –ci ildə Nuxa ( indiki Şəki ) şəhərində anadan olmuş, himayəsində olduğu anasının əmisi Axund Ələskər onu mollaxanaya qoymuş, burada o, ərəb və fars dillərini mükəmməl öyrənmişdi.

1832-ci ildə Axund Hacı Ələskər, Mirzə Fətəlini Gəncəyə aparmış, burada o, məntiq və fiqh elmlərini, həmçinin dövrün tanınmış mütəfəkkiri, Azərbaycan Türkü Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdi. Mirzə Şəfi Vazehlə tanışlığı onun gələcək həyatına mühüm təsir göstərmiş, onun bir mütəfəkkir kimi yetişməsində önəmli rol oynamışdı.Bir il sonra Nuxaya qayıdan Mirzə Fətəli 1833 –cü ildə burada yeni açılan " Rus Məktəbi " ndə təhsilini davam etdirmiş, oranı bitirdikdən sonra 1834 – cü ildən ömrünün sonuna kimi Tiflisdə Rusiyanın Qafqaz Baş Dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi kimi fəaliyyət göstərmiş və polkovnik rütbəsinə qədər yüksəlmişdi.

Mirzə Fətəli 1842 – ci ildə anasının əmisi HacıAxund Ələskərin qızı Tuba xanımla evlənmiş, bu evlilikdən 13 övlad dünyaya gəlsə də onlardan yalnız ikisi – oğlu Rəşid bəy və qızı Nisə xanım sağ qalmışdı.

Mirzə Fətəli Axundzadə 10 mart ( 26 fevral ) 1878 –ci ildə Tiflisdə vəfat etmiş, orada da dəfn olunmuşdur.

Ana dili Türkcə ilə yanaşı ərəb, fars, rus və fransız dillərini mükəmməl bilən Mirzə Fətəli Axundzadə özünəqədərki dünya elm, mədəniyyət və fəlsəfə tarixini nəzərdən keçirmiş, onların arasındakı əlaqələri, oxşar və fərqli cəhətləri tədqiq edərək əsərlərində fəlsəfənin bu və ya digər məsələləri haqqında özünün orijinal fikirlərini irəli sürmüşdü. Filosof qədim Şərq, Yunanıstan və müsəlman Şərqinə aid dünyagörüşləri müqayisə edərək göstərmişdi ki, qədim Yunan filosofları qədim Misirlilərdən, Finikiyalılardan və Hindlilərdən, ərəbdilli filosoflar da öz növbəsində qədim Yunan filosofları Aristotel, Hippokrat, Qalen, Platon və başqalarından yararlanmışlar.

Filosofun fəlsəfi fikirləri əsasən onun "Hindistan şahzadəsi Kəmalüdövlənin İran şahzadəsi Cəmalüdövləyə ( farsca ) üç məktub " və " Cəmalüdövlənin ona ( (Türkcə ) cavabı" adlı fəlsəfi əsərində,həmçinin " Həkimi-İngilis Yuma cavab ", " Yek kəlmənin tənqidi " məktubları, " Babilik əqidələri ", " Mollayi Ruminin və onun təsnifinin babında " və s. əsərlərində öz əksini tapmışdır.

Elmi, maarifi tərəqqinin əsas amili hesab edən mütəfəkkir öz sosial – siyasi idealının həyata keçirilməsində insan ağlına böyük önəm vermiş və göstərmişdir ki : Dünyanın əsası maddidir. Təbiətin müxtəlif predmet və prosesləri vahid və hər şeyi əhatə edən əbədi və sonsuz maddi substansiyanın təzahürü, öz – özünün səbəbidir. Onun mövcud olması üçün heç bir təbiətüstü metafizik varlığa ehtiyacı yoxdur.

Filosof materialist dünyagörüşünü və substantiv fəlsəfi doktrinasını aşağıdakı kimi açıqlamışdır :

"Təbiətdə hər şeyin əsas səbəbi maddədir. Dünya maddidir və Kainat da maddədən yaranmışdır.Maddə orijinaldır və onun yaranması üçün başqa səbəbə ehtiyac olduğunu görmürəm. Mən, məkan və zaman obyektivliyini qəbul edirəm. Zaman və məkan obyektivdir, maddə isə onun aksesuarlarıdır. Təbiətdəki hər bir hərəkətin və dəyişikliyin Allahın iradəsinə uyğun olaraq həyata keçirildiyi doktrinasını rədd edirəm. Təbiət öz qanunlarına uyğun olaraq inkişaf edir. Bunda şans üçün bir yer yoxdur, bu da hər yerdə ciddi rifaha səbəb olur. Bilinç və ruh maddənin məhsuludur, maddə müstəqil olaraq yaşaya bilməz. Ruh, nə olursa olsun, bədənsiz, yəni bədən olmadan özünü ifadə edə bilməz, necə ki, ağlı da beyinsiz təsəvvür etmək olmaz. Bunun və sonrakı həyatın ölümsüzlüyünün dini doktrinasına isə qarşıyam " (Seçmələr bizimdir –A. M. Bax : Filosofskaya i sosioloqi- çeskaya mısl narodov SSSR v XIX v. Kratkiy oçerk istorii filosofii, Moskva 1971 ).

Hissi idrakın rolunu həlledici hesab edən filosof, idrak məsələsində materialist sensualizm mövqeyində olmuşdu. Materialist filosof, varlığın xüsusi qanunauyğunluqlar əsasında inkişaf etdiyini irəli sürmüş, Dünyanın Allah tərəfindən heçdən yaradılması fikrini qəbul etməmiş və göstərmişdir ki, Varlıq təkdir, yaradan da, yaranan da odur, o, özü – özünün səbəbidir. Bu Kainat bir vahid, qadir və kamil vücuddur, Əvvəl də, Axır da Odur. Nə Ondan qabaq başlanğıc olmuş, nə də Ondan sonra son olacaq. Zaman onun tələblərindən, Məkan isə keyfiyyətlərindəndir.

No description available.

Mirzə Fətəli Axundzadənin fəlsəfi irsinin ontoloji aspekti materialist və ateist, qneseoloji aspekti isərasionalist təmayüllü idi. Filosofa görə, Kainat əsasən hissəciklərdən ( atomlardan ) ibarət maddi substansiya, əvvəli və sonu olmayan kamil, bütöv və vahid varlıqdır. Zaman və Məkan onun zəruri atributlarıdır. Maddi varlıq olan Kainat daim hərəkətdədir, qanunauyğunluğa söykənir və bunların mövcudluğunda İlahi qüvvənin iştirakı yoxdur. Kainat həm yaradan, həm də yaradılandır.

Filosof, rasionalizmə əsaslanaraq maddi varlığın İnsan hissləri, ağlı və müxtəlif elmlər vasitəsilə dərkini təsdiq edirdi. Onun fəlsəfi dünyagörüşündə dialektika mexanistik baxışlarla birgə mövcuddur.

Kainatda qarşılıqlıəlaqə, asılılıq, səbəb və nəticə, hissə ilə tamın vəhdətini irəli sürən mütəfəkkir, hərəkəti yerdəyişmə və kəmiyyət dəyişikliyi kimi qəbul etmiş, zaman daxilində kəmiyyət dəyişikliklərini isə dairəvi hərəkət daxilində baş verdiyini irəli sürmüşdür. Filosof, yüksələn xətt üzrə inkişaf ideyasını qəbul etməmiş, fəlsəfi əsərlərində materializm və rasionalizmin şərhi və müdafiəsini idealizm, teologiya və aqnostisizm prinsiplərinin tənqidi ilə paralel şəkildə şərh etmişdir.

Filosof, Şərq və Azərbaycan fəlsəfəsinin Peripatetik, İşraqilik və Panteist ənənələrinin dini – mistik cəhətlərini qəbul etməmiş, materialist prinsiplərini isə qəbul etmişdi.

Azadlığı İnsanın təbii haqqı, İnsanın inkişafının zəruri şərti hesab edən filosof göstərir ki, hər bir fərd öz fikirlərini azad şəkildə söyləmək, təbliğ etmək, azad şəkildə yaşamaq hüququna malikdir. Mütəfəkkir İnsan azadlığı problemini İnsan hüquqlarının tam təmin edilməsi ilə əlaqələndirmiş və İnsan haqq və hüquqlarını tapdalayan quruluşların məhv edilməsini qəti şəkildə irəli sürmüşdü. O, azadlığın İnsana əzəli məxsusluğunu qəbul etmiş, azadfikirliliyi təbliğ etmiş, bəşəriyyətə azadlığı filosofların və alimlərin bəxş edəcəyinə inanmışdı.

(ardı var)


MANŞET XƏBƏRLƏRİ