Böyük Turanın yeni bayrağı qəbul edildi: ilginc mənaları – FOTOLAR


Türk Dövlətləri Təşkilatının (TDT) Bişkekdə keçirilən Dövlət Başçılarının 11-ci Zirvə görüşündə qurumun bayrağının qəbul olunması böyük maraqla qarşılanıb.

Türk Dövlətləri Təşkilatının yeni bayrağında təsvir edilən simvollarla bağlı maraqlı məlumatları təqdim edirik:

Mavi rəng

Bir çox xalqlarda göy (mavi) rəng əbədiyyət, sadiqlik rəmzi sayılır. Türk xalqlarında, o cümlədən Azərbaycan türklərində göy (mavi) rəng başqa mənalarla yanaşı, həm də sevincin, şadlığın, xoş xəbərin simvolu kimi qəbul edilir. Bu, bilavasitə göy rəngin öz adını Tanrı məkanı göydən alması ilə bağlıdır.

Əski türk mifoloji təsəvvüründə göy rəng Tanrı rəngi sayılır. Türklər göyə həm də Göytanrı deyirlər. “Oğuz xaqan” dastanında bildirilir ki, Oğuz xanın ordusunun önündə “göy tüklü, göy yeləkli qurd” gedir. Oğuzun iki xanımından biri Göydən Günəşin şüası ilə yerə enib. Bu xanımın da gözləri “göydən göy” rəngdədir. Yəni Tanrı Oğuza göndərdiyi bu qızın da gözlərinə öz rəngindən hopdurub.

Səkkizguşəli ulduz (Səlcuq ulduzu)

Səkkizguşəli ulduz türk və islam coğrafiyasında “Səlcuq ulduzu” kimi qəbul edilir. Qaraxanlılar dövründə də istifadə edilən bu ulduz daha çox Səlcuqlu Dövləti tərəfindən istifadə edilib və eyni mərkəz ətrafında bərabər məsafədə iki kvadrat yerləşdirməklə əldə edilir.

Picture background

Səlcuq ulduzu

Səkkizguşəli Səlcuq ulduzu qızıl nisbət kimi tanınan riyazi prinsipə əsaslanır və Səlcuq Dövlətinin riyaziyyat, həndəsə və simmetriyaya verdiyi əhəmiyyəti əks etdirir. Bundan başqa Səlcuq ulduzu türklərin tarixi, mədəni və bədii irsinin bir parçasıdır və öz keçmişlərinə bağlılığını ifadə etmək üçün istifadə olunur.

Səlcuq ulduzu hər şeydən əvvəl qüdrət və elmə verilən dəyər rəmzidir. Araşdırmalara görə, islamdan əvvəlki mədəniyyətlərdə səkkizguşəli ulduzlar və buna bənzər həndəsi naxışlar görünsə də, islamdan sonrakı dövlət rəmzləri və memarlıqlarında daha çox görülməyə başlayıb. Oxşar həndəsi motivlərin mənaları, ümumiyyətlə, islam inanc və fəlsəfəsinə uyğun şərh olunur. İslam inancında cənnətin səkkiz qapısı olduğu deyilir. Səkkizguşəli Səlcuq ulduzu həm də cənnət qapılarına işarə edir.

Səlcuq ulduzunun səkkiz küncünün hər birinin fərqli məna daşıdığı da deyilir. Buna görə də Səlcuq motivinin küncləri mərhəmət, şəfqət, səbir, dürüstlük, gizlilik, sədaqət, səxavət və minnətdarlığı ifadə edir.

40 şüalı Günəş

Günəş simvolu Hun, Qaraxanlı, Göytürk, Uyğur, Məmlük, Səlcuqlar, Ağqoyunlu, Elxanilər, Teymurilər tərəfindən istifadə edilib. Naxçıvan və İrəvan xanlıqlarının bayraqlarında da Günəş simvoluna rast gəlmək olar.

İrəvan bayrağı - YouTube

İrəvan xanlığının bayrağı

Hazırda sözügedən simvolun iki fərqli variantı Qazaxıstan və Qırğızıstan bayraqlarında var. Belə ki, Qazaxıstan bayrağının ortasında bir qızılı qartal, üzərində 32 şüalı günəş təsviri var. Bu iki simvol qazax xalqının müstəqilliyi və yüksək ideallarını təmsil edir.

Qırğız bayrağında isə 40 şüalı günəş təsviri var. Günəşin 40 şüası 40 qırğız tayfasını təmsil edir.

Aypara və səkkizguşəli ulduz

Ayparanın tarixi izahı barədə də bir çox versiya mövcuddur. Aypara və ulduzun türk xalqlarının dini-fəlsəfi dünyagörüşündə mühüm yeri var. Qədim türk dövlətlərinə məxsus sikkələrin üzərində ayparaya rast gəlinir. 1890-cı ildə Göytürklər, Uyğurlar və Türkeşlərə məxsus sikkələri araşdıran Edmond Drouin bunları “Turan sikkələri” adlandırmışdı.

TDT-nin əvvəlki və yeni bayrağı

Türk tarixində bir sıra dövlətlər – Göytürklər, Qəznəvilər, Səlcuqlar, Osmanlılar ay və ulduz nişanlarından istifadə ediblər. Bu sıraya Səfəviləri də aid etmək olar. Ay-ulduzlu bayraq bir sıra türk-islam dövlətlərində olduğu kimi, Səfəvilərdə də əsas atribut kimi qəbul edilib və ideoloji istinad amili rolunu oynayıb.

Mavi, qırmızı və yaşıl rəngdən ibarət olan və nəticə etibarilə türkçülüyü, müasirliyi və islam dininə mənsubluğu ifadə edən Azərbaycan Xalq Cümhuriyyəti bayrağında ay və ulduzun yer alması həm də minillərdən gələn ənənənin davamıdır. Bu ay-ulduz Türk Dövlətləri Təşkilatının bayrağına həkk olunaraq yeni bir məna qazanır.

Turan Rzayev
Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ