“Yavru Vətən”dən Can Azərbaycana!


Şimali Kipr Türk Cumhuriyyətinin qurucu lideri Rauf Denktaşın yardımçısı olmuş, hazırda ŞKTC-nin İqtisadiyyat və Energetika Nazirliyinin hüquq müşaviri, Doç.dr. Emete Gözügüzelli Azərbaycan – ŞKTC Parlamentlərarası Dostluq Qrupunun Başqanı Dr.Cavanşir Feyziyevə ünvanlı mətbuata açıq məktub yazmışdır. Məktubda Emete Gözügüzelli Şimali Kiprlə bağlı çoxşaxəli fəaliyyətinə görə dəyərli Cavanşir Feyziyevə səmimi minnətdarlığını bildirir:
Aşiq odur Haqqı sevə, Haqq dərdinə qıla dəva,
Bizim üçün xeyir-dua qılanlara salam olsun!
Dünyaya gələnlər gedər, əsla gəlməz yola gedər,
Bizim halımızdan xəbər soranlara salam olsun!
– deyən Yunus Əmrə yüz illərdir ki, bizi özünün, könlünün bir parçası bilənlərə salam söylər, dua edərdi.
Bu günlərdə “Yavru Vətən”imiz Şimali Kiprin qovuşduğu hürriyyəti, qazandığı istiqlalı Milli bayram kimi qeyd edirdik. Mücadiləmizin başında dayanan böyük liderimiz Rauf Raif Denktaşın bir həyat qayəsi vardı; dilində, qəlbində Kiprin adını anan kəsin yeri Rauf bəyin gözünün, könlünün üstündəydi.
Onun yoluyla yürüdüyümüz üçün, onun müqəddəs saydığı hər şey bu gün bizim üçün də müqəddəsdir. Bu gün də belədir, sabah da mütləq belə olacaqdır.
Bu mənada; “Ana Vətən” Türkiyədən sonra “Türk dünyasından başqa ailəsi olmadığını dünyaya bəyan edən” Can Azərbaycanın “Dəmir yumruq”lu prezidenti İlham Əliyev; Azərbaycan Respublikası Milli Məclisinin sədri çox hörmətli Sahibə xanım Qafarova və xüsusilə Milli Məclisin deputatı, Dr. Cavanşir Feyziyevin rəhbərliyində Azərbaycan Parlamentinin 5 aprel 2024-cü il tarixli qərarı ilə yaradılmış Azərbaycan – Şimali Kipr Türk Cümhuriyyəti Parlamentlərarası Dostluq Qrupunun misilsiz xidmətləri və dəstəyi ŞKTC üçün ölçüyəgəlməz dərəcədə böyükdür.
Hörmətli Cavanşir Feyziyevin Parlamentlərarası Dostluq Qrupunun yaradılması ilə bağlı çıxışında söylədiyi fikirlər sanki bütün dünyaya Kiprin haqq sədası kimi səslənir: “Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə parlament ölçüsündə rəsmi münasibətlərin yaranması doğrudan da tarixi hadisədir. Burada diqqət yetirilməli olan əsas məqam heç də sadəcə soy birliyimiz və etnik zəmində qohumluğumuz deyil. Əgər bu amilə əsaslansaq, təkcə Rusiya Federasiyası daxilində bir neçə muxtar respublika və ya vilayət statusunda tanınmış türk soylu rəsmi dövlət qurumları var. Amma onlarla Milli Məclis arasında ayrıca parlamentlər arası işçi qruplar yaradılmayıb. Kuzey Kıbrısla belə bir qarşılıqlı münasibətlərin yaradılması beynəlxalq siyasətdə ədalətin təmin olunması zərurətindən irəli gəlir.”
Mən ilk gəncliyimdən – ŞKTC Xarici İşlər Nazirliyində görəvdə olduğum vaxtdan hüquq sahəsində işlədiyim üçün beynəlxalq siyasətdə ədaləti təmin etməyin nə qədər çətin olduğunu çox yaxşı bilirəm. Bu çətin mərhələlərdə təkcə ideoloji müstəvidə fikrən deyil, fəaliyyəti ilə ürəyi bizimlə olan insanların hər biri Kipr türkləri üçün əsl qəhrəmandır.
Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun 4 ay ərzində “Yavru Vətən” üçün etdiyi misilsiz xidmətləri təhlil etdikcə, mübaliğəsiz deyə bilərik ki, dəyərli Cavanşir bəyəfəndi bizim əsl qəhrəmanlarımızdan biridir.
Apreldə Bakı-Şuşa-Xankəndində; may ayında Kiprdə keçirilən rəsmi görüşlərdə etdiyi rəsmi çıxışlar; iyun və iyul aylarında Lefkoşa və Girnədə qatıldığı elmi konfranslarda “Kıbrıs türk mədəniyyəti”nin təhlilinə həsr etdiyi elmi araşdırmaları dəyərli Cavanşir hocamızın Kipr haqqında zəngin və əhatəli bilgilərə sahib olduğunu göstərməkdədir. Təbii ki, təkcə siyasətçi olan birinin deyil, həm də Kipr türk mədəniyyətini, ədəbiyyatını, mətbuat tarixini, Kiprin tarixi varlığının dünənini və bu gününü dərindən bilən hörmətli başqanın sabahımız və gələcəyimiz üçün ideoloji müstəvidə aparacağı mücadilə bizim üçün çox qiymətlidir. Və əminliklə söyləyə bilərik ki, bu, Azərbaycan ilə Şimali Kipr arasında ictimai-siyasi-mədəni əlaqələrin daha da dərinləşməsi üçün təkan olacaqdır.
Bu günlərdə Dr.Cavanşir Feyziyevin Kipr Barış Hərəkatının 50-ci ildönümünə həsr etdiyi yazılarını oxuyanda ilk olaraq elə bir qənaətə gəldim ki, bizi ancaq bizdən olan, öz içimizdən olan bir insan bu həssaslıqla anlaya bilər. “Bir zamanlar Kipr” filmi ilə ekranlara gətirilən Kipr Barış hərəkatını tarixin qovuşuğunda ekranlaşan hadisələrin fonunda təhlil edən Cavanşir hocamızın Kiprin Mutlu Barış hərəkatı ilə qazandığı tarixi zəfərini Qarabağ zəfəri kimi, Çanaqqala zəfəri kimi doğma qələbə hesab etməsi, Dr. Fazıl Küçük və Rauf Denktaşı rəhmətlə yad etməsi məni çox duyğulandırdı. Kıbrıs barış hərəkatının ilk şəhidlərindən olan Cengiz bəyin xatirəsinə həsr etdiyim “Hava pilotu kapitan Cengiz Topel”, “Kipr: sülhün kölgəsində psixoloji savaş”, “Kiprdə hüquqi koloniya prosesi və transformasiya”, “ Qarantiyalar və Avropanın Kipr – Krit oxu ilə bağlı mövqeyi” əsərlərimdə qələmə almaq istədiklərimi, “Yavru Vətən”ə olan nəhayətsiz sevgimi, bəlkə də bütünlüklə özümü, dilə gətirmək istədiklərimi dəyərli Cavanşir bəyin çıxışlarında və yazılarında tapdım.
Və mətbuata açıq məktubla ona müraciət edərək: “Can Azərbaycanın candan əziz insanı! Siz köksünüzdə ürək yerinə almaz mı daşıyırsınız?!” – deyə cavabını bildiyim sualla ona müraciət etmək istədim. Sizi tanıdığım üçün çox məmnun oldum, hörmətli Cavanşir bəyəfəndi! “Yavru Vətən”imiz üçün çəkdiyiniz zəhmətlərinizi və haqqınızı bizə halal edin!
Həmişə üç bayraq – bir millət – bir ürək! – olmağımız diləyiylə!
Sonsuz sayğı və salamlarla!
Doç.dr. Emete Gözügüzelli


MANŞET XƏBƏRLƏRİ