Türkiyə Səfirliyinin Dini İşlər Üzrə Müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla Bakı şəhəri Şəhidlər məscidində bütün şəhidlərimizin ruhuna ithafən Qurani-Kərim ziyafəti təşkil olunub.
Turkustanı.az-ın məlumatına göə, tədbiri giriş sözü ilə Türkiyə Səfirliyinin Dini İşlər üzrə müşaviri İhsan Açık açıq elan edib. O öz çıxışında Quran ziyafətinin şəhidlərə vəfa olduğunu və onları unutmadığımızın nümunəsi olduğunu qeyd edib. O, 1992-ci il Fevral ayının 25-dən 26-a keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımında şəhid olan soydaşlarımızı rəhmətlə anıb. Tədbirdə Xocalı şəhidlərinin ruhuna Qurani-Kərimdən ayələr tilavət olunacağını qeyd edib. Artıq 4 ildir ki şəhidlərimizi qalib bir xalq kimi anmağın da qürurlu bir hiss olduğunu vurğulayıb. Dünyada şəhid olan müsəlmanlara Allahdan rəhmət diləyib. Natiq öz çıxışında Qafqaz İslam Ordusu şəhidlərini, Qarabağ şəhidlərini, Xocalı şəhidlərini, 20 yanvar şəhidlərini, 44 günlük Vətən Müharibəsi şəhidlərini rəhmətlə anaraq artıq yeddinci Quran ziyafətinin keçirildiyini və bu gözəl ənənənin davam edəcəyini vurğulayıb. Tədbirdə iştirak edən edən şəhid ana və atalarını, qardaş və bacılarını salamlayıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə öz çıxışında tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və bütün şəhidlərə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyib. Xocalı soyqırımına diqqət çəkib və bütün İslam dünyasında axan qanların dayanmasını təmənni edib. Dünyada hər zaman sülh və əminamanlıq olmasını arzulayıb.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Şəhidlər məscidinin imamı Mirzahid Qənbərov öz çıxışında tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib. Xətm proqramının əhəmiyyətindən danışıb. Şəhidlərə rəhmət, qazilərimizə şəfalar diləyib. Bütün şəhid ailələrinə Allahdan səbir diləyib və bu kimi tədbirlərin davamlı olmasını arzulayıb.
Tədbirdə çıxış edən qardaş Türkiyədən təşrif buyurmuş Diyanət İşləri Başqanlığı Həcc və Ümrə Xidmətləri Baş İdarəsinin müdiri Remzi Bircan proqramın əhəmiyyətindən danışıb. Dəvət üçün təşkilatçılara təşəkkür edib və davamlı olmasını arzulayıb. Anım proqramının Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının ildönümü gününə təsadüf etdiyinə diqqət çəkib. Həyata keçirilən bu kimi fəaliyyətlərin şəhidlərimizə hörmət və diqqətin nəticəsi olduğunu qeyd edib.
Rəsmi çıxışlardan sonra Bakı şəhər Nərimanov Cümə məscidinin imam müavini Hafiz Sənan Quliyev, Şəki Mərkəzi Cümə məscidinin imam müavini Tural Məmmədov, Heydər Məscidinin imam müavini Abdullah Umudov və Sadiq Ramizoğlu öz gözəl Qurani-Kərim qiraətləri ilə Qurani-Kərim ziyafətinə öz töhfələrini veriblər. Bütün qiraətlərdən sonra məscid imamları tərəfindən oxunan ayələrin Azərbaycan dilində məali tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra Şəki Mərkəzi Cümə məscidinin imam müavini Tural Məmmədov və məşhur Naci Bülbülün ifasında qəsidələr dinlənilib.
Diyanət İşləri Başqanlığı Həcc və Ümrə Xidmətləri Baş İdarəsinin müdiri Remzi Bircan tərəfindən bütün şəhidlərimizin ruhuna dualar edilib.
Tədbir iştirakçılarına şəhidlərimiz adına ehsan süfrəsi açılıb.