Səmavi qurdun torunları


Elxan Zal Qaraxan

(Elxan Zal Qaraxanın yeni yazdığı “Romanın Turan tarixi” əsərindən

Romalılar onları Etrusci, Tusci, tirren, yunanlar Τυρσηνοί, Τυρρηνοί adlandırırdı. Lesboslu Gelanikin məlumatına görə isə etrusk­lar özlərini Rasena adlandırırdılar. Etrusk mətnlərində Rasena ilə yanaşı rasna ifadəsinə də rast gəlinir. Elm adamları ara­sında Rasena kəlməsinin əslində Arsenadan törədiyi də bildirənlər var. (A. Trombetti, F. Ağasıoğlu). Etrusklar barədə mə­lu­mat verən ək­sər antik müəlliflər onların Apenninə gəlmə ol­du­qlarını, bu ərazilərə bir xalq olaraq köç etdiklərini söyləyirlər. Tarixi təcrübə gös­tərir ki, belə “xalqlar köçünün” məkanı və istiqaməti təsadüfi se­çil­mir, adətən böyük köç zamanı qohum xalqların yaşadığı əra­zilərə üstünlük verilir, əks halda bu əraziləri zəbt edilən xalqlarla ölüm-dirim savaşına gətirib çıxarardı və onlardan birinin məhv olması ilə nəticələnərdi; etruskların Apenninə köçü ilə bağlı bütün mənbələrdə belə məlumata rast gəlinmir. Tutduqları ərazilərdə yerli əhalini ucdantutma məhv edən yunan tayfalarından fərqli olaraq, etruskların əsrlərlə hegemonluq etdiyi ərazilərdə yerli italik xalqlar, o cümlədən latınlar da yaşayışlarını sürdürmüşlər, yəni etrusklar da digər türk xalqları kimi başqa xalqlara qarşı soyqırım siyasəti yürütmürdülər. Yunan işğalından öncə Pelasgiya adlanan Elladada isə pelasq əhalisindən yalnız mifə çevrilən xatirələr qalmışdır.

Öncə qeyd etdiyimiz kimi, bir çox antik müəlliflər köçəri ad­lan­dır­dıqları pelasklarla etruskları qohum xalqlar sayırdılar. Et­rusklar Apen­nin yarımadasına köç edib dövlət qurduqdan sonra yunanlar tərəfindən torpaqlarından qovulan və Apennində məskunlaşan pelask tayfaları etrusk tayfalar birliyinə daxil olmuş, 12 bəylik sistemində öz yerlərini tutmuşlar.

Etruskların mənşəyinə gəlincə, bu məsələdə araşdırmaçılar arasında heç zaman vahid bir fikir olmayıb. Antik müəlliflərin etrusk cəmiyyətinin strukturu barədə müasir anlamda heç bir anlayışları yoxdur, biz bunu onların etrusklar barədə verdiyi məlumatlardan bilirik, yeni dövrün alimlərinə və yazarlarına gəlincə isə onlar bununla bağlı coxsaylı fərziyyələr və nəzəriyyələr irəli sürmüşlər. “Şimal nəzərriyasinin” müəllifi N. Frere etruskların Kiçik Asiyadan gəlmələrini az inandırıcı sayır, Şimali İtaliyanın Alp hövzəsi tayfaları olan retlərdən olduqlarını bildirirdi. B. Nibur şimal nəzəriyyəsini müdafiə etməklə bərabər tirrenləri və etruskları (tuskları) iki ayrı xalq sayırdı. Onun fikrincə tirrenlər qədim zamanlardan Tibr və Arno çayları arasında yaşamış, Şimali İtaliyadan gələn etruskların tirrenlərə və umblara qalib gələrək 12 şəhər birliyinin qurucuları olduqlarını bildirirdi. K. Müller pelasklarla eyniləşdirdiyi tirenlərin Anadoludan (Lidiyadan) İtaliyanın Tarkviniya rayonuna gəldiklərini, burada retlərlə birləşərək etrusk etnosunu əmələ gətirdiklərini ehtimal edirdi. Belə demək olar ki, etruskların mənşəyi ilə bağlı fərziyə və ehtimalların sayı elə onları bildirənlərin sayı qədərdir. Öz tərəfimizdən onu da əlavə edək ki, Türkiyə alimi Adilə Ayda et­rusk­ların əcdadlarını saklara və iskitlərə, azərbaycanlı alim alim Çingiz Qaraşarlı kim­mer­lərə, ingilis İsaak Taylor qədim tür­k­lə­rə aid edir.

Etruskların İta­li­ya­ya köç etdikləri dövrdə, Lidiyada, Anadoluda və ümumən Mi­di­yadan başlayaraq bütün yaxın Şərqdə iskitlərin və kimmerlərin he­gemonluq zamanları idi və Roma tarixçisi P. Melanın (I əsr) məlumatına görə iskit xalqları arasında türk adlı tayfa da vardı, yəni etruskların türk mənşəli olduqlarını iddia etmək yalnız patriotik duyğulardan deyil, həm də elmi bilgilərdən qaynaqlanır.

Alman alimi Vilhelm Brandenşteyn də etruskları Mərkəzi Azi­ya kö­kənli sayır, yəni onları köçəri sivilizasiyaya aid edir. O, II Türk Ta­rix Konqresindəki məruzəsində onların mənşələri ilə bağlı maraqlı mülahizələr ortaya qoyur: “Etrusklar namə­lum sə­bəb­lər­dən buradan (Orta Asiyadan) Anadoluya gəldilər. Onlar III mi­nilliyin sonlarına doğru buraya gələrək Qara dənizin şərq sahil­lə­ri­nə çəkildilər. Təxminən II minilliyin əvvəlində, yə­ni o dövrdə Hett­lərin Anadoluya girməsi ilə bağlı baş vermiş xalq­lar köçü ilə əla­qədardır. Əslində etrusklar qərbə, təxminən in­diki Samsun ətra­fı­na gəldilər və bir-iki əsr sonra buranı tərk et­məyə məcbur oldular. Onlar köçlərini qərbə doğru davam et­di­rə­rək Anadolunun qərb sa­hil­lərində məskunlaşdılar. Bir-iki əsr son­ra yeni hadisələr etruskları buranı da tərk etməyə məcbur etdi. Bu hərəkət zaman baxımından Hittit İmperatorluğunun da­ğıl­ması ilə bağlı olmalı idi. Etrüsklər qər­bə doğru köç etməyə da­vam edirdilər”.

Bu gün əldə olan materiallardan çıxış edərək cəsarətlə demək olar ki, etruskların Apennində saldıqları ilk şəhər Tarkonun başçılığı ilə salınan Tarkviniyadır, Etrusk dövlətində hakim zümrə isə “Tarkue”-Tarklar tayfası idi və dövləti əmələ gətirən 12 şəhərdən biri Tarkviniya, etruskca Tar­knı ad­lanırdı. Şəhər - dövlətlərin və Federasiyanın dini-siyasi baş­çıları olan Lukumonlar (Ulukamlar) da yalnız bu zümrənin içərisindən çı­xır­dı. Antik dövrün bö­yük şairi Ver­gi­lius məşhur “Eneida” əsərində etruskları prins Ene­yin başçılığı al­tın­da Troyadan köç edənlərin xələfləri kimi təq­dim edir. “Enei­da” da Tarchon prins Eneyin əshabələrindən biridir. (Vergili. Aeneid. X. 290–300). Etruskların və romalıların Eney və Troya ilə bağlılıqları barədə Vergilidən başqa digər antik müəl­lif­lərin yazılarında da etruskların və Roma şəhərinin təməlini qoyanların troyalılar və Eneylə bağlı məlumatlara rast gə­li­nir. Bizim üçün bu məlumatların ən maraqlılarından biri Orta əsr­lər­də, 1222–25-ci illərdə Skandina­vi­ya miflərini qələmə alan İslan­di­yalı Snorri Sturluson yazılı mən­bə­lərdə ilk dəfə olaraq et­rusk­ların Apennin yarımadasına köç etdik­lə­rini, Troya şəhərini Türk ölkəsi adlandırması və dövlətin, yəni Troyanın 12 kiçik döv­lətlərdən təşkil olun­­duğunu qeyd etməsidir. Bunu köçəri sivilizasiyaları araşdırdığımız zaman sıx-sıx qarşılaşdığımız, hər birinin müstəqil bəyi olan 12 tayfanın birliyi kimi də anlamaq olar. Biz S. Sturlusonun “Kiçik Edda” əsə­rin­dən öyrə­ni­rik ki: “Yerin mərkəzinə yaxın böyük şöhrət qa­zan­mış şəhər in­şa edilmişdi. O, həmin zamanlar Troya adlanırdı, indi Türklər öl­kəsi (Turkland) adlanır... Orada 12 dövlət və bir ali rəhbər vardı. Hər dövlət geniş torpaq ərazilərinə malik idi. Troyada 12 idarəedici hakim hökm edirdi. Bu hakimlər insana məxsus xü­su­siy­yət­lərə görə Yer üzərində nə zamansa yaşamış insanlardan çox üs­tün idilər”. Hansısa qədim qaynağa söykənən S. Sturluson bu ərazini Turk­land -Türklər ölkəsi adlandırır və Skandinaviya allahları Asların bu soy­dan olduqlarını bildirir. O, Skandinaviya panteonunun baş­çısı Odi­nin Troyadan köç edərək şimala gəldikdən sonra orada türklərə uyğun qa­nun­lar (törə­lər) tətbiq etdiyini qeyd edir. S. Sturlusonun məlu­matına görə, Turk­­lan­dın, yəni türklər ölkəsinin nümayəndəsi Odin skandina­vi­ya­lı­ların tanrısı səviyyəsinə yüksəldikdən sonra ora­da yeni qanunlar qoydu: “O, orada, Troyada mövcud olan qa­nun­lar tətbiq etdi. O, şəhərdə hökm etmək üçün 12 hakim təyin etdi, əvvəllər Troyada ol­duğu kimi, türklər üçün məqbul olan qanunlar qoydu”. Yəni XII əsrdə yaşamış island keşişi Snorri Sturluson üçün Asqardda tanrı səviyyəsinə yüksəldilənlərin troyalı və türk mənşəli olduları, yaşadıqları Asqard şəhərində türk qanunlarının hakim ol­­ma­sı qəbul olunmuş məsələdir, onun bununla bağlı heç bir şüb­həsi yox­dur. Biz onun bu məlumatı yazarkən hansı qay­naq­lara dayan­dı­ğı­nı bilmirik, amma yaxşı bilirik ki, onun qələmə aldığı kitablar çağ­daş Qərb ədəbiyyatı və kinosunun təbliğ etdiyi mifologiyanın ana sütununu təşkil edir. Çağdaş Qərb ədəbiyyatı və Hollivud film­lə­rinin əsas aparıcı süjetləri Aslar və Asqard ba­rə­dədir. Bu əsər­lər­də yalnız Asqard tanrılarının Troya və türk­lər­lə bağlılığı məsələsi qa­bardılmır. Bir maraqlı məqam da budur ki, Skandinaviya panteo­nu­nun başçısı Odinin babasının adı Bu­ri­dir. Buri qədim türk dilin­də qurd, canavar deməkdir, yəni Odin də etrusk tarkları və türklər kimi Qurd nəslindəndir. Türk və ger­man runik yazılarının heyrətamiz oxşarlığı da onların hər iki­si­nin eyni bir kökdən qaynaqlandığını göstərir.

S. Sturlusonun fikirləri ilə oxşar fikirlərə biz görkəmli İsveç alimi Sven Lagerbringin 4 cil­­d­lik “Svea Rikes Historia” – İsveç reyxinin tarixi (1769–83) əsə­rində də rast gəlirik. Qədimdən Orta əsrlərə qədər İsveç ta­ri­xi­ni yazan müəl­lif, Odin və yanındakıların türk mənşəli olduğunu söy­lə­yir: “Qədim rəvayətlərimizdə deyilir ki, qədim İsveç dilini Odin (Oden, Voden) gətirib. Oden, Hervarar saqasının birinci hissəsində Tirkiar (türklər) və Asiemaen (Asiyalılar, Asiyalı adamlar) kimi təqdim edilən böyük bir kütlənin lideri idi. Are Frode də eyni rəvayəti qeyd edir, burada göstərilən nəsil səcərəsində Odenin oğlunun adının Yngve Tirkia Kongr olduğunu söyləyir. Sturlessonun Ynglinge saqasının V fəslində Odinin çoxlu mülkləri olduğunu bildirir və Turklanddan başlayan yolçuluğunu ətraflı izah edir. Onun yazdığına görə, Türklər uzun müddət Xəzər dənizinin və Qafqaz dağlarının şimalında geniş torpaqlara sahib olublar. “Asların (asiyalılar) harada yaşadığını sənədləşdirməyə ehtiyac yoxdur. Ptelemaeus (Ptolemey) onları Don (Tanais) çayının şərqində, bu bölgələrdə yerləşdirir. Sturlesson da bunu təsdiqləyir. Onun Oden və doğulduğu yer haqqında Latın yazıçılarından məlumat aldığını göstərən heç bir sənəd yoxdur. Bütün türklər bir çox digər qohum xalqlar kimi köçəri idilər. Çox güman ki, buna görə də onları “gəzərgə – köçəri” mənasını verən ibranicə scut (lat. vaqari) sözündən çıxış edərək Skyther (iskitlər) adlandırıblar. Bütün ölkəni yunanlar və romalılar Scythia adlandırırdılar” ….

Etruskların mənşəyindən söhbət düşərkən Tark və Tarkon adlarından danışmamaq mümkün deyil. Vergilinin “Eneida”sından bildiyimiz kimi, Troyanı tərk etdikdən sonra Eneyin əs­ha­bələri arasında Tarkon adlı bir qəhrəman olub və o Eneylə bərabər yeni vətən torpaqlarının ram edilməsində əsas iştirakçılardandır və tanrıça Herkle ilə bərabər etruskların əcdadlarından hesab olunur. “Tarkue” və “Tar­kon” məvhumlarının antik zamanlardan bu yana etrusk möv­zu­sun­dan bəhs edən müəlliflərin düşüncələrini həmişə məşğul et­diyi də yaxşı məlumdur. Bu ter­minin varlığının özü belə ondan bəhs edən müəl­liflər üçün həmişə müəm­ma xarakteri daşıyıb. İtalyalı Z. Mayane “Etrusklar da­nış­mağa başla­yır” kitabında yazır: “Beləliklə, özlərini rasena (ar­sena) adlandıran “turşalar” ilk dəfə İtaliyada e. ə. VIII–IX əsr­lər­də göründülər və Anadolu sivilizasiyası ilə bağlı bür çox yeni elementlər gətirdilər. Bunlar rituallar və məzar arxitekturası, incəsənətdə yeni motivlər, Şərq dəbdəbəsi, həmçinin yaranması yalnız ticari əlaqələrlə izahı müm­kün olmayan “Tarkon” adıdır”. Antik müəlliflərin məlumatlarında və tapılmış yazı nümu­nə­lə­rin­­də qeyd olunan etrusk əsilzadələrinin və hökmdarlarının ək­sə­riy­­yə­ti­nin adlarının və titullarının tərkibində “Tarkue” və “Tar­kon” kom­po­nentləri var. Etruriyanın kahin başçıları Lukumunlar (Ulukamlar) da “Tarkue” və “Tarkon” larla sıx bağlı idilər.

Etrusk cəmiyyətinin bütün sahələrində (dini, siyasi və məhkə­mə) ha­­kim olan Lukumonlar Mağaraya bənzər sakral sim­vo­lun-Mun­dusun qoruyucuları idilər və dini ayinlər zamanı baş­la­rına Qur­du simvolizə edən papaq qoyurdular. Rəsmlərdə və freskalarda etrusk tanrısı olan Ayta da Qurd skalpı şəklində baş geyimi ilə təsvir olu­nur. Bir məzar freskasında Ayta ilə cütlük təşkil edən Fersu (bəzi mətnlərdə o Fersifay kimi göstərilir və Aytanın qadını kimi təqdim olu­nur) Qurdla bir yerdə təsvir olunur. Sonralar romalıların etrusk­lar­dan əxz etdikləri, hər il fevralın 14 - də keçirilən Lupakali ad­lan­dır­dıqları bayram törənləri də Qurdun şərəfinə düzənlənirdi. (Lupa la­tınca Qurd deməkdir). Bu bayramda təşkil olunan lupus-hirkus (qurd-keçi) oyunları bu gün də bir çox türk xalqları tərəfindən keçi­ri­lən gögpar (gögbörü) oyunları ilə eyniyyət təşkil edir. Qurd Etruriyada müqəddəs varlıq sayılırdı və etrusklar Qurdun şərəfinə heykəl də ucaltmışdılar. Romalılar Veya şəhərini işğal edəndən sonra bu heykəli Romaya apardılar və indi Kapitoli təpəsindəki məşhur “Əmiz­dirən Qurd” heykəli həmin heykəldir. Romalılar oraya sadə­cə qurdun döşlərini əmən iki uşaq heykəlciyi (Romul və Remel) əlavə etmişlər.

Bu komponentlərdən - etruskların özlərini “Arsena” adlandır­ma­­sın­dan, özünü arsena adlandıran xalqa Tarkların rəhbərlik et­mə­sindən, əcdadlar mağarası Mundus və Qurd simvollarına mü­qəd­dəs münasibətdən çıxış edərək, biz dünya xalqları və mədə­niy­yətləri arasında bunlarla uyğunluqlar aramağa çalışdıq. Əldə olan yazılı mətnlərdən çıxan məlumatları tutuşdurduqda önü­mü­zə belə bir gerçəklik çıxır: Apennin yarımadasından çox-çox uzaq­da, Uzaq Şərqdə, Altay dağları çevrəsində Aşina boyundan olan və özlərini Türklər (göytürklər) ad­landıran bir xalqın qurduğu dövlət olub, onların hakim sülaləsi Aşina-Arsina adlanıb və bu dövlətdə də Qurd və Əcdad Mağarası kultu müqəddəs sayılıb.

Böyük Türk kağanlığı adlanan və tarixə öz dərin damğasını vu­ran bu dövlət dünya səhnəsinə etruskların Apennində “qeyb ol­masından” bir neçə əsr sonra, V əsrdə ortaya çıxıb. Onlardan mi­ras qalan yazılı abidələrdən görürük ki, bu dövləti quran xalq özünü Türk (bəzən də “türk-sir”) adlandırıb. Özünəməxsus əlifbası olan bu xalq özündən sonra yazılı mətnlər qoyub və əsasən daş lövhələr üzərində qalmış bu mətnlərdə türk məvhumuna dəfə­lər­lə rast gəlinsə də, çox qəribədir ki, hakim sülalə olan Aşina adına hələlik rast gəlinmir.

Amma Aşina adına biz Daş Kitabələrdə olmasa da, Çin səlnamələ­rin­də qeydə alınan Dişi Qurdla bağlı iki əfsanədə rast gəlirik. Nə antik müəlliflər, nə də Çin mənbələri Arsena\Asena etnikonunun etimo­lo­gi­ya­sı ilə bağlı heç bir məlumat verməmişlər. Türk runik yazıla­rında isə hakim zümrə türktürk-sir adlandırılır. Çin səl­na­mə­lə­rindən başqa Aşina adına türk xaqanı Taspar xanın şərəfinə ya­zıl­mış soqdi dilli bir məzar yazısında da rast gəlinir. Bu, daş abi­də üzərində həmçinin Qurd təsviri də var.

ABŞ alimi Kristofer Berkvis (Christopher Beckwith) VI əsr Bizans (Şərqi Roma) müəllifi Me­nand­rın bir mətnində Arsila (Άρσιλας) ifadəsinin işləndiyini və onun türk sülalə adı Aşina\Arsinanın təhrif forması olduğunu bildirir. Menandr burada Bizans imperatorunun səfiri Valentinin türk şah­za­dəsi Türksanfın (Yabgu kağan İsteminin oğlu) ordugahına sə­fə­rini təsvir edir.

Qədim Çin mənbələrində də Böyük Türk Xaqanlığını və ya Göy Türklər dövlətini qurmuş sülaləni Aşina adlandırırlar. Çin sülalə xronikası “Suy şu” (Suīshū) onlar barədə yazır: “Tuç­züe” lər Pinlanın qarışıq “xu”larıdır. Onların soy adı Aşi­na­dır. Şimali Vey imperatoru Tay U-di Tsüy-süyü məhv edəndə (439 il) Aşina, (tayfanın başçısı) 500 ailə ilə jujuların (juan-juan­lar) yanına qaçdı. Onlar, (Aşina boyu) nəsildən-nəslə Çinşan (Altay) dağlarının yanında yaşadılar və dəmir emalı ilə məşğul oldular. “Syu-şu” nun bu mə­lu­matından aydın görünür ki, türk (aşina) xalqının tarixi Çinin Şi­malında 1000 ildən artıq bir dövrdə varlığını sürdürmüş Hiong-nu (Hun) dövləti ilə sıx bağlıdır (e. ə. 308–460). Hunlar və Hun dövləti, onların fəaliyyət göstərdiyi areal barə­də Çin sülalələrinin səlnamələrində xeyli məlumatlar var, Türk­lə­rə gəlincə isə, onların Xaqanlığın qurulmasından öncə olan ta­ri­xləri ilə bağlı yazılı mətnlərdə bir neçə əfsanə qalıb və ya on­la­rı yaxşı axtarmayıblar. Qədim türklərin tarixini rekonstruksiya et­məyə çalışan araşdırmaçılar da əsasən bu əfsanələrdən çıxış edir­lər. Əfsanələrin nə vaxt, hansı məkanda yaranması ilə bağlı isə hələlik yazılı bəlgə yoxdur, bütün bilgilər çoxməchullu teoremi xatırladan dumanlı mülahizələr şəklindədir və biz bu məchular tapmaq üçün qədim Çin mətnlərinə müraciət edirik.

Qədim Çin səlnaməsi “Suy şu” nun müəllifi oxucularına “aşina” və “türk” (“tuçzüe”) anlayışlarını omonim sözlər kimi təqdim edir: - “on­la­rın (türklərin) soy adı Aşinadır”. Yəni müəllif özü üçün yəqin edib ki, türk xalqı “aşina” soyu ətrafında formalaşıb, o bu məlumatı türklərin özlərindən alıb. Bizim araş­dır­dığımız mövzu - etrusk-prototürk əlaqələri mövzusu üçün də Aşina kəlməsinin etimologiyası böyük əhəmiyyət kəsb edir, çünki bu etnonim bizə Altay dağlarından və Çindən çox-çox uzaqlarda dövlət qurmuş, özlərini Arsina adlandıran etruskları xatırladır. Bu­na görə onun üzərində bir az geniş dayanmağa dəyər.

Çin səlnamələri “Bey şu” və “Suy şu” da verilən bir əfsanəyə gö­rə, Qərb dənizinin (Sixay) sağ sahilində düşmənlər tərəfindən məhv edilən türklərdən yalnız bir uşaq salamat qalır. Əl-ayaqları kəsilmiş bu uşağı xilas edən bir dişi qurd onu uzaq dağlardakı mağaraya aparır, o böyüyəndən sonra isə ondan on uşaq doğur. Aşi­na bu uşaqlardan biridir. Əfsanə Daoçu və buddist düşüncəsindən çıxış edən bir çinli inlektual tərəfindən qələmə alınıb və bu məlumatda rasionallıq axtarmaq çətindir. Qədim Çin ənənəsində Xəzər və Aral dənizləri Qərb dənizi adlanırdı, Səlnamədə təqdim edilən əfsanədə söhbət adı və ya totemi Qurdla bağlı olan bir xalqın (tayfanın) düşmənlər tərəfindən soyqırıma uğradılan digər xalqı xilas edib öz içinə almasından da gedə bilərdi. Sonda soyqırıma uğramış xalqın sağ qalan nümayəndələri artıb böyürərək uruk oldu və Aşina\Arşina adını aldı.

Ümumən, Aşina (türk) tayfasının tarixini rekonstruksiya edər­kən elmdə kök salmış ənənəvi baxışlardan imtina etmək gərək­li­yi yaranır, çünki bu gün hakim olan baxışlara görə, Türk xa­qan­lı­ğının yarandığı ərazi, türk adlı etnosun tarix səhnəsinə çıxışı yalnız Altay, Cənubi Sibir və Monqolustanla bağlanır. Türklərin so­sial təşkilinin spesifik xüsusiyyətləri və türk toplumunun mə­də­ni ənənələri yalnız bu regionun hüdudlarında təqdim olunur. Am­ma Roma müəllifi Pomponius Mela b. e. I əsrində türklərin Şərqi Av­ro­­pada iskitlərlə, savromatlar və sarmatlarla yanaşı yaşayan bir xalq olduğunu yazır (Мела I, 19, 116). İskitlər arasında yaşayan tay­falar içində türk adlı tayfanın olması barədə digər antik müəl­lif­lər də yazıblar, bunu ciddi alimlərin demək olar ki, hamısı oxuyub, sadəcə məsələni müəyyən səbəblər üzündən kölgədə saxlamağı üstün tutublar. Herodotun mətnlərində Türk etnonimi yirk (Herodot, IV, 22), Pliniusda Tirk kimi qeyd olunub (Plinius, VI, 19). M. İ. Şafarik, E. Eyxvald, İ. Pototski, A. German, Z. İ. Yampols­ki, A. Krımski kimi görkəmli tədqiqatçılar Herodot və Pliniusun əsərlə­rin­də qeyd olunan yirk və tirk etnonimlərinin əlyazmaçılar (mir­zə­lər) tərəfindən təhrif olunmuş turk\türk etnonimi olduğunu bil­di­rir­lər. Fəqət türk adlı xalqın ilk dəfə b. e. VI əsrində Uzaq Şərqdə tarix meydanına çıxması barədə xəbərlər bir elmi doqma olaraq kitabdan-kitaba, monoqrafiyadan-monoqrafiyaya köç edir.

Yazılı mətnlərdə romalıların etrusklardan əxz etdiyi və Çin səl­namələri “Bey şu” və “Suy şu” da verilən əhvalata bənzəyən əf­sanənin müxtəlif variantları Roma səlnamələrində də öz əksini tapıb. (məs. Titus Livius. "Ab urbe condita", I, 6). Roma əhvalatının mahiyyəti odur ki, troyalı Eneyin nəslindən olan Reya Silvia savaş tanrısı Marsdan (bəzi mənbələrdən qurdbaşlı tanrı Luperkus) Romul və Rem adlı əkiz uşaqlar doğur. Reya Silviyanın əmisi, alban kralı Amelius əkiz­­ləri bir səbətə qoydurub Tibr çayına atdırır. Yəqin ki, o zamanlar Alban krallığında (İtaliya) Çində olduğu kimi körpələrin əi-ayağını kəsmək adəti yox imiş. Axının sahilə çı­xar­t­dığı səbəti bir dişi qurd və ağacdələn uşaqların tanrı atasının əmri ilə tapıb xilas edirlər. Qurd uşaqları Lu­perkal (qurd) mağarasına aparır və onları əmizdirir, ağacdələn isə qoruyur. Sonra əkizləri tapan bir çoban onları öz evinə apapır və onun arvadı Akka Lorensiya Romul və Remili digər on öv­la­dı ilə bir yerdə böyüdür. Bu on iki qardaş gələcəkdə Romanın əsasını qoyurlar.

Göründüyü kimi, romalıların etrusklardan (arsinalardan) əxz etdiyi bu əfsanədə də xalqın əcdadı kimi Qurd (burada Mars və ya onun ipostazı Qurd başlı Luperkus) göstərilir. Onu Çin səl­na­mə­sindəki əhvəlatdan fərqləndirən əsas cəhət odur ki, burada do­ğu­ran fövqəlqüvvə erkək Qurd-tanrıdır, dişi Qurd yalnız əmiz­dir­mə və qoruma funksiyası daşıyır. Çin səlnaməsindəki əfsanədə isə Dişi Qurd xilas etdiyi oğlandan on uşaq doğur, amma məntiqlə 12 olmalıydı.

Türk xalqlarının buna bənzər başqa bir əfsanəsi də var. Uyğurların qələmə aldığı bir əfsanədə Hun prinsesi Qurddan və ya Qurd başlı tanrıdan uşaq doğur, bu uşaq da böyüyüb türk xalqının əsasını qoyur, burada da qurd-tanrı Roma əfsanəsində olduğy kimi erkək funksiyası daşıyır.

Romada da, Çində də, Uyğur xanlığında da qələmə alınan bu əfsanələrin daha qədim bir mənbədən gəldiyi şübhəsizdir. Təəssüf ki, bu gün əlimizdə “xilasçı qurdla” bağlı etrusk əfsanəsi də yoxdur, hekayətin yazılı mənbələrdə bizə çatan nümunələri etrusk mifinin əsrlər sonra qələmə alınan latınlaşmış variantlarıdır. Kökləri tarixin dərinliklərinə uzanan qurd mifinin izlərinə biz pelasqlarla bağlı məlumatlarda da rast gəlirik, yəqin ki, əfsanə tə­şəkkül tapdığı dövrdə köçəri cəmiyyətdə Qurd başlı tanrı kultu əhəmiyyətli rol oynayırdı və arsena etnonimi ona şamil olunan epi­tetlərdən biri də ola bilərdi. Çin səlnamələrində isə, bu etnonim Aşi­na şəklində qələmə alınıb, çünki Çin heroqlifləri “r” səsini ifa­də etmir.

Aşina etimologiyası ilə bağlı bir sıra tanınmış türkoloqlar tə­rə­fin­dən mülahizələr söylənilib. P. Budberq Aşinanı türk kökənli “aş” - aşmaq, dağı aşmaq feili ilə əlaqələndirir. S. Klyaştorny isə adəti üzrə türklərə dair bütün nailiyyətlərdə ol­duğu kimi, “aşina” sözünün etimologiyasının kökünü də İran dil­lərində axtarır, onun xotan mənşəli “asana” - mötəbər məna­sı­nı verdiyini qeyd edir.

Rus-Sovet tarixçisi Lev Qumilyov isə bu etnonimin qurd mə­na­sı verən monqol sözü “şono” dan yarandığını və onun əv­və­linə Çin dilində ehtiram bildirən “a” suffiksinin artırıldığını eh­timal edir, Aşinanın mötəbər qurd mənasını verdiyini bildirir. Qədim türklər qurdu buri, börü və kasğır ad­lan­dı­rır­dılar və bu gün də əksər türk xalqları onu belə adlandırırlar. Çin­gizxanın mənsub olduğu boy da borçigin\borüçiqin, yəni börütəkin ad­la­nıb və bu soyun Göy Qurdun soyundan olması ilə bağlı əvsanə Rəşidəddin tərəfindən qələmə alınıb. L. Qumilyov dillərində börü və kasqır sözləri olan, Qurdu özlərinə əcdad hesab edən türklərin nə­dən ona monqol adı qoyduqlarını izah edə bilmir. Qumilyovun börü mənası verən Şono sözünə Çin suffiksi artırması isə bir elmi müəmmadır?

Aşina boyunun rəhbərlik etdiyi Türklər özlərini dişi qurdun nəslindən hesab edirdilər və onların bayraqlarına “altın qurd baş” ı həkk olunmuşdu.34 Çin mənbələri “türk xanı” və “qurd” məfhumlarını sinonim kimi işlədirlər və türk döyüş­çü­lə­ri­ni fuli - türkcə börü adlandırırdılar.

Öncə qeyd etdiyimiz kimi, Aşina kəlməsinin etimologiyasını araşdıran amerika alimi K. Bekvis VI əsr Vizantiya müəllifi Menandr Protektorun belə bir məlumatını sitat gətirir: “Türk­lə­rin qocaman mütləqi-hakimi Arsila (Άρσιλας) adlandırılır”. Berk­vis bu məlumatdan çıxış edərək, türk xaqanlarının və ha­kim zümrəsinin soy adı Arsilanın və Çin mənbələrindən transk­rip­siya olunan Aşinanın eyni anlam verdiyini bildirir.

Bizim mülahizəmizə görə, Arsena-Asina məvhumu qədim türk mən­şəli Arsıl+ena tərkiblərindən yarana bilərdi. Müasir qazax dilində arsıl-qurda, itə, ümumən vəhşi heyvana şamil olunan ucadan hür­mək, ulamaq, mırıldamaq mənasını verir. Qədim zamanlarda isə qurda söylənilən epi­tet ola bilərdi, arsıl - ərsayaq, hünərli. Sonralar İslam və İran mədəniyyətinin dominant­lı­ğı dövründə bu epitet arslana (farsca şir, latınca leo) şamil olundu. Arslan sözü də arsıl+an tərkiblərindən ibarətdir və bu gün arsıl-hünərli, an-heyvan kimi izah edilir, yəni “hünərli hey­van”.

Digər ehtimalla Xilasçı Qurd əf­sanəsi prototürklər tərəfindən hələ Ön Asiyada yaşadığı dövrdə yara­dılıb, oradan Uzaq Şərqə də, Apennin yarımadasına da köç edərək əfsanəni həm şərqdə, həm də qərbdə yayılmasına səbəb olmuşlar. “Ars”, “ers”, “ərş” bir çox semit dillərində səma, göy, məcazi mənada “tanrılar səltənəti” mənasını bildirir. Ar­sen­na isə Ars + an - səmavi varlıq mənasını verir. F. Ağa­sıoğ­lu bir çox rəsmlərdə üçbaşlı qurd kimi təsvir olunan romalıların savaş tanrısı Mars (Maris, Mari) etnoniminin buri sözündən yarandığını guman edir. Biz romalıların Lupark adlandırdığı və şərəfinə Lupakali bayramları keçirdikləri tanrının etrusk adını da bilmirik. Bəlkə də Arsena etimologiyası bu tanrıyla bağlıdır, yoxsa etrusk ali kahinləri dini mərasimləri qurd görkəmində keçirməzdilər.

Qədim türklər kimi Etrusklar da qurdu mü­qəd­dəs saymış və onu özlərinə totem bilmiş, şərəfinə heykəllər ucalt­mışlar. Etrusk rəsmlərində və freskalarında tanrı Ayta qurd­baş­lı təsvir olunur. Etrusk kahinləri lukumonlar mərasimlərdə qurd­başlı papaq qoyurlar. Bu, Qurda olan inancın çox qədimi­ ol­du­ğ­­unu ehtimal etməyə əsas verir. Qurd kultu qədim Ay və Ana Kaha-Ana Mağara kultu ilə bağlıdır və bu kultda Qurdbaşlı tanrı ob­ra­zı mühüm yer tutub, biz irəlidə hələ bu barədə söz açacağıq. Həm romalılar, həm də çinlilər tərəfindən qə­ləmə alınan əhvəlatlarda Xilasçı Qurd uşağı mağaraya gətirir. Ola bilər ki, həm etruskların, həm də qədim hunların və türklərin söy­kənliyi daha qədim bir əfsanə var və o müxtəlif zaman­lar­da, müxtəlif məkanlarda müəyyən dəyişmələrə uğrayır və bu əfsanədə qurd və mağara obrazları mühüm rol oynayır. Bu əfsanənin izlərinə biz uyğur əlifbası ilə qələmə alınmış “Oğuz ka­ğan” adlı bir mətndə də rast gəlirik. Bu mətndə türklərin əc­dadı olan Oğuzu Ay kağanın (Ay Atanın) doğurduğu qeyd olu­nur. Bir gün isə Oğuz Kağanın çadırına səma işığı şəklində gə­lən Qurd onun ordusuna Rum səfərində kılavuzluq (öndərlik) edəcəyini bildirir. Rum Romadır, Oğuzu isə əksər türkoloqlar e. ə II–III əsrlə yaşamış Hun hökmdarı Mode ilə eyniləşdirirlər. (A. Bernştam, İ. Biçurin, M. Kazımbek). F. Hirt Mode-Mete adının götürüldüyü Mao-Tun heroqlifinin transkripsiyasını ba­qa­tur kimi də oxuyur və A. Bernştam Modenin əslində Oğuz baqa­tur kimi oxunmalı olduğunu bildirir.

Ad oxşarlığı-Arsena və Aşina (əslində “arsina”, çünki etno­ni­min yazıya alındığı Çin dilində “r” səsi yoxdur), Əcdad ma­ğa­rası kultu, Qurd simvoluna sakral inam etrusklar və qədim türk­lər arasında hansısa uzaq və dərin bir əlaqənin olduğundan xəbər verir. Çin mənbələrinin verdiyi məlumata görə, Türk xaqanlığını hun­ların içərisindən çıxan Aşina boyundan olan Türklər qurmuş­du­lar. Etrusk cəmiyyətini idarə edən nəsil də mənbələrdə “Tark” lar (Tarkue) adlanırdı. Tarkların və Türklərin inanc sis­tem­lərində, yaşayış və dəfn üsullarında, dillərində və əlifba­la­rın­da da inanılmaz bənzərliklər var. Amma türk (runik) və etrusk əlif­balarının müqayisəli analizi bilərəkdən, ya bilməyərəkdən hələ də ciddi bir mütəxəssis tərəfindən aparılmayıb.

Bir çox araşdırmaçılar etrusk və türk dillərində xeyli sayda ey­ni mənalı oxşar sözlərin olduğunu qeyd edirlər, amma indiyədək Et­rusk-Türk (göytürk) əlaqələri ciddi şəkildə araşdırılmayib. Bu məsələdə alim­ləri əsas qorxudan problem məsafədir, zaman və məkan məsafəsi - Apennin yarımadası harada, Altay və Qobi dağları haradadır? Etruskların formalaşdığı dövrlə Göytürklər zamanı arasında da 1000–1500 illik bir məsafə var. Bu­na görə elm adamlarının əsas arqumentlərindən biri budur ki, “Et­rusk-türk əlaqəsindən danışmaq üçün türkologiya elmi Altay teo­risinə istinad edə bilmir, çünki etruskların İtaliyaya Altaydan get­məsini ortaya qoya biləcək bəlgələr yoxdur”. Həmçinin et­rusk­larla eyni dövrdə Ön Asiyada hegemonluq edən iskitlər və kim­merlərlərin etrusklarla əlaqələri barədə də ciddi bir elmi araş­­dırma olmayıb, amma azərbaycanlı araşdırmaçı Çingiz Qaraşarlının bu yöndə atdığı addımlar bizə böyük ümidlər verir.

Di­gər Azərbaycan alimi Firudin Ağasıoğlunun Urmu teorisinə görə türklər bir zamanlar Uzaq Şərqə Ön Asiyadan köç etmişlər və müəllif bununla bağlı çox maraqlı elmi dəlillər göstərir. XII əsr müəllifi S. Stur­lu­sonun Kiçik Asiyanı (indiki Türkiyə ərazisini) Turkland ad­lan­dırması Firudin Ağasıoğlunun öz mülahizələrində yanılma­dı­ğı­nı bir daha təsdiq edir. Əgər prototürklər Ön Asiyadan Uzaq Şər­qə göç edə bilirdisə, yaxın Qərbə, Apennin yarımadasına da köç edə bilərdilər. Etruskların və pelaskların timsalında gör­dü­yü­müz kimi onlar bunu etmişlər.

Etruskların əcdadlarının Uzaq Şərqdən İtaliyaya gələn Türk­lə­rin olduğunu ilk dəfə hələ XIX əsrdə görkəmli ingilis alimi rahib İsaak Teylor söyləmişdir. O, “Etrusk araşdırmaları” adlı kitabında bununla bağlı maraqlı mülahizələr irəli sürmüş, ilk dəfə olaraq Rasenna-Aşina, xilaskar Qurdla bağlı əfsanələr ara­sında paralellər aparmışdır.

İ. Taylor bu barədə yazır: “Biz etruskların özlərini rasena adlandırdıqları barədə məlumata görə, Qalikarnaslı Dionisiyə (Διονύσιος ό ‘Aλιϰαρνασσεύς) minnətdarıq. Onların özlərini belə adlandırma­sı­na biz nə yunanlarda, nə də latınlarda rast gəlmirik. İtaliyada ta­nınan TUSK və ETRUSK adları, yəqin ki, Lepsiu­sun göstərdiyi kimi, İQUVİN cədvəllərində rastlaşdığımız daha qə­dim TURÇİ sözünün təhrif olunmuş formasıdır. Yunan ya­zı­çı­ları hər yerdə onları TURREN və ya TURSENA adlandırırlar. So­nuncunun qədim latın ifadəsi olan TURÇİ ilə bağlı olması şüb­hə doğurmur. Həm yunan, həm də latın adlandırılmaları şüb­hə­siz ki, identikdir və onların orijinal etrusk adından törədiyini söyləmək olar. “Rasena” məfhumu ilə analogiya aparsaq bu adın TURÇENNA ya TURKSENNA olduğunu söyləyə bilərik. Ha­zır­kı zamanda biz bu adların etimologiyasını araşdıraraq gös­tə­rə­cəyik ki, RASENNA uqor sözüdür və “soydaş”, TURÇENNA ya TURKSENNA isə “türk-men” ya “turkoman” mənasını verir”.

İtaliya alimi Mayaninin mülahizəsinə görə, “Dunay hövzəsindən Balkanların qərbinə, İlliriyaya gələn köçərilər (tirren-iskitlər E. Z) ora­da oturub “illiriya etnik nüvəsini təşkil etdilər, oradan Lem­nos adasında dayanmaqla Yunanıstan üzərindən Adriatik də­ni­zi­ni keçməklə İtaliyada yerləşdilər. Bir neçə yüzildən sonra həmin et­nik tərkibdə digər bir qrup Anadolu üzərindən İtaliyaya gəldi. Məhz bu tayfalar özlərini rasena-arsena adlandırırdı”. Onun düşüncəsinə görə, hər iki qrup dialekt fərqləri olan eyni dildə danışırdı, yəni Mayani İta­li­ya­ya şimaldan gələn İlliriyalı tirren-iskitlərlə cənubdan gələn rasenaları eyni xalq sayır.

Q. Müleşteyn də etruskları iki xalqın, tirrenlərin və rasenaların qarışmasından yarandığını yazır. O, tirrenlərin Aralıq dənizi sa­hil­lərində hind - avropalılardan daha qədim bir xalq olduğunu, ra­senaların İtaliyaya Kiçik Asiyadan köç etdiyini bildirir. Lesboslu Gellanikin məlumatına görə “Balkanlardan ellinlilər tə­rəfindən sıxışdırılıb çıxarılan tirrenlər Padan ovalığında yer­ləş­di­lər, Yunanıstanda onları pelask, İtaliyada tirren adlandırmağa başladılar”.

V. Brandenşteyn etrusk dilindəki hind-avropa izlərini gəlmə tir­renlərlə yerli umbrların qarışmasından yaranması tezisini qə­tiy­yətlə inkar edir. Bu izlərin etruskların şərqdə yaşadıqları dövr­də hind-avropalılarla ünsiyyətdən yarandığını bildirir. O, et­rusk dilində türkizmlərin olduğunu qeyd edirdi. V. Brandenşteyn etruskların əcdadlarının e. ə. II minillikdə Orta Asiyada yaşadıq­la­rını, oradan Kiçik Asiyaya köç etdiklərini və burada köçə­ri­lə­rin dəniz quldurlarına çevrildiklərini guman edir. Etruskların İta­li­yaya köç etməsini o, e. ə. 900–800-ci illərlə əlaqələndirir. Doğrudur, on il sonra o, “Tyrrhener” başlıqlı yazısında et­rusk­ları türklərə deyil, protohatlara bağlayır, lakin hat dilinin özündə də türkizmlər vardır. Hattilər (e. ə III – II minilliyin əvvəli) Kiçik Asiyanın, Anadolunun şimal-şərqində, Qızıl İrmaq çayının ətrafında dövlət qurmuş qədim xalqdır. Onların dilində yazılı abidələri hələ rast gəlinməsədə, hatti dilinə aid toponimlər, şəxsi adlar, tanrı adları, hithit yazılarında olan kiçik dini mətnlər dilçi-alimlərə bu dil barədə mülahizə yürütməyə imkan verib. (Гиоргадзе Г. Г. К вопросу о локализации в языковой структуре каскских этнических и географических названий. - Переднеазиатский сборник. М., 1961).

Xatti dilində olan türkizmlərə ilk dəfə diqqət yetirən də Vilhelm Brandenşteyn olub.


MANŞET XƏBƏRLƏRİ