Balkan türk ədəbiyyatında türklük və türk dünyası anlayışı


Prof. Dr. Osman Emin

Şimali Makedoniya – Skopye, Müqəddəs Kiril və Mefodi Universiteti,

Filologiya Fakültəsi, Türk dili və ədəbiyyatı kafedrasının müdiri

Azərbaycan dilinə uyğunlaşdırdı:

F.e.d., dos. Nurlana Mustafayeva

Bakı Slavyan Universiteti

Balkanşünaslıq kafedrasının müdiri

Türkün tarixi qədim olduğu qədər, türkün coğ­rafiyası da çox genişdir. Türk dünyası tarixi-siyasi dövrlər ərzində məlum səbəblərdən bir-birindən minlərlə kilometr uzaqda yaşamışlar. Müəyyən səbəblərdən olan bu məcburi vəziyyət türklərin danışdıqları eyni dili zamanla fərqləndirməyə də başlamışdır. Türk dili zaman içində öz məcrasından çıxaraq, müxtəlif formalar alaraq dəyişmişdir.

Bütün bu dəyişmələrə, ayrı düşmələrə baxmayaraq, ortaq türk dəyərləri bir-birindən əsla uzaq düşməmiş, hətta bir-birinə təsir göstərmiş, qaynayıb-qarışmışdır. Bu təsirlənmə sadəcə dildə və mədəniyyətdə deyil, eyni zamanda ədəbiyyatda da özünü göstərmişdir. Dünyanın dörd bir yanında yaşayan türklərlə yanaşı eyni zamanda Balkan coğrafiyasında yetişən ədəbiyyatçıların da türk dünyasına verdikləri töhfələr danılmazdır.

Belə ki, Rumeli ədiblərinin poeziyasında bir çox məqamlarda türk ədəbiyyatına yeni istiqamət verdiklərini, çox vacib töhfələr verdiklərini müşahidə edirik. Balkan coğrafiyasında müəyyən tarixi dövr ərzində yaşanan siyasi hadisələr nəticəsində türk dili danışıq dili olaraq qadağan olunmuşdur. Türk dilinə qoyulan bu məhdudiyyət Balkan türklərində ana dilinə böyük həsrət duyğusuna səbəb olmuşdur. Bu həsrət duyğusu Balkan türklərini hisslərin tərənnümü olan ədəbiyyata yönəltmiş və milli hisslər ədəbiyyatda öz əksini tapmışdır. Müəyyən dövrlər ərzində aparılan mübarizələrlə bütün məhdudiyyətlərə, təzyiqlərə tab gətirən türk dili Balkan coğrafiyasında ədəbiyyat dili olmağa başlamışdır. Geostrateji vəziyyətinə görə dünyada önəmli bir yerə sahib, mədəni kontekstdə də mərkəz hesab olunan Balkan coğrafiyası sonrakı mərhələlərdə də Balkan türk ədəbiyyatına şair və yazıçılar qazandırmışdır.

Balkan türk ədəbiyyatının yenidən formalaşdırılmasının əsası 1944-cü ildə yenidən qoyulmuşdu. Həmin dövrdən etibarən türk dünyası dövlətləri arasında diplomatik sahədə də əlaqələr qurulmağa başlamışdı. Təbii olaraq, əlaqələr qurulmağa başladığı tarixdən etibarən münasibətlər qarşılıqlı dostluq və anlaşmaya əsaslanırdı. Siyasi əlaqələrlə yanaşı, ədəbi-mədəni sahədə olan əlaqələr də şübhəsiz ki, çox önəmli idi.

Osmanlı-türk mədəniyyətinin əsl varisləri olan Balkan türkləri öz milli kimliklərini, dillərini, ədəbiyyatlarını, mədəniyyətlərini, adət-ənənələrini qorumaqla və inkişaf etdirməklə kifayətlənmir, eyni zamanda, Türk dünyasının bütün sahələrdə olan əlaqələrinin bərqərar olmasında qızıl körpü rolunu oynayır. Bu mənəvi dəyəri yüksək olan məsuliyyət Balkan coğrafiyasında Türk məfhumunun əsrlərdir var olmasının sübutudur.

Skopyalı (Üsküp) Yəhya Kamal Bəyatlının da dediyi kimi, “Türk dilinin istifadə olunmadığı yerlər Vətəndir!” Böyük türk ədibi Ömər Seyfəddinin fikrinə görə isə, “...türklərin vətənləri milli vətən, dini vətən, mövcud vətən olaraq üç hissəyə ayrılır.”

Fikrimizcə, krımlı İsmail bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” ideologiyasını qoruyub saxlamaq və davam etdirmək bu gün Türk dünyası üçün ən ümdə vəzifədir. “Türkcənin istifadə olunmadığı yerlər vətəndir!” deyiləndə əsas nəzərdə tutulan dil faktorunun olduğu danılmaz bir faktdır. Yəhya Kamal Bəyatlı, bunu “Bizi bir millət olaraq mövcud olduğumuz gündən əbədiyyətə qədər qoruyan və bir-birimizə bağlayan da türk dilidir. Bizi bir-birimizə bağlayan bu hisslər elə möhkəmdir ki, Vətənin hüdudları dəyişsə belə o duyğular dəyişilməz, yenə də bizi bir-birimizə qopmaz tellərlə bağlayar. Türk dilinin danışılmadığı ərazilər əsas Vətəndir. Ancaq istifadə olunduğu yerlər vətən olmaqdan çıxır. Vətənin ruhu və bədəni türk dilidir” deyə fikrini izah edir. Məhz bu səbəbdən, dildə bir olmaq, birlik olmaq çox vacib məsələdir.

Balkan coğrafiyası ərazisində əsrlərdir inkişaf etməkdə olan Balkan türk ədəbiyyatı, əslində türk ədəbiyyatının hərtərəfli öyrənilməsi baxımından önəmlidir. XIV əsrdən başlayaraq türk boyları Balkan coğrafiyasında məskunlaşmağa başlamış və uzun müddət Osmanlı hakimiyyəti altında yaşamışlar. Bu proses Balkan ədəbiyyatına əhəmiyyətli dərəcədə təsir etmiş və Balkan türk ədəbiyyatında yazılan əsərlərin əsas ideologiyasının müəyyənləşməsində mühüm rol oynamışdır. Həm də Osmanlı dövrü şair və yazıçılarının həyat və yaradıcılıqları araşdırıldığı zaman onların böyük hissəsinin məhz Balkan torpaqlarında yetişdiyini görürük.

Türk ədəbiyyatına böyük töhfələr vermiş Balkan əsilli şair və yazıcıların Balkan coğrafiyasında bugün də ədəbi ənənələri davam etməkdədir. Albaniya, Bosniya-Hersoqovina, Bolqarıstan, Monteneqro, Makedoniya və Serbiya Balkan türk ədəbiyyatının önəmli mərkəzlərindəndir.

Balkanlar öz daxilində fərqli mədəniyyətlərin birliyini yaşatmasına baxmayaraq, dil və ədəbiyyat istiqamətində birliyi qoruyub saxlaya bilmişdir. Albanca, boşnakca, xorvatca, serbcə, yunanca və digər dillərin istifadə olunduğu Balkan coğrafiyasının sintaksisinin əsasını təşkil edən də məhz türk dilidir.

Balkan türk ədəbiyyatı, türk dünyasının mədəni və ədəbi dəyərlərini özündə əks etdirən mühüm istiqamətdir. Bu ədəbiyyatın əsasını məhz Osmanlı imperiyasının Balkanlarda qurduğu dərin mədəni və tarixi köklər təşkil edir. Balkan coğrafiyası Osmanlı dövründə türklərin məskunlaşdığı mühüm coğrafi əraziyə çevrilmişdi. Tarixi dövr ərzində türk mədəniyyəti, dili və ədəbiyyatı məhz burada kök salmışdır. Bu kontekstdə Balkan türk ədəbiyyatı Türk dünyasının bir parçası olaraq həm yerli mədəniyyət, həm də ümumtürk mədəniyyəti ilə qarşılıqlı əlaqədə formalaşmışdır.

Türk dünyası geniş bir coğrafiyaya yayılmış fərqli türk toplumlarını, onların dillərini, adət-ənənələrini və tarixlərini özündə ehtiva edir. Balkan türkləri bütün dövrlərdə digər türk toplumları ilə tarixi, mədəni, ədəbi və dil əlaqələrini qoruyub saxlamışdır. Bu əlaqələrin ən gözəl nümunələri də məhz Balkan türk ədəbiyyatında öz əksini tapmışdır. Balkan türk ədəbiyyatında türk dünyasının ortaq motivlərindən, qəhrəmanlıq dastanlarından, xalq nağıllarından, şeirlərindən çox istifadə olunur. Bu ədəbi əsərlər türk dünyasının ortaq dəyərlərini və tarixini xatırlatmaqla yanaşı, Balkanlardakı yerli xüsusiyyətləri də ədəbiyyat vasitəsilə çatdırır.

Balkan türk ədəbiyyatı türk dünyasının müxtəlifliyini və zənginliyini əks etdirən mozaika kimidir. Bu ədəbiyyat Türkiyədə və digər türk dövlətlərindəki ədəbi cərəyanlarla da qarşılıqlı əlaqədədir. Məsələn, Balkan türk yazarlarına Cümhuriyyət dövrü türk ədəbiyyatının təsirləri aydın görünür. Bundan başqa, çağdaş türk dünyasının ədəbi yenilikləri Balkan türk yazıçılarına da təsir etmiş və bu qarşılıqlı əlaqə ədəbi əsərlərdə özünü göstərmişdir. Balkan türk yazarları türk dünyasının ortaq mədəni dəyərlərini yaşatmaqla yanaşı, yaşadıqları ərazilərdə milli kimliklərini də qoruyub saxlayırlar. Bu kontekstdə Balkan türk ədəbiyyatının türk dünyasının mədəni birliyi və inkişafı baxımından da böyük əhəmiyyəti vardır. Bunun nəticəsidir ki, Balkan türk ədəbiyyatı türk dünyasının tərkib hissəsidir və bu geniş mədəni coğrafiyanın ədəbi aynasıdır. Balkan türk yazarları həm yerli, həm də ümumi türk ədəbi elementlərini bir araya gətirməklə türk dünyasının zəngin mədəni irsini gələcək nəsillərə ötürürlər. Balkan türk ədəbiyyatını araşdırmaq türk dünyasının ədəbi-mədəni birliyini dərk etmək baxımından da əhəmiyyətlidir.

Balkan coğrafiyasında təşəkkül tapmasından günümüzə qədər mövcud olan türk dili, bu günə qədər öz ədəbi əsərlərini yaratmaqdadır. Balkan türk ədəbiyyatı Osmanlı dövründən sonra yenidən qurulma prosesini yaşasa da, formalaşdığı illərdə Balkan dövlətlərinin ədəbiyyatlarından da təsirlənmişdir. Günümüzdə hələ də bu qarşılıqlı ədəbi proses davam etməkdədir. Balkan türk ədəbiyyatına digər Balkan dillərindən olunan tərcümələr bu qarşılıqlı əlaqə prosesinin inkişafına nümunədir. Bu ilkin tərcümələr bir müddət təqliddən kənara çıxa bilməmişdir. Sonrakı mərhələlərdə Balkan türkcəsinin əsl mahiyyətinə poeziyada varılmış, şeirlərdə xalq mahnılarından və mərsiyələrdən istifadə edilmişdir. Yaradıcılıqlarında türk şifahi xalq ədəbiyyatı nümunələrinə müraciət edən ədiblərlə yanaşı, poeziyaya ironik abu-hava qatmağa çalışan, şeirdə təkrara, mücərrədliyə əl ataraq özünəməxsus şeir üslubu yaratmağa çalışan şairlər də mövcud olmuşdur. İnkişafa açıq olan bütün bu xüsusiyyətlərlə yanaşı Balkan türkcəsi əfsuslar olsun ki, öz coğrafiyasından kənara çıxa bilməyən bir dil olmuşdur. Bu gün də qapalı şəkildə mövcudluğunu davam etdirən Balkan türkcəsi inkişafa demək olar ki, açıq deyildir. Balkan türkcəsini günümüz türkcəsindən fərqləndirən əsas amillərdən biri də məhz budur. Balkan türkcəsi sadəcə yalnız öz mövcud coğrafiyasından təsirlənməyə üstünlük verdiyi üçün bu vəziyyət dil üzərində müəyyən gərginlik də yaradır. Dilin inkişafında yaşanan çətinlik bədii ifadəyə də təsir edərək onu zaman-zaman mürəkkəb vəziyyətə salmış, şeirin əsasını təşkil edən hiss və duyğuların çatdırılmasına mane olmuşdur. Şair və yazıçılar əsərlərində hiss və duyğuların çatdırılmasına nail ola bilmədiklərindən tez-tez lazımsız ifadələrə yer vermiş, əsər istənildiyi kimi çatdırılmamışdır. Əsərlərdə ümumiyyətlə əsrarəngiz ədəbiyyat ab-havası olmamış və poeziya janrında da gündəlik danışıq dilindən istifadə olunmuşdur.

Balkan türk ədəbiyyatı Orta Asiyadan olan ədəbi-mədəni elementləri özündə birləşdirərək bu iki coğrafiya arasında mühüm əlaqələr yaratmışdır. Orta Asiyanın zəngin ədəbi irsi Balkanlara köç edən türk toplumları tərəfindən oraya aparılaraq orada da ədəbiyyata yeni nəfəs qazandırılmışdır. Bu baxımdan Orta Asiya ədəbi ənənələri ilə Balkan türk ədəbiyyatı arasında körpü quran mühüm mənbə məhz “Divan-i lüğət-it türk” adlı əsərdir.

“Divan-i lüğət-it türk” XI əsrdə Kaşğarlı Mahmud tərəfindən yazılmış və Orta Asiya türk mədəniyyətini özündə əks etdirən mühüm şifahi və yazılı mədəniyyət nümunəsidir. Bu əsər Orta Asiya türklərinin dilini, mədəniyyətini, adət-ənənələrini, ictimai quruluşunu anlamaq üçün vacibdir. Bu əsərin Balkan türk ədəbiyyatında Orta Asiya təsirlərini tədqiqi baxımından, eyni zamanda iki coğrafiya arasındakı ədəbi-mədəni əlaqələri anlamaq üçün verdiyi məlumatlar çox əhəmiyyətlidir. Orta Asiyanın müxtəlif ərazilərindən toplanmış hikmətli sözlər və atalar sözləri Balkan türk ədəbiyyatındakı oxşar elementlərin mənşəyini anlamaq üçün də dəyərli ipucları verir. Bu əsər eyni zamanda Orta Asiyanın ədəbi və mədəni dəyərlərinin Balkan coğrafiyasındakı türk toplumları tərəfindən necə mənimsənildiyini və onların necə dəyişdirildiyini başa düşməyə də kömək edir. Orta Asiyadan gələn bu ədəbi irsi Balkan türk ədəbiyyatında, xüsusən də xalq ədəbiyyatında və ənənəvi şeirlərdə görmək mümkündür.

Orta Asiya dastan və nağıllarını, Balkan türk ədəbiyyatında oxşar mövzu və formalarla müşahidə edirik. Xüsusən də qəhrəmanlıq, sevgi, təbiət kimi ümumbəşəri mövzular Orta Asiyadan Balkan türk ədəbiyyatına keçdikcə yeni formalar almış, dəyişmişdir. Bu əsər iki coğrafiya arasındakı qarşılıqlı ədəbi-mədəni təsirlənmələri tədqiq etməyə şərait yaradır və Balkan türk ədəbiyyatının mənşəyində Orta Asiyanın dərin izlərini görməyə imkan verir. Bu qarşılıqlı ədəbi-mədəni təsirlənmə Balkanlardakı türk ədəbiyyatının zənginliyini və müxtəlifliyini inkişaf etdirərək iki coğrafiya arasında mədəni əlaqələri gücləndirmişdir.

Bolqarıstandakı türk ədəbiyyatı

Tarixi qədim dövrlərə gedib çıxan bolqar türk ədəbiyyatı türklərin Rumeliyə keçidi dövrünə təsadüf edir. Bu səbəbdən türk dilinin bolqar dilinə təsiri olduqca qabarıq şəkildə nəzərə çarpır. Bolqar dilində türkcə sözlər, idiomlar, atalar sözləri və hikmətli sözlərə tez-tez rast gəlinir. Günümüzdə Bolqarıstanda artıq yavaş-yavaş türkcə nəsr əsərlərinin yazılmasının zəifləməsi müşahidə olunur. Belə olduğu halda ədiblər poeziyaya üz tuturlar. Çünki poeziya mücərrəd ifadənin əsasını təşkil edir. Təxəyyül dünyasına meylli şeir bolqar türk ədəbiyyatında ön plana çıxan bir janrdır. Bolqar türk ədəbiyyatı eyni zamanda Rumeli türk ədəbiyyatının davamıdır və Osmanlı-Rusiya müharibəsindən (1877-1878) sonra Bolqarıstanda qurulan Bolqarıstan dövlətinin sərhədləri daxilindəki türklərin ədəbiyyatıdır. Yaşanan ağır siyasi-ictimai vəziyyətə görə, bu ədəbiyyat azlıq təşkil edən türklərin ədəbiyyatı kimi inkişaf edə bilməmiş, sadəcə özünü idarə edən ədəbiyyata çevrilmişdir. Bolqarıstandakı türklər çətin şəraitlərə baxmayaraq türk mədəniyyətini və ədəbiyyatını qoruduqları üçün ədəbiyyat şifahi və yazılı şəkildə bu günə qədər varlığını qoruyub saxlaya bilmişdir.

Bolqarıstan türklərinin zəngin ədəbiyyata sahib olmalarında Azərbaycan türklərinin böyük rolu vardır. XX əsrin ortalarından başlayan bu münasibətlər nəticəsində demək olar ki, Azərbaycandan göndərilən maarif işçiləri, ədəbiyyat xadimləri və mədəniyyət işçiləri bolqar türklərinin elm, mədəniyyət və ədəbiyyat yoluna işıq olmuşlar. Bütün bu fəaliyyətlərin nəticəsində də, Azərbaycan ziyalılarının məqalələri dərsliklərə daxil edilmişdir. “Tahir və Zöhrə”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Koroğlu” kimi dastanlar və Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri Sofiyada nəşr olunmuşdur.

Türk dünyasındakı milli duyğuların, düşüncələrin, birliyin ədəbiyyatda öz əksini tapması təbii ki, böyük əhəmiyyət kəsb edir. Amma digər tərəfdən bunu praktiki şəkildə nümayiş etdirmək də vacib məsələdir. Həyatı və yaradıcılığı haqqında demək olar ki, kifayət qədər məlumat olmayan alim Xalid Səidin (1888-1937) “Yeni əlifba uğrunda köhnə xatirələrim və hisslərim” adlanan əsəri məhz ortaq türk əlifbası müzakirələrinin birbaşa şahidi olmuş biri tərəfindən qələmə alınması və 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda qəbul edilən “Vahid türk əlifbası” (latın) ilə çap olunmuş ilk əsər olması baxımından son dərəcə əhəmiyyətlidir. Xalid Seyid bu qurultayda bütün türklərin ortaq ədəbi dildən istifadə etməsinin mümkün olub-olmadığının araşdırılmasının vacibliyini dilə gətirdikdən sonra “...Əgər belə bir şey həqiqətən mümkündürsə, biz buna niyə cəhd etməyək? Niyə şərqdəki türklərə qərbdə yazılmış bir türk əsərindən bəhrələnmək imkanı verməməliyik?...” sualını verirdi.

Bolqar türkləri zəngin ədəbiyyata malik olsalar da, çətin tarixi dönəmlərdən keçmişlər. Sosializm rejiminin bolqar türklərinə qarşı zalım əməllərindən sonra diktatura hökumətlərinin təzyiqi altında olan türk azlığının ədəbi əsərlərində təbii olaraq, bolqarlara qarşı təsəvvür də dəyişmişdi. Buna nümunə olaraq, Məhməd Çavuşun bu vəziyyətə öz etirazını “Tuna” adlı şeirində dilə gətirməsini göstərə bilərik. O, bu şeirdə bolqar türklərinin yaşadığı soy və qəbilə məsələlərini tənqid edərək, özünün hər zaman türk olduğunu və belə qalacağını sözlərlə ifadə etmişdir.

Şimali Makedoniyada türk ədəbiyyatı

Makedoniyadakı türk ədəbiyyatı müxtəliflik baxımından daha çox əsər verən coğrafi ərazi olaraq müşahidə olunur. Əsərlər şeir, roman, hekayə və pyes kimi janrlarda qələmə alınmışdır. Ədəbi nümunələr jurnal və qəzet kimi nəşrlərdə çap olunmuşdur. Bu müxtəlifliyin səbəbi keçmişdə Balkan müharibələri səbəbiylə köç və müharibənin gətirdiyi problemlərdir. Onlar demək olar ki, ədəbiyyata həvəs göstərirdilər və onu dirçəltmək üçün əllərindən gələni edirdilər. Şifahi xalq ədəbiyyatının məhsulu olan xalq mahnıları, nəğmələr də Makedoniya türk ədəbiyyatının əsas istiqaməti olmuşdur.

Hələ Osmanlı dövründə divan ədəbiyyatı nümyəndələrindən Aşiq Çələbi, sufi Məhəmməd Nur-ül Ərəbi, Şeyx Sadəddin Əfəndi, daha sonralar Yəhya Kamal Bəyatlı, Yaşar Nabi, Şefkət Rado və digər Makedoniyada doğulmuş və ya Makedoniya mənşəli yüzlərlə türk yazıçı, sənətkar vardır. Coğrafi xüsusiyyətləri ilə əhəmiyyətli bir yerə sahib olan və mədəniyyət baxımından mərkəz olan Balkan coğrafiyası sonrakı mərhələlərdə şair və yazıçıların Balkan türk ədəbiyyatına gətirilməsi baxımından əhəmiyyətlidir.

1965-ci ildə “Səslər” jurnalı nəşr olunana qədər Şimali Makedoniya türk ədəbiyyatında uşaq ədəbiyyatı ön planda olmuşdur. Bu dövrdə demək olar ki, bütün yazıçıların uşaq ədəbiyyatına aid əsərləri var. Makedoniya türk ədəbiyyatının 1944-1991-ci illər arasında yazıb-yaradan bəzi yazıçı və şairlərinin sənətdən daha çox Makedoniyadakı türklərin təhsil məsələlərinə zaman ayırdıqlarını müşahidə edirik.

Şimali Makedoniya, əcdadlarımızın – Osmanlı imperiyasının miras qoyduğu rəngarənglikdən ağ-qaraya büründüyü və ya xəritələrin qarışdırılaraq yenidən çəkildiyi bir coğrafi ərazi olmuşdu. Şimali Makedoniya Respublikasında yaşayan türklərə gəldikdə, Osmanlı-türk mədəniyyətinin əsl varisləri olan Makedoniya türkləri öz milli kimliklərini, və təhsilini, dilini, ədəbiyyatını və mədəniyyətini qoruyub saxlamaq və inkişaf etdirməklə kifayətlənmir, həm də Şimali Makedoniya ilə Türk dünyası arasında hərtərəfli əlaqələrin inkişafında qızıl körpü rolunu oynayır. Şimali Makedoniya bu gün də Türk dünyası və ədəbiyyatlarının qərb qanadını təmsil etməkdə davam etməkdədir. Orta Asiya və ya Türküstan bölgəsindən Adriatik dənizinə qədər “qitələrarası” adlandırıla biləcəyimiz geniş bir coğrafiyaya yayılan Türk dünyası arasındakı əlaqələr saysız-hesabsız çətinliklərə baxmayaraq, tarixin hər dövründə fərqli intensivliklə davam etmiş və davam etməkdədir.

Fəxri Əli (1995) “Zamanın gücünə inanıram” adlı şeirində belə deyir:

Əslimə qayıtmağın varlığını,

Tanrı dağlarında tapdım.

qar altına sığınmış,

amma üzü ağdır

günəş var idi,

yandırardı

məhv edərdi içimi...

“Atımı meşəyə bağladım”

Orta Asiyada!

Gözümü bu torpaqda gördüm

Orta Asiyada

mənim adım

qazax, uyğur, türkmən, noqay, tatar, çuvaş, özbək

adımız Türkdür!

həmişə ürəyimdə

zamanın gücü ilə...

zamanın gücünə inanıram!

Şeirdəki “Əslimə qayıtmağın varlığını/Tanrı dağlarında tapdım” misraları əslində insanın əslindən, kökündən uzaqlaşmağın, illərlə davam edən məcburi ayrılığın etirafıdır sanki. “Atımı meşəyə bağladım” ifadələri ilə “Ötükən”ə işarə olunur. Şair bu həsrətin təsiri ilə türk toplumlarının adlarını bir-bir “qazax, uyğur, türkmən, noqay, tatar, çuvaş, özbək” deyə sadalayır.

Dilin dünya dilləri arasında yeri və dəyəri; onun dünya miqyasında yayılması diplomatiya dili, sivilizasiya dili, regional dil, rəsmi dil, milli dil və yazı dili olması ilə ölçülür. Bu meyarların yayılması, qədimliyi və etibarlılığı bir dilin digər dillər arasında yerini, mövqeyini, funksionallığını və dəyərini müəyyən edir. Türk dili qədim zamanlardan bəri yuxarıda sadalanan bütün xüsusiyyətlərə malik bir dil olaraq mövcuddur. Türkcənin bütün bu xüsusiyyətlərini özündə daşıyan dillərin sayı çox azdır. Ona görə də türk dili dünya səviyyəsində ən etibarlı, geniş yayılmış və yüksək funksionallığı olan bir dildir.

Nusret Dışo Ülkü (1992) “Türkcəm” şeirində belə deyir:

Yalnız bir mən varam!

Türkcəm yanımda,

Türkcəmlə tək mən varam!

Nə əvvəlində, nə də sonunda gəlir mədəni dillərin.

Azərbaycandan Balkanlara gedin,

O türkcə mənimdir

Mən o türkcənin!

Bir millətim var,

Millətimlə birgə türkcəm

Türkcəmlə birgə millətim!

Şair Türküstandan Balkanlara qədər türkcənin birləşdiriləcəyinə olan inamını böyük həvəslə vurğulayır. Şairin türkcə danışması qürurvericidir. “Türkcə varsa, mən də varam!”, “Türkcə mənim milli kimliyimdir!” deyən şair müxtəlif coğrafiyalarda yaşayan türklərin ortaq dilinin türk dili olduğuna, bu gözəl dildə danışmağın onların ortaq dəyərləri olduğunu diqqətə çatdırır.

Tənzimat dövründə dil və tarix baxımından böyük həssaslıq göstərən ziyalılardan biri olan Süleyman Paşa 1876-cı ildə “Elm-i sərf-i türki” adlı kitabını nəşr etdirərək türk dilinə verdiyi dəyəri göstərmişdir. Tənzimat dövründə dil üzərində də araşdırmalar aparan Əhməd Vefik Paşa (1845-1936) 1876-cı ildə nəşr etdirdiyi "Ləhcə-yi Osmani" adlı lüğəti ilə türkcəyə böyük əhəmiyyət verdiyini sübut etmişdir. Ancaq həm məqalələri, həm də lüğəti ilə türk dilinə dair araşdırmalar aparan yazıçı Şəmsəddin Sami (1850-1904) o vaxta qədər nəşr olunan lüğətlərə “Qamus-i Osmani” adı verilərkən o, “Qamus-i Türki” (1899-1900) adından istifadə etmişdir.

Daha sonra (1908) Salonikidə (Selanik) Türk dil hərəkatının əsası (Yeni Lisan Harekatı) qoyuldu və “Türk yurdu”, “Gənc qələmlər” kimi bəzi jurnallar nəşr olundu. 1911-ci ildə Ömər Seyfəddinin liderliyi ilə işıq üzü görən “Gənc yazarlar” hərəkatı türk dilli nəşrlərdə “Dil və ədəbiyyatda milli kimliyə dönüş” prinsipini əsas götürdü. Ziya Göyalp (1876-1924) da 1909-cu ildən sonra “Gənc qələmlər” hərəkatına qatılmış, Ömər Seyfəddin və Əli Caniplə əməkdaşlıq etmiş, “Dildə türkçülük” üzərində tədqiqat aparmağa başladıqdan sonra fəaliyyətini daha da genişləndirmiş və “Türkçülüyün əsasları”nı (1923) nəşr etdirmişdir. O, kitabında türk dilinin milliləşməsi prinsipini irəli sürmüşdür.

Türk dilindəki ən böyük və köklü dəyişiklik yalnız ulu öndər Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1928-ci ildə Əlifba inqilabı ilə baş vermişdir. Əsas hədəfi türk millətinin oxuma və yazmanı daha asan öyrənməsi olan Əlifba inqilabından sonra 1932-ci il sentyabrın 26-da ilk Türk Dili Qurultayı çağırılmış, beləliklə yazı inqilabını tamamlayan dil inqilabının başlaması ilə, türk dili ədəbiyyatdan elmə, mədəniyyətə qədər bir çox sahədə çağdaş anlayışlarla istifadə olunmağa başlanmışdır.

Türk dilinin tarix boyunca məhz milli kimlik məsələsi olmasından qısaca bəhs etməyimizin əsas səbəbi, bu gün bir çox ölkələrdə hökmranlıq edən fərqli milli kimlik, dil, din və mədəniyyət adı altında yaşayan türklərlə onların türk dövlətlərində yaşayan soydaşları ilə aralarında müəyyən yaxınlıq və əlaqələrə nəzər salmaqdır. Bu yolla da türk dilinin Türk dünyasında əsas yazı dilinə çevrilməsinə töhfə verməkdir. Bu məqsədə tam olaraq çatmaq üçün Türk Dünyasının son zamanlarda dil problemlərinin tədqiqi, araşdırılması və tərtibi məsələlərini sürətləndirdiyini müşahidə edirik. Gördüyümüz kimi, Türk dünyası dövlətlərini bir-birinə yaxınlaşdıracaq, onları ortaq bir nöqtədə birləşdirəcək olanlar məhz tarix boyu öz töhfəsini vermiş türk dil alimlərinin əvəzolunmaz səyləridir. Ulu öndər Atatürk türk dilinin Türk dünyasında son dərəcə mühüm rol oynayacağını öncədən bildiyi üçün türk dilinin əhəmiyyətini belə ifadə etmişdir: "Qətiyyətlə bilinməlidir ki, türk millətinin milli dil və milli kimlik məsələsi ömrü boyu hakim və əsaslı olaraq qalacaqdır. Bu səbəbdən türk dilini hər sahədə araşdırmaq, tədqiq etmək, tanıtmaq və yaymaq bizim ən böyük milli borcumuz və milli vəzifəmizdir”.

Mədəniyyət, sosial miras və adət-ənənələrin vəhdəti, həyat tərzi, ideallar, dəyər və davranışların vəhdəti, ətraf mühitə uyğunlaşma, geniş mənada təhsil, sosial qarşılıqlı əlaqənin məhsulu, düşüncə və simvollar sisteminin əks olunması kimi müəyyən edilir. Ancaq istifadə baxımından “anlayış” yaşadığımız bölgənin dəyərlərinə oxşayır və məhz cəmiyyətə xas olma xüsusiyyətinə də malik olur. Mədəniyyət insanların idrak etmələri haqqında fikri formalaşdırır; dəyərlər, inanclar, qavrayış və rəftarlara verilə biləcək ümumi təriflərdən biri də belədir ki, “mədəniyyət tarixən dəyişən, inkişaf edən və gələcək nəslə ötürülən həyat tərzidir”.

Makedoniyada doğulmuş və ya Makedoniya mənşəli türk maarifçiləri, yazıçıları, sənətçiləri və şairləri öz əsərləri və araşdırmaları ilə türk mədəniyyətinə, türk düşüncəsinə, Türklüyün səs bayrağı olan türk dilinə, türk ədəbiyyatına xidmət edərək Türklüyü istiqamətləndirmişlər. Yazılan əsərlər əslində Makedoniyada yaşayan türklərin yaşadıqları və bir mənada onların milli düşüncələridir.

İlhami Emin “Göktanın yuxusu” adlı şeirində Altay dağlarından başqa diyara uçan və yenidən geri dönən qulun (və ya dayça - atın balası) hekayəsindən bəhs edir. O geri qayıdanda istifadə olunan motiv isə “ana həsrəti” kimi təsvir olunur. Əslində, burada “ana” metaforadır, izah olunmaq istənilən isə vətən sevgisi, vətən həsrəti, yurd həsrəti kimi dərin duyğuları özündə ehtiva edən mövzudur.

Kosovada türk ədəbiyyatı

Kosova türk ədəbiyyatına baxdığımızda, digər Balkan ölkələri ilə müqayisədə daha az ədəbi əsərə şahid oluruq. Kosovanın həm mədəni, həm də iqtisadi baxımdan geri qalması ədəbiyyatın inkişafına da mane olmuşdur. Lakin sonradan türk dilinə verilən önəmlə birlikdə jurnal, qəzet və ədəbiyyatın poeziya qanadında da inkişaf başlamışdır. Şimali Makedoniya və Kosova türk poeziyasında türk dünyasına aid əsərlərə rast gəlmək mümkündür. İsgəndər Müzbəy “Künə” şeirində,

…Xanımşah türkcəsinə görə vurulunca Memoya

Yallı gedər (hora teper) alnındakı tülbəndində hər toxuma

Burada Dunay Seyhun kimi axır...

Adriya dalğalanan başqa bir Xəzərdir.

Bu küncdə vəhşi qızılgüllər, bənövşələr dillənir

Min bir illik dilim, ənənəm yadlar tərəfindən əllənir

Çünki qarğa dənizdə, balıq göydədir...

…Buna baxmayaraq, dastanlarımı uşaqlar oxuyur.

Bu şeirdən də anlaşıldığı kimi, mövzu türk dili olduğu zaman, Balkanların və türk tarixinin simvolik çayı olan Dunay Türküstan coğrafiyasının əsas elementlərindən biri olan Seyhunla birləşir. Ümumiyyətlə, Türk dünyasının bir ucunu “Adriatikdən Çinə” ifadəsi ilə “Adriya”nı Xəzərlə birləşdirən şair bunu bir vəhdət və ya bütövlük, tamlıq olaraq təsvir edir.

Qərbi Trakya türk ədəbiyyatı

Qərbi Trakya türk ədəbiyyatında qələmə alınan əsas mövzu “narahatlıq”, “huzurusuzluq” mövzusudur. Bunun səbəbi də türklərə tətbiq edilən dini, siyasi, etnik və iqtisadi təzyiqlərin nəticəsidir. Məhz buna görə də ədəbiyyatda işlənən mövzular ayrılıq və ölüm kimi mövzulardır. Şeirdən sonra ən çox istifadə olunan janr hekayə janrıdır. Hekayələrdə köç və torpaq mövzularına rast gəlirik. Qərbi Trakyada yetişən şair və yazıçıların yaradıcılıqları tədqiq olunduğu zaman onların ilk növbədə türklüyü, daha sonra isə Qərbi trakyalı olmağı qələmə aldıqlarına şahid oluruq.

1923-1960-cı illər Qərbi Trakyanın Osmanlı hakimiyyəti altından çıxaraq Yunanıstanın hakimiyyəti altına keçdiyi dövrdür. Bu dövrdə baş verən hadisələr burada yaşayan türklərə də dərindən təsir etmişdi. Yazılı ədəbiyyatın formalaşması üçün erkən olan bu dövrdə ədəbi fəaliyyət şifahi şəkildə davam etdirilmişdir. 1980 və sonrakı illər Qərbi Trakya türk ədəbiyyatında böyük yeniliklərin olduğu dövrdür. Ədəbiyyat və incəsənət jurnalı olan “Şəfəq” məhz bu dövrdə nəşr olunmağa başlanmışdır. "Şəfəq" jurnalı ilə ədəbiyyat cəmiyyətə asanlıqla nüfuz etməyi başlamışdı. Bu dövrdə Qərbi Trakyada yetişən şair və yazıçıların əsərləri Bolqarıstan, Yuqoslaviya və Azərbaycan kimi ölkələrdə nəşr olunmağa başlamış və bununla da Qərbi Trakya türk ədəbiyyatının tanınmasına zəmin yaranmışdı. Bu torpaqlarda doğulan ədəbi şəxsiyyətlərdən divan şairləri Avni, Salonikili Mustafa, Aka Gündüz Kutbay, Nazım Hikmət və xalq ədəbiyyatı sahəsində professor Pertev Nail Boratavı misal göstərə bilərik.

Qərbi Trakya şairi Əlirza Saraçoğlu türk olmağın nə qədər nəcib duyğu olduğunu “Türkük!” adlı şeirində dilə gətirir. Şair Qərbi Trakyadakı türklərin türk kimliyini inkar edənlərə qarşı bir ağızdan türk olduqlarını hayqırtılarını belə təsvr edir:

Bu azlığın insanları nəcibdir

Hamısı türk qanı daşıyır

Hamısı türkdür, Tanrı dağı qədər...

Necə də xoşbəxtik; biz Türkük!

Bizi inkar edənə, “Türkəm!” deyirik.

Nəbzimiz “Türkəm!.” deyərək atır.

Şair Qərbi Trakyadakı türk azlığının Fateh Sultan Məhmədin nəvələri olduğunu xatırladaraq türklərin şanlı soyuna da işarə edir:

Biz Fatehin övladlarıyıq!

Biz şanlı bir millətin nəticələriyik

Soylu əcdadımızın qanı var!..

Qərbi Trakya türklərinin dindar müsəlman olduğunu bildirən şair, bu insanların qəlblərindəki imanla, dillərindəki və ruhlarındakı türk olma qüruru ilə yaşadıqlarını da dilə gətirir:

Hira dağı kimi müsəlman,

Tanrının dağı kimi Türkük!

Tərtəmizdir qanımız

Şükürlər olsun! Qəlbimiz imanla doludur, həmvətənlər...

Sinənizi gərə-gərə “mən Türkəm!” deyin

Hər kəs öz dinində, dilində, milliyyətində azaddır! Bunu bilin!

Mənliyinizi cəsarətlə qoruyun dostlar...

Bizlər ki, türkcə danışırıq

Türkcə oxuyuruq

Türkcə yazırıq...

Biz türklərə yaraşan kimi yaşayırıq...”

Vurğulanması lazım olan başqa bir məsələ də Balkan türk ədəbiyyatında Türk dünyasının əhəmiyyətidir. Məlum olduğu kimi, millətlər həmişə bir-birindən təsirlənmişlər. Bu təsir bəzən müsbət, bəzən isə mənfi halları önə çıxarmışdır. Ayrı-ayrı coğrafiyalarda olsalar da, bir-birindən ayrılmama nəticəsində yaranan münasibətlər ədəbiyyatda da öz əksini tapmışdır. Balkanlar hələ də Türk dünyasının və ədəbiyyatının qərb qanadını təmsil etməkdə davam edir. Orta Asiya və ya Türküstandan Adriatik dənizinə qədər “qitələrarası” adlandırılan geniş bir coğrafiyaya yayılan Türk dünyası arasındakı əlaqələr, saysız-hesabsız çətinliklərə baxmayaraq, tarixin hər dövründə fərqli intensivliklə davam etmişdir.

Azərbaycan ədəbiyyatının Şimali Makedoniya türk ədəbiyyatına təsiri

Azərbaycan ədəbiyyatı Makedoniya türk ədəbiyyatına mühüm təsir göstərmişdir. Bu təsir xüsusilə tarixi, mədəni və dil oxşarlığı baxımından əhəmiyyətlidir. Həm Azərbaycan, həm də Makedoniya Osmanlı İmperiyasının tərkibinə daxil olduğu tarixi dönəmdə, bu dövrün ədəbi irsi hər iki ölkənin ədəbiyyatına dərindən təsir etmişdir. Azərbaycan və Makedoniya Osmanlı İmperiyasının müxtəlif bölgələrində yerləşsə də, Osmanlı mədəniyyətinin təsiri hər iki xalqın ədəbiyyatında öz izini qoymuşdur. Osmanlıdan miras qalan divan ədəbiyyatı hər iki ədəbiyyatın əsasını təşkil edən mühüm mənbədir. Bu təsir xüsusilə şair və yazıçıların istifadə etdikləri farsca və ərəbcə sözlər, terminlər, divan ədəbiyyat janrları olan qəzəllər, qəsidələrdə aydın bir şəkildə müşahidə olunur.

Azərbaycan şair və yazıçıları necə Osmanlı divan ədəbiyyatından təsirlənmişdisə, Makedoniyadakı türk şair və yazıçıları da divan ədəbiyyatından eyni şəkildə təsirlənmişlər. Azərbaycan ədəbiyyatı, xüsusən də xalq ədəbiyyatı və epik ənənə baxımından Makedoniya türk ədəbiyyatı üçün ilham mənbəyi olmuşdur. Azərbaycan şair və yazıçılarının əsərlərində istifadə etdikləri qəhrəmanlıq, sevgi, təbiət və ictimai tənqid kimi mövzular Makedoniya türk ədəbiyyatında da oxşar şəkildə işlənmişdir. Bunu xalq nağılları və mənzum əsərlərdəki tematik paralellərdən aydın görmək olar.

Azərbaycan və Makedoniya Türk dünyası ədəbiyyatının formalaşmasına mühüm təsir göstərmişdir. Makedoniyada türkcə yazan yazıçılarla, Azərbaycanda yazıb yaradan ədiblər şeir, hekayə və roman janrlarında ədəbi körpü qurmuşlar. Azərbaycanda və Makedoniyada yaşayan türklərin ədəbiyyat nümayəndələri bir-birlərinin ədəbiyyatlarını tədqiq etmiş, öyrənmiş, zaman-zaman ünsiyyətdə olmuşlar. Makedoniyadakı türk əhalisi arasında azərbaycanlı şair və yazıçılar tanınır, Makedoniya türk şairlərinin əsərləri Azərbaycanda da maraqla izlənilir. Bu qarşılıqlı təbliğat hər iki ədəbiyyatın daha da inkişafına töhfə vermişdir.

Azərbaycan ədəbiyyatı öz xalqının tarixi, ictimai-sosial və mədəni problemlərindən bəhs edərkən, Makedoniyadakı türk yazarlarına da oxşar mövzularda çalışmaq üçün ilham vermişdir. Həm Azərbaycan, həm də Makedoniya tarix boyunca müxtəlif millətlər və mədəniyyətlərlə qarşılıqlı əlaqədə olmuş və təsirlənmişlər. Bu qarşılıqlı təsirlər ədəbiyyatın həm fərdi, həm də sosial baxımdan daha dərin və çoxşaxəli olmasına səbəb olmuşdur. Azərbaycan ədəbiyyatında qələmə alınan ictimai-sosial və mədəni mövzular, eyni şəkildə Makedoniyada türk yazıçıları tərəfindən qələmə alınmışdır.

Bu gün də Azərbaycan və Makedoniya türk ədəbiyyatçıları arasında davamlı ədəbi qarşılıqlı əlaqələr, təsirlənmələr mövcuddur. Azərbaycandan gələn çağdaş şair və yazıçıların əsərləri Makedoniyada türk ədəbiyyatına əhəmiyyətli təsir göstərmişdir. Bu təsir xüsusilə yeni nəsil yazıçılar arasında özünü göstərir. Nəticə olaraq bildirmək lazımdır ki, Azərbaycan ədəbiyyatı həm tarixi, həm də mədəni baxımdan Makedoniya türk ədəbiyyatına böyük təsir göstərmişdir.

Divan ədəbiyyatı ənənəsindən, linqvistik oxşarlıqlardan, şair və yazıçıların qələmə aldıqları mövzuların oxşarlıqlarından, qarşılıqlı ədəbi fəaliyyətdən irəli gələn bu təsir hər iki ədəbiyyatın inkişafında mühüm rol oynamışdır. Bu qarşılıqlı ədəbi əlaqə iki xalqın mədəni əlaqələrini gücləndirən və möhkəmləndirən əsas amildir deyə bilərik. Ədəbiyyat nümayəndələri öz aralarında ədəbi əlaqələri quraraq, bir-birlərinin əsərlərindən ilhamlanaraq, bir-birinin ədəbi dilinə, qələmə aldıqları mövzulara, eyni zamanda ədəbiyyat dünyasına təsir göstərmişlər. Azərbaycan və Makedoniya tarixən Osmanlı İmperiyasına bağlı olduqları üçün hər iki mədəniyyət oxşar dil və mədəni irsi paylaşır. Makedoniya türk ədəbiyyatının nümayəndələri bu ortaq dəyələri mənimsəməklə Azərbaycandan gələn ədəbi irsi Makedoniya türk ədəbiyyatına inteqrasiya etdirmişlər. Bu baxımdan Azərbaycan ədəbiyyatındakı türk dilinin zənginliyi və ədəbi janrlar Makedoniya türk ədəbiyyatında da öz əksini tapmışdır.

Balkan türklərinin şeirlərində “Türküstan” və “Türk dünyası” mövzularından tez-tez istifadə olunur. Bu mövzular coğrafi, siyasi və tarixi oxşarlıqlara görə ədəbiyyatda mühüm yer tutur. Son 70 ildə aparılan araşdırmalar göstərir ki, bu mövzular Balkan türk poeziyasında müxtəlif aspektlərdən qələmə alınır və Türküstan-Balkan coğrafiyası arasında münasibətlərin bu gün də davam etdiyini göstərir. Türk dünyasının ortaq mədəni dəyərlərini qorumaq və gələcəyə ötürmək türk millətinin ortaq məsuliyyəti və ən ümdə vəzifəsidir. Balkanlarda yaşayan türklərin mədəniyyəti bütün türklərin mədəniyyətini zənginləşdirir. Bu mədəni irsin qorunması olduqca vacib amildir.

Türk şair və yazıçıların əsərləri türk mədəniyyətinin bələdçisi rolunu oynayır, eyni zamanda türkün qədim tarixinə, Osmanlı dövrünə dair məlumatlar verir. Balkan türk ədəbiyyatı türk dilinin Balkan coğrafiyasında aynası rolunu oynayır və Osmanlı dövründən günümüzə qədər inkişaf etməkdədir. Bu ədəbiyyat Balkan dövlətlərinin ədəbiyyatlarından təsirlənərək zamanla özünəməxsusluq qazanmışdır.

Balkan türkləri poeziyada özünəməxsusluq qazanaraq şeirlərdə xalq mahnıları, mərsiyələrə yer verilmişdir. Şairlər poeziyaya ironik bir ab-hava və mücərrədlik qatmışlar. Balkan türkcəsi ümumiyyətlə, bir müddət qapalı qalmış və inkişaf etməsi çətin olmuşdur. Bu çətinlik Balkan türk ədəbiyyatının bugünkü türkcədən ayrılmasına da səbəb olmuşdur.

Dilin öz coğrafiyasından təsirlənərək inkişaf etdiyi aydın məsələdir. Balkan türkcəsi də bu təsirlənmədən uzaq qaldığı üçün dilin ifadə olunmasında çətinliklər yaşanmışdı. Bu çətinlik də ədəbi əsərlərin oxucu tərəfindən tam olaraq başa düşülməməsinə səbəb olumuşdu.

Türk dünyası üçün Balkanlar həm tarixi dərinlik, həm də ədəbi-mədəni əlaqələr baxımından böyük əhəmiyyət daşıyır. Türk dili Balkanlarda yaşayan türk toplumlarının öz milli kimliklərini və mədəni əlaqələrini qoruyub saxlamaları üçün bir vasitə olmuşdur. Balkan türk ədəbiyyatı bu dilin və mədəniyyətin parlaq aynasıdır. Əksəriyyəti sosializm dövründən sonra çap olunan bütün məqalələrinin sonunda ədiblərin bir çox seçilmiş şeirlərinə də yer ayrılırdı.

Həmçinin, “Səslər” jurnalının 1966-cı il tarixli 8-ci nömrəsində İlhami Eminin tərcüməsilə Azərbaycanın tanınmış şairi Rəsul Rzanın bir şeiri dərc olunmuşdu. Makedoniya türklərinə tanıtmaq məqsədi ilə jurnalın müxtəlif nömrələrində Azərbaycanın Molla Pənah Vaqif, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri kimi dahi şairlərinin poeziyalarına da yer ayrılmışdır.

Azərbaycanla Qərbi Trakya arasında əlaqələr də mühüm məsələlərdəndir. Qərbi Trakya şairləri həmişə Azərbaycan sevgisini, sovet rejimi dövründə azərbaycanlıların yaşadıqları iztirabları şeirlərində qələmə almışlar. Bu dərdə şərik çıxma təktərəfli olmamış, Azərbaycan ədəbiyyatında da Qərbi Trakya ədəbiyyatından təsirlənərək ədəbi əsərlər yazılmışdır.

DAVAMI:

https://www.facebook.com/share/p/1B9Ljvo2oF/


MANŞET XƏBƏRLƏRİ