Aktotı xanım Raimkulova - Türk mədəniyyətinin ləyaqət simvolu


“Qadın gülərsə, şu ıssız bəşəriyyət güləcək...

Sürüklənən bəşəriyyət Qadınla yüksələcək" - deyərək "Peyğəmbər" əsərində qadını "bəşəriyyətin xilaskarı" adlandırırdı Hüseyn Cavid.

Bəli, qadın olmaq sözün bütün mənalarında ən ali səadətdir. Bu səadət o zaman daha da ülviləşir və bütövləşir ki, dünyaya fərqli özünəməxsus baxışı olan, bütün mənəvi-əxlaqi, ruhani, irfani gözəllikləri özündə hifz edən Uca qadın olasan...

İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü bənzərsiz bir təcrübə, əvəzsiz bir nümunə olur - insanlıq, fədakarlıq, zəhmətsevərlik, saflıq, səmimilik, şərəf və ləyaqət nümunəsi... Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, sənətşünaslıq elmlər doktoru, professor Aktotı xanım Raimkulova məhz belə insanlardandır.

Açıklama yok.

Bütün Türk dünyası miqyasında, ortaq mədəniyyətlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında gördüyü bir-birindən gözəl işlərlə, atdığı bütün addımlarıyla böyük İsmayıl bəy Qaspıralının “dildə, fikirdə, işdə birlik” yoluna sədaqətini və mənəvi varisliyini zəhmətiylə ərsəyə gətirdiyi işlərlə sərgiləyən, ilk gənclik illərindən başlayaraq türk toplumlarının mənəvi- ictimai həyatında əlindən gələni böyük ürəklə, milli təəssübkeşlik hissi və yüksək zəhmətsevərliklə həyata keçirməsi Aktotı xanım Raimkulovanın fədakar xarakterindən, mərdanəliyindən, yorulmaz əməyindən, ləyaqətli vətəndaşlığından və ən əsası yüksək İnsanlığından xəbər verir.

Bu gün alnının təri, istirahətsiz ömrünün bəhrəsi və xəmiri halallıqdan yoğrulmuş əllərinin yorulmaz əməyiylə addım-addım ucalan Aktotı xanımın şərəfli ömrünün müdriklik zirvəsindən yaşadıqlarını kitab kimi vərəqlədikcə bu şərəfli ömür yolunun bütövlükdə türk gəncliyi üçün nə qədər dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, sadəlik, səmimilik, təvazökarlıq, ailəcanlılıq, gözəl əxlaq, böyüyə hörmət, uşağa məhəbbət, dosta sədaqət, ziyalılıq və ən əsası İNSANLIQ nümunəsi…

Açıklama yok.

Mustafa Kamal Atatürkün dilimin əzbəri olan gözəl bir sözü var: “Yer üzərində gördüyümüz bütün gözəlliklər Qadınların əsəridir.” Bəzən o qadınlar zəkası, zəhmətsevərliyi, biliyi, bacarığı ilə elə gözəl nəqş edirlər ki, bu dünyanı… Tanrı özü də xəlq etdiyi zər kimi insanların zərgər əməyinə heyran qalır…

Bəli, böyük Atatürkün söylədiyi kimi, Tanrı öz fitrətindən yaradıcı güc bəxş edib qadını yaradanda… Öz İşığı, zəngin dünyagörüşü, dərin biliyi, ağlı, zəkası, peşəsinə sədaqəti, insanlığı, xanımlığı, alicənablığı, kübarlığı, yüksək natiqlik qabiliyyəti, zəhmətkeş əlləri və işində son dərəcə peşəkarlığı ilə çalışdığı bütün kollektivlərdə böyük sevgi və inam qazanan, cəmiyyətdə yandırdığı İşıqla Türk qadını adına həmişə ucalıq bəxş edib Aktotı xanım Raimkulova…

Adı da əməlləri kimi, gözəl çöhrəsi kimi işıq saçan, mələk qəlbli Aktotı xanımın əmək fəaliyyətini yaxından izlədikcə bu nur simalı xanımın ictimai həyatın və cəmiyyətimizin sosial-mədəni sferası üçün nəzərdə tutulan saysız-hesabsız layihələrin gerçəkləşməsi istiqamətində böyük ürəyini, fədakarlığını müşahidə etdikcə Türk xanımının bunca ziyalı səviyyəsinə, zəhmətsevərliyinə heyranlıqla qürur hissi keçirmişəm.

Açıklama yok.

Türk Dövlətlərinin Başçıları tərəfindən professor Aktotı xanım Raimkulovanın bir il öncə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunması bizim hamımıza xoş bir ərməğan oldu. Müasir dövrdə Türk xalqlarının hərtərəfli inteqrasiya proseslərinin gücləndirilməsində, türk dövlətlərinin mədəni əlaqələrinin inkişafında Fondun və dəyərli Aktotı xanımın xidmətləri müqayisəyə və ölçüyəgəlməz dərəcədə böyükdür.

Aktotı xanımın Fonda rəhbər təyin edildiyi vaxtdan etibarən ictimai-mədəni fəaliyyətini, həyata keçirdiyi tədbirləri, qısa zaman kəsiyində nəşrə hazırladığı 17 kitabı, düzənlədiyi kitab təqdimatlarını, Fond olaraq qatıldıqları beynəlxalq kitab sərgilərini və Aktotı xanımın qatıldığı konfrans və forumlarda, görüşlərdə Azərbaycan türkcəsində mükəmməl və məlahətli çıxışını qürurla izləmiş və son dərəcə yüksək qiymətləndirmişik. Azərbaycan ziyalılarına göstərdiyi xüsusi qayğı və sayğı, hətta elm xadimlərimizi kitablarıyla, əsərlərinə istinadən xatırlamağı, diqqətcilliyi və təvazökarlığı hər birimiz tərəfindən yüksək rəğbətlə qarşılanmaqdadır.

Aktotı xanımın mədəniyyətlərimizin tərəqqisinə yönəlmiş bütün xidmətləri, o cümlədən qardaş türk dövlətləri ilə elmi-mədəni-ədəbi müstəvidə dostluq, qardaşlıq və əməkdaşlığın inkişafı istiqamətində gördüyü gözəl işlər geniş mədəni aləmdə töhfələr verməkdədir.

Açıklama yok.

Türk Mədəniyyəti və İrsi Fondunu Türk əməkdaşlıq təşkilatlarının əsas qurumlarından biri olaraq Türk dünyasının mədəni dəyərlərinin qorunması, bərpası və təbliği istiqamətində müqayisəgəlməz dərəcədə gözəl işlər görür. Fondun prioritet vəzifələrindən biri "Turkheritage" ümumtürk mədəni irs obyektlərinin çoxdilli kataloqunun, türk dünyasının mədəni irs obyektlərinin rəqəmsal platformasının yaradılması, təcrübə mübadiləsi üzrə beynəlxalq təhsil proqramlarının həyata keçirilməsi, mədəni irs mərkəzlərinin açılması, eləcə də qardaş türk xalqlarının mədəni dəyərlərinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində Türk dövlət başçılarının Fond qarşısında qoyduğu digər vəzifələrin yerinə yetirilməsidir.

Türk Mədəniyyəti və İrsi Fondunun missiyası Türk dünyasının zəngin irsini və mədəniyyətini qorumaq, öyrənmək və beynəlxalq aləmdə təbliğ etməkdir. Təşkilatın prioritet istiqamətlərindən biri türk xalqlarının görkəmli şəxsiyyətlərinin zəngin irsinin gələcək nəsillərə ötürülməsidir. Fond bu yöndə "Türk dünyasının görkəmli şəxsiyyətləri", "Türk dünyasının ədəbi inciləri", "Türk dünyasının elmi inciləri" adlı silsilə kitablar nəşr edir. Nəşr olunan kitabların hər biri milli və bəşəri məzmunu ilə diqqəti cəlb edir. Sözün həqiqi mənasında Fondun qarşıya qoyduğu bütün məqsəd və vəzifələr hörmətli Aktotı xanımın rəhbərliyi altında ən yüksək səviyyədə həyata keçirilir. Təməlində mədəniyyətin dayandığı bu müstəsna fəaliyyətlər Aktotı xanımın peşəkar rəhbərlik və yaradıcılıq qabiliyyətinin uğurlu nəticələridir və bu uğurlar Azərbaycanda, eləcə də qardaş türk dövlətlərində rəğbətlə təqdir olunur.

Açıklama yok.

Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır. Amma gənclik illərindən zəhmətə qatlaşmağı bacarmaq, kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur… Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Aktotı xanım Raimkulova məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, Türk dünyası üçün gözəl işlər görməkdən yorulmayan, şərəfli ömrünü fədakarlıqla cəmiyyətimizin mədəni rifahına həsr edən böyük ürəkli vətəndaş ziyalıdır Aktotı xanım…

Azərbaycan yazıçısı Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş “Rəmiş” adlı maraqlı bir hekayəsi var, yazır ki: “Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş “Segah” çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var” - deyir.

Nədənsə Aktotı xanım haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Aktotı xanımın özünə, sözünə, işıqlı əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, “kişiliyim çatmasa da”, vicdanı, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və Türk dünyasının mənəvi-mədəni rifahı üçün rahatlıq tapmadan əmək sərgiləyən, yorulmadan çalışan, istənilən məqamda, istənilən situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıqlı xanımın ünvanına bu yazımı yazmağın vəfa borcumuz olduğunu düşünürəm...

Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Aktotı xanım şəxsiyyəti ilə sözü bir-birini tamamlayan bütöv bir insandır. O, uzun illərdir ki, sözündə bütövlüyünü işində şəffaflığıyla, gözəl əməlləriylə sübuta yetirib...

Professor Aktotı xanım Raimkulovanın əsasını qoyduğu, yaradıcı bədii rəhbəri olduğu, "Türk mədəniyyətinin təmsilçisi" fəxri titulunu daşıyan "Turan" etno-folklor ansamblı bu gün qeyri-adi səs tembrinə və ecazkar istedada malik qazax gəncləri - Serik Nurmoldayev, Abzal Arıkbayev, Ərjiqit Əliyev, Bauırjan Bekmuxanbetov, Maksat Medubekin timsalında Türklüyün səsini bütün dünyaya çatdırırlar. Bu da Aktoti xanımın Türk mədəniyyətinə xidməti və uğurudur.

Açıklama yok.

Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi insanların qəlbinə gedən yoldur. Əslində, vəzifələr, fəxri adlar, təltiflər, titular, ödüllər və bu kimi nəsnələrin hamısından ucada duran məqam: qəlblərə gedən yolu bulmaq, düşüncələrdə işıqlı üfüq aça bilməkdir. Zəkası, ziyası, dərin düşüncəsi, səmimiyyəti, peşəsinə sədaqəti, insanlığı, işində peşəkarlığı, gülər üzü və səmimiyyəti ilə ürəklərə gedən o yolu əməlləriylə fəth edən gözəl, əziz, doğma, dəyərli Aktotı xanımın təqdirəlayiq əməyini ayaqüstə alqışlayırıq...

Ömrün müdriklik zirvəsindən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün yorğunluqlara, çətinliklərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yol qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.

Bu dünyada vicdanına qəlbən sadiqliyin, zəhmətkeş əllərin, gözəl əməllərin, səmimiyyətin, təmiz sözün, fədakar ürəyin və ən əsası gördüyün işlərdə şəffaflığın, dürüstlüyün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu...Tanrı bu Ucalığı Aktotı xanım Raimkulovanın yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, zərif çiyinləriylə böyük mənəvi sorumluluqları üstlənən və görəvini ən üst düzeydə ən gözəl şəkildə tamama erdirən sevgili Aktotı Xanım!

Bu qala bizim qala,

Həmişə bizim qala

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala...

Sanki Sizin şəninizə söylənib bu nəğmə, dəyərlim Aktotı xanım! Türk dünyamızın hər guşəsində xeyirxah əllərinizin işıqlı izi var. Yaxşılıqlara körpü salan əllərinizdən öpürəm!

Açıklama yok.

Yaxşı ki varsınız, Aktoti xanım! Nə yaxşı ki Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı...

Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir... Aktotı xanım Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir. Yorulmaq bilmədən mədəniyyətlərimizin çiçəklənməsi, mənəvi irsin qorunması üçün əlindən gələndən daha çox əmək sərf edir...

Bu həyatda təkcə təmiz adını yox, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Aktotı xanım Raimkulovanın şərəfli ömür yolu bizim hamımız üçün, bütövlükdə türk gəncliyi üçün dəyərli bir nümunədir.

Vicdanlı vətəndaş və ziyalı xanım olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü millət, vətən, xalq, mədəniyyət və maarif yolunda fəda edə bilməkdi,ki bunu da hamı bacarmır... Hər kəsin sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə çox böyük ucalıqdasınız, Aktotı xanım!

Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda Aktotı xanım kimi yüksək mədəniyyət sahibi, zəngin dünyagörüşlü, vicdanlı, dürüst, zəhmətkeş, peşəsinə vurğun, dəyanətli, kübar, mələk çöhrəli, pak qəlbli, səmimi, gözəl əxlaqlı, böyük ürəkli, fədakar insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Düşüncələri, əməlləri ilə cəmiyyətimizə işıq salan belə İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın...) varlığını bilmək adama təsəlli olur. Düşünürsən ki, yaşadığımız bu dünya, bizi xəlq edən bu torpaq Aktotı xanım Raimkulova ləyaqətdə ər qeyrətli qadını, belə qutsal və uca İnsanı yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır...

Sonsuz sevgi və sayğılarla:

Dr. Xəyalə Əfəndiyeva


MANŞET XƏBƏRLƏRİ