İstanbul Universiteti, Türkiyyat Araşdırmaları İnstitutu və İstanbuldakı Azərbaycan "Eğitim, Kültür ve Sosyal Dayanışma" Dərnəyinin birgə düzənlədiyi "Türk xalqlarının mühacirət ədəbiyyatı" Beynəlxalq Simpoziumu 23-24 Noyabrda İstanbulda gerçəkləşdi. Dünyanın çeşidli yerlərindən gələn 40-a yaxın bilim adamının toplaşdığı simpoziuma İstanbul Universiteti ev sahibliyi etdi. Simpoziumu giriş sözü ilə açan Dərnəyin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Şərqiyyə Məmmədova ömrünü ədəbiyyata və Turan Birliyinin qurulmasına adamış böyük şəxsiyyətlərin çəkdiyi çilələrdən, keşməkeşli həyat yolundan və belə bir simpoziumun bu günlərdə qurulması yolunda böyük addımlar atılan Turan Birliyinə dəstək olacağından söz açdı.
Daha sonra İstanbul Universitetinin rektoru professor Osman Bülənd Zülfikar köç və mühacirət probleminin tarixən bütün türk xalqlarının, özəlliklə yazarların, şairlərin taleyində acı rol oynadığını və bunun ədəbiyyatda öz əksini tapdığını vurğuladı.
Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Türkiyəyə köc edən İstanbul Universitetinin professoru, Türkiyyat Araşdırmaları İnstitunun qurucusu Əhməd Cəfəroğlunun qızı, Sabancı muzeyinin müdiri professor Nazan Ölçer simpoziumun kecirilməsindən məmnunluğunu ifadə edərək, atasının həyatının son anlarına qədər başı üstündə üc rəngli Azərbaycan bayrağı asdığını böyük qürurla dilə gətirdi.
Millət vəkili, professor Rəfael Hüseynov isə türk xalqlarının zaman - zaman amansız təzyiqlərə, təqiblərə məruz qaldığını, köckün və mühacir həyatı yaşadıqlarını vurğulayaraq, "mühacirət ayrı düşməkdir, insanların vətənindən, bir- birindən uzaqda yaşamasıdır, amma mühacirət düşüncəsi, mühacirətdə yaşayanları xatırlamaq, onları anmaq birlikdir, bərabərlikdir, bir daha belə halların baş verməməsi üçün həmrəylik nümayiş etdirməkdir" deyərək bu simpozumun önəmini xüsusi vurğuladı.
İki gün davam edən simpoziumda fərqli mövzularda düzənlənən panellərdə çıxış edən alimlər müxtəlif represiyalara məruz qalan yazarlardan, tarixi şəxsiyyətlərdən, dövrünün mövcud siyasi rejiminin təzyiqləri üzündən öz ana dilində danışmağı yasaqlanan türk xalqlarının mənəvi sarsıntılarından və bütün bunların ədəbiyyatda öz əksini tapmasından danışdılar.
Adının çəkilməsini istəməsə də, belə bir önəmli simpoziumun təşkilinə və ədəbiyyatın inkişafına göstərdiyi dəstəklərinə görə iş adamı Anar Əlizadəyə biz də təşəkkür edirik.
Yaqut Misirxanlı
İstanbul