Ukrayna Rusiyanı Amerika raketləri ilə vuracaq? - Əks zərbələr dəhşətli nəticələrə səbəb olacaq


ABŞ prezidenti Co Bayden administrasiyası Ukraynaya Rusiyaya qarşı uzaqmənzilli Amerika raketlərindən istifadə etmək üçün lazımi icazəni verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Belə ki, Ukraynanın yaxın günlərdə Rusiyaya uzaq mənzilli raket zərbəsi endirməyə hazırlaşdığı bildirilib.

Hücumlarda 300 kilometr mənzilli ATACMS (ATAKMS) raketlərindən istifadə ediləcəyi qeyd olunub.

Bu hücum reallaşarsa, nəticəsi necə olacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ-nin Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə zərbə endirmək icazəsi verməsi Ukrayna savaşının daha təhlükəli istiqamətlər almasına yol aça bilər.

Onun sözlərinə görə, ABŞ ilə yanaşı NATO da Ukraynaya belə bir icazə verib ki, böyük ehtimalla da Ukrayna bu icazədən istifadə edə bilər və bu halda Rusiyanın əks zərbələri daha dəhşətli nəticələr doğura bilər.

Elçin Xalidbəyli, politoloq

Politoloq izah edib ki, Rusiyanın bəzi siyasi dairələrinin açıqlamalarına görə, Rusiyanın dərinliklərinə zərbələr endirilərsə, bu halda ABŞ və Qərb, eləcə də NATO Ukrayna savaşının birbaşa iştirakçısı kimi qəbul olunacaq və buna da ən radikal şəkildə cavab veriləcək. Həmçinin Kremlin cavab zərbələrində əsas hədəfin Ukrayna ilə yanaşı Qərb ölkələri olacağı bildirilir:

“Bayden administrasiyasında bəzi şəxslər verilən icazə icra olunacağı təqdirdə Rusiyanın cavab zərbələri ilə ABŞ-ni və digər Qərb ölkələrini hədəf alacağından narahatdırlar. Amma belə anlaşılır ki, ABŞ-də və NATO-da bu təhlükəni nəzərə alıblar və böyük ehtimal ilə Ukrayna savaşının ətrafında yaranmış vəziyyətin dəyişdirilməsinə yönəlik cəhdlər göstərmək qərarına gəliblər”.

Müsahibimiz Tramp administrasiyasının səlahiyyətlərinin icrasına başlamasa da, savaşın dayandırılması istiqamətində addımlar atmağa başladığını nəzərə çatdırıb. Bildirib ki, yaxın vaxtlarda Ukrayna ərazilərinin itirilməsi hesabına Rusiya ilə sülh sazişinin imzalanmasına dair planın icrasına cəhd göstərilir.

E.Xalidbəylinin sözlərinə görə, həm Bayden administrasiyası, həm də NATO-da bəzi dairələr Tramp adminsitrasiyasının Rusiya ilə sülh sazişi imzalamaq planının qarşısını almağa çalışırlar . Onlar elə bir stiuasiya yaratmaq istəyirlər ki, bu planın icrası mümkün olmasın, savaş elə bir istiqamətlər alsın ki, yaxın vaxtlarda Ukrayna savaşının dayandırılması ilə bağlı müzakirələrin aparılması üçün şərait olmasın:

“Yəni stiuasiyanın qəlizləşməsinə yönəlik hərəkətlər göstərirlər. Bu baxımdan hadisələrin hansı istiqamətə yönələcəyini müəyyən etmək üçün Ukraynanın ABŞ və NATO tərəfindən verilmiş icazəni icra edəcəyi təqdirdə Rusiyanın verəcəyi cavabı gözləmək lazım gələcək”.


MANŞET XƏBƏRLƏRİ