İrana bağlı hakerlərin İsrail nüvə alimlərinə məxsus məxfi məlumatları ələ keçirərək açıqladığı iddia edilib. İsrail mətbuatında yer alan xəbərlərə görə, bu kiberhücum İsrailin təhlükəsizliyinə böyük təhlükə yaradır.
Turkustan.az xəbər verir ki, İsrailin “Haaretz” qəzetinin məlumatına görə, İran kəşfiyyatına bağlı olduğu iddia edilən hakerlər Təl-Əvivin cənubundakı Sorek Nüvə Araşdırmaları Mərkəzində çalışan alimin məlumatını dərc ediblər. Sızdırılan sənədlərdə SARAF hissəcik sürətləndiricisi layihəsinin görüntüləri və digər nüvə mütəxəssislərinin adlarının olduğu iddia edilib.
Hakerlərin sözügedən alimin cib telefonu və ya elektron poçt hesabından məlumatları əldə etdiyi düşünülür. Bundan əlavə, radiasiya təhlükəsizliyi üzrə ekspert işləyən bu şəxsin pasport şəkli də internetdə paylaşılıb.
İsrailin diplomatik və hərbi rəsmilərinin də məlumatları sızdırılıb
İranla əlaqəli hakerlər həmçinin İsrailin ABŞ-da hərbi attaşesi vəzifəsində çalışmış bir məmurun, İsrailin hazırkı səfiri və onların ailələrinin məlumatlarını açıqlayıb. İsrail Müdafiə Nazirliyinin keçmiş baş direktoruna məxsus şəxsi fotoşəkillər və sənədlər də bu kiberhücumun hədəfi olub.
İsrail rəsmilərindən açıqlama yoxdur
İsrailin Milli Kiber Müdirliyi hadisə ilə bağlı şərh verməkdən imtina edib və baş nazirlik ofisinə şərh tələb edib. İsrail Daxili Kəşfiyyat Xidməti Şin-Bet hələ bir açıqlama verməsə də, İsrail Baş Nazirliyi araşdırmalar nəticəsində açıqlanan görüntü və planların İsraildəki bir obyektə aid olmadığını açıqlayıb.
Bu hadisə iki ölkə arasında uzun müddətdir davam edən gərginliyin kiberhücumlarla daha təhlükəli bir ölçüyə keçdiyini göstərir.
Eltac Zülfüqaroğlu/Turkustan.az