Ukraynada Rusiyanın hücumundan sonra aktiv döyüş fazasının başlanmasına qədər 18 milyon əmək qabiliyyətli insan var idi.
Turkustan.az xəbər verir ki, bu barədə iqtisadçı və İqtisadi Diskussiya Klubunun üzvü Oleq Penzin məlumat verib.
"Bizim 6,8 milyon vətəndaşımız ölkəni tərk edib, onların təxminən 4 milyonu əmək qabiliyyətli yaşda olan iqtisadi aktiv insanlardır", deyə Oleq Penzin "Kiyev24" kanalının efirində bildirib.
Penzin qeyd edib ki, Ukraynada 2000-ci ildən bəri əhali siyahıyaalması aparılmayıb və buna görə də, əhali sayı ilə bağlı bütün hesablamalar ekspert rəylərinə əsaslanır.
"Bu hesablamalara əsasən, bizdə 14 milyon əmək qabiliyyətli insan qalıb", deyə ekspert vurğulayıb.
O qeyd edib ki, bu rəqəmdən 6,5 milyon insan vergiləri ödəyən leqal biznesdə çalışır, 3 milyonu isə büdcədən maaş alır, o cümlədən təhlükəsizlik və müdafiə sektorunda işləyir.
Bundan əlavə, Penzin baş nazir Denis Şmıqalın 98 faiz çağırış vərəqələrinin vergilərini ödəməyən şəxslərə göndərildiyi barədə bəyanatına da münasibət bildirib. O, bunu belə izah edib:
"Dövlət Vergi Xidməti çağırış vərəqələrini göndərməyib, bunu Hərbi Komissarlıqlar və Müdafiə Nazirliyi edib, onların dəqiq vergi ödəyiciləri bazası yoxdur".
Hazırda Ukraynada müxtəlif səbəblərdən işləməyən təxminən 8 milyon iqtisadi cəhətdən qeyri-aktiv insan yaşayır. Bu barədə Ukraynanın iqtisadiyyat nazirinin müavini Tatyana Berejna məlumat verib. O qeyd edib ki, hökumət bu 8 milyon insanı iş fəaliyyətinə cəlb etməyə yönəlməlidir. /Qaynarinfo/