Tramp və qlobal sülh: müharibələrin taleyi necə olacaq? - AÇIQLAMA


Donald Tramp ABŞ-nin 45-ci prezidenti olaraq həm daxili siyasətdə, həm də beynəlxalq arenada bir çox mübahisələr və dəyişikliklərlə yadda qalıb. Onun idarəçiliyi həm də çox sayda siyasi təhlil və şərhə səbəb oldub.

Əksəriyyət Trampın gələcəkdəki potensial prezidentliyinin beynəlxalq münaqişələrə necə təsir edəcəyini müzakirə edir. Xüsusilə, İsrail-Fələstin münaqişəsi və Rusiya-Ukrayna müharibəsi kimi qlobal böhranların həlli məsələsi Trampın növbəti prezidentlik dövrü ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biridir.

Onun hakimiyyəti dövründə sözügedən müharibələr sona çatacaqmı?

Bakıvaxtı.azmövzunu Bakı Dövlət Universitetinin müəllimi, siyasi şərhçi Sultan Zahidovla birlikdə araşdırıb.

Mütəxəssisin sözlərinə görə, Trampın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri "America First" yanaşmasıdır. Bu, ABŞ-nin iqtisadi və təhlükəsizlik maraqlarını hər şeydən öndə tutmaqdır:

"Tramp administrasiyasının xarici siyasətində beynəlxalq ittifaqlara olan münasibətləri tənqid etməsi, müttəfiqlərlə ticarət sazişləri və müdafiə xərclərini yenidən qiymətləndirməsi, həmçinin güclü hərbi mövcudluğa əsaslanması diqqət çəkirdi. Bu yanaşma bir tərəfdən ABŞ-nin dünya siyasətindəki hegemon rolunu təmin etməyə çalışır, digər tərəfdən, ölkənin beynəlxalq yükünü azaltmağa yönəlmişdi".

S.Zahidov bildirib ki, Trampın xarici siyasətinə olan tənqidlərə baxmayaraq, onun dövründə bəzi münaqişələrdə bəzi nailiyyətlər əldə edildi. Onun sözlərinə görə, İsrail və bəzi ərəb ölkələri arasında əlaqələrin normallaşması xüsusilə Trampın prezidentliyi dövründə həyata keçirdiyi diplomatik təşəbbüslər nəticəsində mümkün oldu:

"Trampın İsrail-Fələstin münaqişəsinə yanaşması əsasən İsrailin maraqlarını dəstəkləyən bir siyasət üzərində qurulmuşdu. Onun dövründə ABŞ İsrailin ərazisi kimi Qüdsü tanıdı və ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürdü. Bu addım Fələstinlilərin ciddi etirazına səbəb olsa da, İsrailin tərəfdarları tərəfindən böyük bir diplomatik uğur kimi qəbul edildi. Düşünürəm ki, müharibədə aktivləşmələr də ola bilər. Məsələ İranın üzərinə yönələ bilər. Onun ABŞ-yə rəhbərliyi dövründə Fələstin tərəfi ilə hər hansı bir sülh danışıqları ciddi şəkildə irəliləmədi, çünki Trampın müzakirə üsulu ABŞ-nin tərəfsiz olmasından daha çox İsrailin maraqlarını üstün tutmağa yönəlmişdi. Lakin Truampın sülh prosesinə gətirə biləcəyi potensiallar arasında bir neçə əsas faktor var”.

Sultan Zahidov, politoloq

Müsahibimizin fikrincə, Trampın Fələstin və İsrail arasında münaqişənin sonlanmasına yönəlmiş konkret bir vasitəçi olmadığı halda, o, ərəb ölkələri ilə əlaqələri gücləndirə bilib. Onun dediyinə görə, Bəhreyn, Əmirliklər və Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrin qurulması müəyyən mənada Fələstin məsələsinə yeni bir prizmadan yanaşmağa imkan yaradıb. Bu, gələcəkdə müəyyən şərtlər altında sülhə daha yaxın bir yanaşma təmin edə bilər. Həmçinin, onun qərarsız və bəzən sərt siyasəti Fələstin liderliyinə təzyiq tətbiq edərək onları müəyyən danışıqlara məcbur edə bilərdi. Lakin bunun effektivliyi və uzunmüddətli təsiri, xüsusən münaqişənin əsas tərəfi olan ərazilərin paylaşılması məsələsində, ciddi suallar doğurur.

Trampın ikinci dəfə prezident olması ilə Rusiya-Ukrayna müharibəsinin sülhə qovuşması məsələsi ilə bağlı sualların ortaya çıxdığını qeyd edən siyasi şərhçi deyib ki, Trampın yanaşması, böyük ehtimalla, daha çox diplomatik yollarla müharibənin sona çatması və tərəfləri birləşdirən ticarət və enerji maraqlarının ön plana çıxması olacaq:

"Tramp ilk prezidentlik dövründə Rusiya ilə münasibətləri daha yaxın tutmağa çalışmışdı. Bununla yanaşı, ABŞ Konqresi və ictimaiyyətinin təzyiqi ilə Rusiya ilə münasibətləri sərtləşdirmək məcburiyyətində qaldı. İkinci dəfə prezident olduğu təqdirdə Trampın təbii olaraq Rusiya ilə daha konstruktiv, lakin eyni zamanda Amerika maraqlarına uyğun bir münasibət qurmağa çalışması mümkündür. O, müharibələrdə hələ də üstünlük əldə etmək üçün qarşı tərəfə təzyiq göstərmək və "baxış açısını dəyişdirmək" üzərində çalışır. Tramp daxili və xarici təzyiqləri nəzərə alaraq, Rusiya ilə münasibətləri daha çox möhkəmləndirə biləcəyi bir senarinin də mövcudluğu mümkündür".

Son olaraq ekspert Donald Trampın hakimiyyətə gəlməsinin nə İsrail-Fələstin münaqişəsinin, nə də Rusiya-Ukrayna müharibəsinin dərhal yekunlaşmasına gətirib çıxara bilməyəcəyi fikrini irəli sürüb:

"Trampın tətbiq edəcəyi daha sərt və bəzən qeyri-adi diplomatik yanaşmalar münaqişələrə yeni perspektivlər gətirə bilər. İsrail-Fələstin münaqişəsi üçün ərəb ölkələri ilə yaxınlaşma və tərəfdaşlıq üzərində qurulmuş bir strategiya müsbət nəticələr verə bilər, ancaq bu, hələ də çox mürəkkəb və qeyri-müəyyəndir. Rusiya-Ukrayna müharibəsi isə xüsusilə Trampın siyasətindəki qeyri-sabitlik və müharibənin geosiyasi tərəflərini nəzərə alaraq, müəyyən dərəcədə mürəkkəb bir vəziyyətdə qalacaq. Sülhün əldə edilməsi üçün daha çox zaman və diplomatik həll yolları tələb olunacaq".


MANŞET XƏBƏRLƏRİ