Erməni lobbisinin təsiri altında Azərbaycan əleyhinə təbliğat aparan çoxlu sayda təşkilatlar mövcuddur. Varlıqlarını beş-on dollara satanlar lazım olan vaxt fəaliyyətə keçir, ermənilərdən aldıqları tezisləri mətbuata çıxarırlar. Azərbaycana qarşı böhtan kampaniyası aparmaq, ölkəmizin imicinə zərbə vurmaq üçün həmin tezislərdən məharətlə istifadə etməyə çalışırlar.
Turkustan.az xəbər verir ki, bunlardan biri də Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampodur. Əslən Argentinadan olan bu adam, ermənilərin əlində siyasi oyuncağa çevrilib. Onun COP29 ərəfəsi Azərbaycana qarşı böhtan kampaniyasının başında durması, tez-tez Ermənistana getməsi, erməni diasporu ilə işbirliyi Okamponun hansı yuvanın quşu olmasından xəbər verir. Görünür keçmiş prokurorun qonorarı azalan kimi, Okampo şantaj üsuluna keçir. Okamponun əlində yüzlərlə fakt var ki, bundan da məharətlə istifadə etmək onun üçün çətinlik yaratmır. Məsələ burasındadır ki, bu saxtakar adam uzun müddətdir Azərbaycanı etnik təmizləmədə ittiham edir. Hər dəfə də guya Qarabağdakı erməni əhalisinə qarşı “soyqırımı” həyata keçirilməsindən danışır. Üstəlik, COP29 ərəfəsi Azərbaycan əleyhinə xüsusi şəbəkənin başında dayanan Okamponun birdən-birə sifəti çönür və Ermənistanı işğalçı adlandırır. Bu, sadəcə onun erməni “dostlarına” kiçik bir mesajıdır. Ola bilsin siyasəti alverlə səhv salan keçmiş prokuror ona ödənilən qonorarın artırılmasını istəyir. Keçmiş prokuror almaniyalı jurnalist, Azərbaycan əleyhinə aparılan kampaniyada Okamponun silahdaşı Bianka Şmolzeyə müsahibəsində erməniləri şoka salacaq fikirlər səsləndirib. Təxribatçı jurnalist Okampoya qondarma “Artsax Respublikası”nın legitimliyi ilə bağlı sual verib.
Cavab isə ermənilərdə soyuq duş effekti yaradıb:
“Doğurdan da Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi və bu faktdır. 4 il əvvəl Azərbaycan işğal altındakı əraziləri geri qaytardı”,-deyə Okampo bildirib.
Azərbaycan ərazilərinin işğal olunmasını etiraf edən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru bununla qiymət qaldırmaq niyyətindədir. O, bu mesajla ermənilərə bildirir ki, sizin ödənişizə görə mən yalnız COP29-la bağlı kampaniya aparıram. Bu ödəniş Bakıda həbsdə olan erməni əsirlərin azad olunması çağrışına güclə çatır. “Artsax”ı müstəqil dövlət kimi təqdim etmək, Ermənistanın işğalçılığı barədə susmağın qiyməti isə başqa sövdələşməyə aiddir və bunun üçün əlavə ödəniş tələb olunur. Alman jurnalistlə söhbətində o bunu açıq-aydın etiraf edib: “Bizim mesajımız aydındır. Erməni girovlarını azad edin, soyqırımı dayandırın, Dağlıq Qarabağı və Ermənistanı qoruyun”.
Bu, Okamponun Azərbaycana mesajı deyil, erməni sponsorlarına göndərdiyi ismarıcdır. Dələduz yaranan imkanı qaçırmaq istəmir və daha bir neçə milyon qazanmaq fikrinə düşüb. Əks halda Okampo Ermənistanı işğalçı dövlət adlandırmaqda davam edəcək. Sadəcə istiqamətini Bakıda həbsdə saxlanılan cinayətkarların azad olunmasına qarşı yönəldən Okampo, sentyabrın 13-də İrəvanda keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, həmin adamların azadlığa buraxılması məsələsi COP29 sammitinin gündəliyinə daxil edilməlidir.
Qarabağdan köçüb gedən erməniləri “etnik təmizləmə qurbanı” hesab edən Okampo həm də özü-özünü ifşa edib. Məsələ burasındadır ki, Ermənistanı Azərbaycan ərazilərini işğal etdiyini söyləyən argentinalı alverçi, bununla Qarabağdan köçənlərin də həmin işğalda iştirakını etiraf edir. Deməli, götürdüyü öhdəliyi 5-10 dollara görə dolaşığa salan Okampunu maraqlandıran erməni məsələsi deyil. Tələb etdiyi ödənişi tam ala bilməyən Okampo üçün pul ermənidən qiymətlidir. /konkret.az/