Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiya bu gün Gürcüstanda qalib gəlib, çünki ölkə Avropa İttifaqından daha çox Rusiya ilə dostluğu seçib. Üstəlik Qərbi də tənqid edib bu nəticəyə görə.
Onun bu etirafı öz ölkəsi ilə bağlı da ola bilərmi? Qərb Qafqazda Rusiyanı məğlub edə bilmədi, bəs Şərqi Avropanın qapısı sayılan Ukraynada bunu bacaracaqmı? V.Zelenskinin bu sözləri Rusiya-Ukrayna müharibəsinin kədərli sonunun anonsu sayıla bilər?
Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Rusiya-Ukrayna müharibəsi başlayan andan Qərbin dəstəyi olmadan Kiyevin heç bir şey edə bilməyəcəyi məlum idi:
“Ukrayna Prezidenti Volodimir Zelenskinin bu günə qədər qapı-qapı gəzib hər kəsdən yardım istəməsini, Qərb dövlətlərini şantaj etməsini, Ukrayna daxilindəki narazılıqları və s. görürük.
Gürcüstan parlament seçkilərində Rusiya yönümlü qüvvələr qələbə qazandı. Qərb yönümlü rəsmilər də bu prosesə etiraz edərək, araşdırılma aparılmasını tələb etdi. Gürcüstan milləti öz səsini doğru hesab etdikləri şəxsə verdilər. Son illər açıq- aşkar görünür ki, Qərb Gürcüstan və Rusiyanı bir-birinə toqquşdurmaq üçün əlindən gələni edir. Rusiyaya qarşı Gürcüstandan istifadə edirdi”.
Ramiyə Məmmədova
Politoloqun sözlərinə görə, Gürcüstan xalqı bu proseslərin fərqinə varıb heç kimin Qafqazda Rusiyaya qarşı çıxmayacağını Qərbə izah etdi:
“Qərb isə Gürcüstanın Rusiya ilə normal münasibət qurmasını qəbul etmək istəmir. Ona görə də parlamentdə saxtakarlıq olduğu fikirləri irəli sürülür.
Volodimir Zelenskinin vəziyyəti isə hər kəsə məlumdur. Qərbdən istədiyi dəstəyi ala bilmir. Rusiya da müharibədə qələbə qazanmağa başlayır. Zelenski də insanları daha çox müharibəyə cəlb etsə də həm hərbi, həm də te maddi və texniki qüvvə baxımından gerilədiyinin fərqindədir”.
Ramiyə Məmmədova qeyd edir ki, Rusiya müharibədə köhnə texnikalardan, silahlardan istifadə edir:
“Yeni, müasir silahlar hələ meydana çıxmayıb. Zelenski də prossesdən xəbərdardır. Ukraynanın vəziyyəti getdikcə daha da çətinləşir. Zelenski və komandası silhaları yerə qoymalı, sülh müqaviləsi imzalamalı idilər”.