ABŞ noyabrın 5-də keçiriləcək prezident seçkilərindən əvvəl İran-İsrail gərginliyinin yeni mərhələyə keçməsini istəmir.
Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Yaxın Şərqdə davam edən hərbi-siyasi böhranla bağlı son gəlişmələrə diqqət çəkib:
“Nüfuzlu CNN telekanalının ABŞ-dakı prezident seçkisinə qədər, yəni oyabrın 5-dək İranın İsrailə zərbə vuracağı xəbərində həqiqət payı varmı? Kanal bu xəbəri mənbələrinə istinadla yaydığını bildirib. Mənbənin Ağ Ev və ya Dövlət Departamenti olduğunu ehtimal etmək olar. Bu xəbərin yayılmasında məqsəd İranın İsrailə mümkün zərbəsini önləməkdir.
Ağ Ev seçkidən öncə İran-İsrail gərginliyinin yeni mərhələyə keçməsini istəmir. Admnistrasiya “İran 5 noyabra qədər vuracaq” xəbərini CNN vasitəsilə yaymaqla Tehranın planlarını pozmağa çalışıb. Bu xəbərdən sonra İran İsrailə raket zərbəsinin tarixini dəyişə bilər.
İranın İsrailə zərbə vurmaq istəyi doğrudursa, bu, iki ölkə arasında müharibənin şiddətlənməsi anlamına gələcək. Çünki bu halda İsrail İranın zərbəsinə yenidən cavab verəcək və bu dəfə fərqli hədəflər seçə bilər.
İran oktyabrın 1-də İsraili raketlərlə vurdu, Təl-Əviv 25 gün sonra bunun cavabını verdi. Əslində, bu heç-heçə Tehranın maraqlarına uyğun olmalıdır”.
İran xarici işlər naziri Abbas Əraqçi bundan öncə bəyan eləmişdi ki, Tehran İsrailin hücumlarına cavab verməyə tələsməyəcək, amma cavab olacaq:
“İran İsrailin son hücumlarına cavab verməkdə nə tərəddüd edəcək, nə də tələsəcək. Sionist rejimə cavab vermək hüququnu özümüzdə saxlayırıq. Çünki ölkəmizə təcavüz olub və vaxtında cavab verməyimiz təbiidir”. /teleqraf.com/