Ukrayna Prezidenti Volodimir Zelenskinin təqdim etdiyi "qələbə planı"nın məxfi hissəsi açıqlanıb.
Məlumata görə, bu barədə Amerikanın “New York Times” qəzeti anonim mənbələrə istinadən yazıb.
Məlumata görə, Zelenski “qələbə planının” məxfi hissəsində ABŞ-dan “Tomahawk” qanadlı raketləri istəyib. Qəzetin adını çəkməyən amerikalı mənbəsinin sözlərinə görə , ABŞ rəsmiləri bu tələbi həm siyasi, həm də obyektiv səbəblərə görə tamamilə qeyri-real hesab edib.
Qeyd edək ki, "Tomahawk" ABŞ-nin ən güclü raketlərindən biridir. Raketin uçuş məsafəsi 2400 kilometrdən çoxdur. Bu raketlə Ukrayna ərazisindən Rusiyanın bütün Avropa hissəsini və Uraldan kənarda böyük bir ərazini, Omsk vilayətinin qərb bölgələrini tamamilə vurmaq mümkündür.
Bildirilir ki, siyasi səbəblərə görə ABŞ Ukraynaya hətta altı-yeddi dəfə az mənzilli ATACMS taktiki raketləri ilə belə ərazinin dərinliklərinə zərbə endirməyə icazə vermir. Nəşr yazır ki, Zelenskinin fikrincə "Tomahawk" Ukraynanın "qeyri-nüvə çəkindirmə" elementinə çevrilməli idi.
Ukrayna prezidenti “Qələbə planı” çərçivəsində Ukraynanın uzaq mənzilli silahların, o cümlədən “Tomaqavk” qanadlı raketlərinin tədarükü tələbi ilə bağlı xəbərləri təsdiqləyib. Zelenski bunu Şimali Avropa mediasının jurnalistləri ilə söhbəti zamanı deyib. Lakin o, məlumatların məxfi olduğunu bildirib.
“Bir çox ölkələr Qələbə Planını dəstəkləməyə başlayanda Ukraynanın “Tomaqavk” kimi çoxlu raketlər istədiyini və ya əldə etmək istədiyini söylədilər. Amma bu, Ukrayna ilə Ağ Ev arasında məxfi məlumat idi. Bu mesajları necə başa düşmək olar? Bu o deməkdir ki, tərəfdaşlar arasında məxfi heç nə yoxdur”, - deyə Zelenski bildirib./modern.az