Süni intellektlə artıq zəlzələləri tam bir ay əvvəldən təxmin etmək mümkündür.
Turkustan.az xəbər verir ki, türkiyəli tədqiqatçı Cemil Emre Yavaş və Corciya Cənubi Universitetindən olan komandası süni intellekt alqoritmləri ilə İstanbulda zəlzələləri 91 faiz dəqiqliklə proqnozlaşdıra bilib.
Alimlər ABŞ-ın Los-Anceles bölgəsində yüksək dəqiqlikli proqnozlaşdırma modeli hazırlamaq üçün müxtəlif süni intellekt alqoritmlərini sınayıblar. Əvvəlki araşdırmalarda ABŞ-ın Los-Anceles şəhəri üçün 69 faiz dəqiqlik əldə edən mütəxəssislər Şimali Anadolu Fayına (KAF) yaxın olması səbəbindən seysmik aktivliyin sıx olduğu İstanbula diqqət yetiriblər.
Tədqiqatda zəlzələnin gücünə təsir edə biləcək müxtəlif faktorlar nəzərə alınaraq məlumat toplusu yaradılıb. Zəlzələ tezliyi, bölgənin yeraltı quruluşu və keçmişdəki ən böyük zəlzələnin gücü kimi parametrlər təhlil edilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) fəlakət riskinin azaldılması platforması “Prevention Web”də də dərc edilən araşdırma elm aləmində böyük təsirə səbəb olub. Mütəxəssislər tarixdə görünməmiş dəqiqlik dərəcəsinə çatan alqoritmin süni intellektlə təbii fəlakətlərə qarşı ehtiyat tədbirlərinin alınmasında bir irəliləyiş olacağını bildirirlər./publika.az