Baydenin müşavirləri İsrailə səfər edəcək


ABŞ prezidenti Co Baydenin iki müşaviri bu həftə Hizbullahla münaqişələrə son qoyulması və razılığın əldə olunmasını müzakirə etmək üçün İsrailə səfər edəcək.

Turkustan.az xəbər verir ki, İsrailin "Walla" xəbər saytı Baydenin baş müşaviri Amos Hochstein və Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett McGurk-un cümə axşamı İsrailə gələcəyini qeyd edib.

Bildirilib ki, Hochstein və McGurk Təl-Əviv rəhbərliyi ilə İsrail və Hizbullah arasındakı qarşıdurmalara son qoyacaq və sərhədin hər iki tərəfindəki köçkünlərin öz evlərinə qayıtmasına şərait yaradacaq razılaşma əldə etmək səylərini müzakirə edəcəklər.

Anonim rəsmilər iddia edirdilər ki, İsrail və Hizbullah arasındakı qarşıdurmalara son qoymaq üçün razılaşma "bir neçə həftə ərzində əldə edilə bilər".

Gündəmdəki razılaşma çərçivəsində Hizbullah ilə İsrail arasında 60 günlük keçid dövrünün başlanması nəzərdə tutulur.

Bu keçid dövründə Hizbullahdan Livanın cənubundakı ağır silahlarını Litani çayının şimalına, yəni İsrail sərhədindən uzaqlaşdırmaq istənilir.

Bundan əlavə, Livan ordusunun İsrail sərhədinə 8 min əsgər yerləşdirməsi və Livanın cənubunu qurudan işğal edən İsrail əsgərlərinin mərhələli şəkildə bölgədən çəkilməsi planlaşdırılır.

Bildirilir ki, 60 günlük keçid dövründə bu addımlar atılarsa, İsraillə Hizbullah arasında atəşkəs elan olunacaq.

İsrailin baş naziri Benyamin Netanyahu dünən Livanda Hizbullah ilə münaqişələrin diplomatik həlli yollarını müzakirə etmək üçün nazirlər və yüksək səviyyəli hərbi rəsmilərlə görüşüb.

İsrail ordusu sentyabrın 30-da Livanın cənubunda Hizbullahın infrastrukturuna qarşı "məhdud və intensiv" qurudan hücumlara başladığını elan edib.

Yerli mətbuata danışan adı açıqlanmayan bir İsrail rəsmisi İsrail ordusunun Livandakı qurudan hücumlarının "sona çatmaq üzrə olduğunu" iddia edib.

Sözügedən rəsmi İsrail ordusunun Livandakı quru hücumlarını “1-2 həftə ərzində” dayandıra biləcəyini iddia edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ