ABŞ-da 5 noyabr seçkiləri yaxınlaşdıqca namizədlər arasında mübarizə də güclənir. Son məlumatlara görə, respublikaçıların namizədi Donald Trampın reytinqi artmağa başlayıb.
NBC telekanalının son sorğusunun nəticələrinə görə, demokratların namizədi Kamala Harrisə olan etimad azalıb. Bir neçə həftə ərzində Harrisin populyarlığı 48 faizdən 43 faizə düşüb. Donald Trampa dəstək isə 46 faiz təşkil edir. Halbuki, cəmi bir ay əvvəl isə Harris Trampı beş bənd qabaqlayırdı. Bu müddət ərzində Trampın reytinqi 4 pillə yüksəlib, Harrisin reytinqi isə bir pillə azalıb.
Başqa bir məlumata görə, ABŞ-ın ən varlı insanları da əsasən Trampı dəstəkləyir. Belə ki, Trampın seçkiqabağı kampaniyası zamanı toplanan 1,7 milyard dollarlıq ümumi ianənin təxminən üçdəbiri (566 milyon dollar) milyarderlərdən gəlib. Demokratlar Partiyasının namizədi Kamala Harrisin topladığı müvafiq ianə isə cəmi 6 faiz təşkil edib.
Görünən odur ki, seçkilər yaxınlaşdıqca ABŞ-da Trampın reytinqi daha da yüksəlir. Belə olan halda, Ağ Ev yenidən respublikaçıların nəzarətinə qayıdacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirir ki, amerikalılar Trampı daha güclü lider qismində görür və bu mütləq seçki günü özünü göstərəcək:
“Amerikada və dünya səviyyəsində formalaşan təsəvvürlər ondan ibarətdir ki, demokratların hazırki iqtidarı dövründə ABŞ-ın həm xarici, həm də daxili siyasətində müəyyən geriləmələr baş verib. Respublikaçıların namizədi Donald Trampın seçki kampaniyasında müşahidə olunan fəallıq, ABŞ elektoratının gözləntilərinə cavab verən mesajlar ötürməsi, uğurlu iş adamı Maskın da onun yanında yer alması cəmiyyətdə mövqelərin respublikaçıların xeyrinə dəyişməsinə gətirib çıxarır. Bu da gözlənilən idi”.
Tramp seçilsə...
Həmsöhbətimiz qeyd edir ki, Trampa qarşı həyata keçirilən təxribat və sui-qəsdlər də demokratların zəif tərəfi kimi qiymətləndirilə bilər:
“Bu da iqtidarın Trampı ciddi rəqib kimi qəbul etməsi təəssüratını formalaşdırdı. O baxımdan hesab edirəm ki, Trampın qələbə çalmaq ehtimalı kifayət qədər yüksəkdir. Onun qələbəsilə ABŞ-ın xarici siyasətində müəyyən korrektlərin olacağını da gözləmək mümkündür.
Tramp atacağı addımlarla bağlı indidən mesajlarını verməkdədir. O bildirib ki, prezident olardısa Ukraynada ümumiyyətlə müharibə başlamazdı. Hətta Ukrayna Rusiya müharibəsini tez bir zamanda dayandıra biləcəyini də bəyan edib. Hansı ki, bu mesajlar beynəlxalq ictimaiyyətin gözləntilərinə də cavab verir. O baxımdan hesab edirəm ki, hazırkı mərhələdə Trampa beynəlxalq ictimai münasibət də kifayət qədər müsbətdir. Düşünürəm ki, amerikalılar Trampı daha güclü lider kimi görməkdədir və bu da seçki günü mütləq özünü göstərəcək”.