İsrail ordusu radiosu, "Qara Oktyabr" olaraq xarakterizə etdiyi bu ay 64-ü əsgər və polis olmaqla 80 israillinin öldüyünü açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu ay dünyasını dəyişənlərdən 64-nün əsgər və ya polis, 16-nın mülki şəxs olduğu bildirilən xəbərdə Livanın cənubunda 33, Qəzzada isə 19 əsgər və zabitin həyatını itirdiyi qeyd edilib.
Xəbərə görə, oktyabrın 13-də Hayfa şəhərinin cənubundakı Qolani hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə edilən hücumda 4 nəfər ölüb, təxminən 60 nəfər yaralanıb.
Livan sərhədində İsrail əsgərlərinin toplaşdığı nöqtələrə Hizbullahın raket hücumları nəticəsində 3 əsgər həyatını itirib.
Oktyabrın 4-də İraqdan İsrailin şimalındakı hərbi bazaya pilotsuz təyyarənin hücumu nəticəsində 2 əsgər şəhid olub, 20-si yaralanıb.
Bu hücumdan 2 gün sonra İsrailin cənubundakı Beerşebada (Bi'rus-Seba) açılan atəş nəticəsində İsrail sərhədçilərindən bir polis məmuru həlak olub.
Oktyabrın ortalarında Aşdod şəhəri yaxınlığında açılan atəş nəticəsində 1 polis əməkdaşı həlak olub, 4 polis əməkdaşı yaralanıb.
İsrail ordusu oktyabrın 22-də Qəzza zolağının şimalında baş verən "əməliyyat qəzası" nəticəsində əsgərlərindən birinin öldüyünü açıqlayıb.
Oktyabr ayında Hizbullahın İsrailin şimalında fələstinlilərdən ələ keçirdikləri torpaqlarda salınan yaşayış məntəqələrinə hücumları nəticəsində 7 mülki vətəndaş həyatını itirmişdi.
İsrailin paytaxtı Təl-Əviv yaxınlığındakı Yaffa şəhərində açılan atəş nəticəsində 7 mülki şəxs ölüb, 16 mülki şəxs yaralanıb.
İsrailin şimalındakı Hadera şəhərində dörd nöqtədə bıçaqlı hücum nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla 6 nəfər yaralanıb.
Oktyabrın 27-də Tel-Əviv yaxınlığında yük maşınının avtobus dayanacağında gözləyən insanların üzərinə çırpılması nəticəsində 1 nəfər ölüb, 39 nəfər yaralanıb.
Eltac Zülfüqaroğlu/Turkustan.az