Müharibə başa çatır: iki ölkə itirilir, yeni dövr başlayır – Kritik ssenari


Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib ki, Ukraynadakı döyüşlər ən geci 2025-ci ilin ortalarında başa çatacaq.

İ.Kobaxidzenin sözlərində həqiqət var. Belə ki, hazırda Rusiya müharibədə üstün tərəfdir. Moskva Kursk istiqamətində böyük əməliyyata hazırlaşır. Hətta KXDR-dən 10-12 minlik qüvvə “təlim” adı ilə prosesə cəlb edilib.

Kremlin planı Kurskda Ukraynanı məğlub edib, bütün cəbhəboyu hücumları intensivləşdirmək, beləcə Kiyevi sülh müqaviləsinə məcbur etməkdir. Bundan başqa, Qərbdə də müharibə ilə bağlı yekdil fikir yoxdur. Belə ki, müharibə tərəfdarı ölkələr qədər müharibə əleyhdarı ölkələr də var. Son vaxtlar isə müharibə əleyhdarlarının sayı artır.

Qərbin Rusiya neft-qazına ehtiyacı var. Müxtəlif cəhdlərə, alternativ ölkələrə baxmayaraq, rus qazından asılılıq aradan qalxmır. Bu il isə payız və qış ayları Avropa üçün əsl sınaq olacaq. Qərb enerji böhranı səbəbi ilə digər sahələrdə qiymət artımlarının qarşısını ala bilmir.

Ukraynanın cəbhədə arzuolunan uğurur qazana bilməməsi, Rusiyanın iqtisadi baxımdan istənilən səviyyədə zəifləməməsi Qərbin rus qazından asılılığı prosesi yekunlaşdıra bilər. Rusiya-Ukrayna müharibəsi faktiki olaraq tərəflərdən birinin inadının qırılmasından asılıdır.

Kobaxidze bu sözləri həm də Gürcüstandakı vəziyyəti nəzərə alaraq deyir. Qərb Gürcüstanı da itirmək üzrədir. Faktiki olaraq parlament seçkiləri öncəsi artan Qərb təzyiqi Tbilisini narahat edir. Lakin hakim Gürcü Arzusu Partiyasının seçkilərdə qələbə qazanması ehtimalı yüksəkdir.

“Gürcü Arzusu” seçkilərdə qələbə qazanarsa, bu, Qərbin ölkədəki dayaqlarını sarsıdacaq. Rusiya isə vəziyyətdən tam məmnundur. Hətta Tbilisi ilə ilkin təmasların qurulduğu da deyilir.

Qərb üçün 2025-ci il çətin keçəcək. Xüsusilə min bir əziyyətlə Rusiyanı sıxışdırıb çıxardığı Ukrayna və Gürcüstanda nəzarəti itirmə ehtimalı var.

Turan Rzayev
Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ