“Koreya əsgərləri Putinə Kurskda lazımdır” - “Onlar yaxşı təchiz olunub və təlim keçiblər”


Şimali Koreya əsgərləri Rusiyaya Kursk vilayətinin Ukraynanın nəzarətindəki ərazilərinin geri qaytarılmasında istifadə edilmək üçün göndərilib.

Turkustan.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Yazıda qeyd olunur ki, buryatlar və yakutlar kimi təqdim olunan Şimali Koreya qoşunları Ukrayna qüvvələrinin nəzarətində olan Kursk vilayəti ərazilərinin alınmasında Rusiyaya kömək etmək üçün lazımdır. “Financial Times” yazır ki, bunu Cənubi Koreya kəşfiyyatının dərc etdiyi videomateriallar sübut edir.

Ukraynalı analitiklərin fikrincə, müharibənin gedişatını dəyişmək üçün bu qüvvələr çox azdır. Çünki Rusiya Ukrayna hərbçilərini sıxışdırıb çıxarmaq üçün təkcə Kursk bölgəsindəki 50 000 əsgərini iki dəfə artırmalı və Ukraynada cəbhə xəttində ciddi uğur qazanmaq üçün yeni səfərbərlik dalğası keçirməlidir.

Britaniya Kral Birləşmiş Xidmətlər İnstitutunun quru qoşunları üzrə baş elmi işçisi Cek Uotlinq hesab edir ki, Şimali Koreyanın Rusiyaya kömək etmək bacarığı Ukrayna üçün daha da çətinliklər yarada bilər: "Onların kifayət qədər yaxşı birliyi, yüksək əhval-ruhiyyəsi ola bilər. Onlar rusların nail olmağa çalışdıqları miqyasda fəaliyyət göstərə bilərlər ".

Qəzet qeyd edib ki, Şimali Koreya qoşunları Rusiyanın Ukraynadakı böyük itkilərə görə qüvvələrini artırmağa çalışdığı bir vaxtda Rusiya ordusunu gücləndirir: “Qərb kəşfiyyatında Vladimir Putinin yeni səfərbərlik dalğası ilə bağlı hərbi rəhbərliyin xahişlərinə məhəl qoymadığına dair məlumatlar var. Öz növbəsində Cənubi Koreya Milli Kəşfiyyat Xidməti bildirir ki, Rusiya Federasiyasına göndərilən qoşunlar KXDR-in 11-ci ordusuna, “Fırtına Korpusu” adlanan elit bölməyə aiddir. Bunlar yaxşı təchiz olunmuş, yüksək təlim keçmiş, mobil yüngül piyadalardır. Rusiyanın məqsədi Ukraynanı bütün cəbhə xəttini nəzarətdə saxlamağın qeyri-mümkün olduğu vəziyyətə salmaqdır. Çünki işğalçılar cəbhə xəttinin bir neçə fərqli nöqtəsində Ukrayna hərbçilərinə təzyiq göstərəcəklər”. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ