NASA Marsda yeni həyat ehtimalı aşkar edib


NASA-nın yeni araşdırması göstərir ki, Marsdakı buz qapaqlarının altında həyatı dəstəkləyə biləcək ərimiş su hovuzları ola bilər.

Turkustan.az xəbər verir ki, araşdırmalara görə, günəş işığı planetin tozlu buz təbəqələrinin altına nüfuz edərək fotosintez üçün əlverişli şərait yarada bilir.

Bu ərimiş su cibləri çox güman ki, Yerdəki kriyokonit dəliklərinə bənzər Marsın tropik bölgələrində tapıla bilər.

Marsda həyatın birbaşa sübutu olmasa da, NASA-nın yeni tədqiqatları mikroorqanizmlərin planetin donmuş səthinin altında yaşaya biləcəyinə dair ümidverici ipuçları təqdim edir.

Alimlər kompüter modellərindən istifadə edərək Marsda kifayət qədər günəş işığının su buzunun altına nüfuz edə biləcəyini və bu ərimiş su ciblərində fotosintezin baş verə biləcəyini göstərdilər.

NASA-nın Reaktiv Sürət Laboratoriyasından Aditya Khuller, "Əgər biz kainatın bir yerində həyat axtarırıqsa, Marsdakı buz kütlələri, yəqin ki, araşdırmalı olduğumuz ən əlçatan yerlərdən biridir" dedi.

Marsda toz və buzların əriməsi

Marsın səthində su və karbon qazından ibarət iki növ buz var. Tədqiqat su buzuna yönəlib.

Keçmişdə Marsa yağan qarın tozla qarışaraq donması nəticəsində əmələ gələn bu buzlaqlar zamanla bərkimiş və hələ də toz hissəcikləri ilə doludur.

Bu toz günəş işığını udur və buzlaqdan bir neçə metr aşağıda olan buzu əridə bilir. Marsın nazik atmosferi su buzunun səthdə əriməsini çətinləşdirsə də, buzun altındakı su cibləri bu şərtlərdən təsirlənməyə bilər.

Fotosintez mümkündürmü?

Araşdırmaya görə, Marsdakı tozlu buz səthin 3 metr altına qədər fotosintez üçün kifayət qədər günəş işığını ötürə bilər.

Buzun üst təbəqələri suyun buxarlanmasının qarşısını alır və zərərli radiasiyadan qoruyur, altındakı su cibləri isə mikroorqanizmlər üçün yaşayış mühitini təmin edə bilir.

Marsın tropik bölgələri belə ərimiş su hovuzlarının ən çox ehtimal olunan yerlər arasında görünür. Bu bölgələr gələcəkdə insanlı və ya robotlaşdırılmış missiyalar üçün kəşfiyyat hədəfləri kimi seçilə bilər.

Tədqiqatçılar laboratoriya mühitində Marsda tozlu buzları yenidən yaratmaq və araşdırmaq məqsədi daşıyır və Marsın ən çox ehtimal olunan ərimiş su bölgələrinin xəritəsini çəkməyə başlayırlar.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ