Bill Qeytsin namizədə gizli ianəsinin üstü açılıb


Texnologiya nəhəngi “Microsoft”-un qurucusu Bill Qeytsin ABŞ-də keçiriləcək seçkilər öncəsi Demokratlar Partiyasının namizədi Kamala Harrisə böyük məbləğdə ianə verdiyi iddia edilib.

Bildirilir ki, Qeyts 50 milyon dollarlıq ianəni birbaşa deyil, Harrisi dəstəkləyən qeyri-hökumət təşkilatı vasitəsilə edib. İllərdir siyasətdən uzaqlaşması ilə tanınan dünya şöhrətli milyarderin bu addımı təkcə ABŞ-də deyil, dünyada səs-küy yaradıb.

Turkustan.az xəbər verir ki, dünya siyasəti qarşıdan gələn ABŞ seçkilərinə fokuslanarkən, “Microsoft”-un həmtəsisçisi Bill Qeytsin Demokratlar Partiyasından prezidentliyə namizəd kimi respublikaçı rəqibi Donald Trampla qarşılaşacaq Kamala Harrisə 50 milyon dollar bağışladığı məlum olub.

ABŞ-nin məşhur qəzetlərindən olan “The New York Times”-ın (NYT) xəbərinə görə, Bill Qeyts 50 milyon dollarlıq ianəni yaxın ətrafına özəl olaraq xatırladıb. Məlumatda ianə məsələsinin xüsusilə Nyu-Yorkun keçmiş meri Mike Blomberq kimi dostları arasında müzakirə edildiyi və gizli qalacağına dair məlumatlar da yer alıb.

Bill Qeyts “Future Forward USA Action” adlı təşkilata 50 milyon dollar bağışlayıb. Kamala Harrisi dəstəklədiyi bilinən bu qeyri-hökumət təşkilatı donorlarının kimliyini açıqlamır. Məlumata görə, “Microsoft”-un həmtəsisçisi hər iki namizədlə işləyə biləcəyini vurğulasa da, keçmiş prezident Donald Trampın ikinci dəfə prezident olması ilə bağlı narahatlığını ifadə edib. B.Qeytsin şəxsi söhbətlərində bununla bağlı açıqlamalar verdiyi bildirilir. Qəzetə cavabda ianələr məsələsinə toxunmayan və Harrisi dəstəkləməyən Qeyts səhiyyə, iqlim dəyişikliyi və yoxsulluqla bağlı öhdəlikləri olan namizədləri dəstəklədiyini söyləyib. O, siyasi spektrdə müxtəlif liderlərlə işləmə tarixinə baxmayaraq, bu seçkinin fərqli olduğunu deyib.

Qeyts bu yay “France 24”-ə verdiyi müsahibədə Harrisi müsbət qiymətləndirərək “Süni intellekt və onu düzgün şəkildə necə formalaşdırmaq kimi şeylər haqqında düşünə bilən daha gənc birinin olması çox gözəldir",- deyib.

“Forbes”-ə görə, Bill Qeyts 105,6 milyard dollar sərvəti ilə dünyanın 13-cü ən varlı adamıdır. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ