Məşhur hamburger zəncirində qalmaqal: 49 nəfər ölümcül bakteriyaya yoluxdu


McDonald's "Quarter Pounder" hamburgerini yeyən 49 nəfər ölümcül bakteriyaya yoluxub. Həmin şəxslərdən 10-u xəstəxanaya yerləşdirilərkən, 1 nəfər dünyasını dəyişib. Məhsulun satışı müvəqqəti olaraq dayandırılıb.

Turkustan.az xəbər verir ki, ABŞ beynəlxalq fast food şəbəkəsi McDonald's-la bağlı qida qalmaqalı ilə sarsıldı. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) verdiyi açıqlamada McDonald's "Quarter Pounder" hamburgerini istehlak edən 49 nəfərin Escherichia coli (E.coli) bakteriyasına görə xəstələndiyi, 10 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib. Xəstələrin əlamətlər göstərmədən əvvəl McDonald's-da yediklərini və xüsusilə "Quarter Pounder" istehlak etdiklərini ifadə etdikləri qeyd edilərkən, Kolorado əyalətində yaşayan 1 nəfərin öldüyü açıqlanıb.

Açıqlamada hallara səbəb olan qida maddəsinin hələlik dəqiq müəyyən edilmədiyi, mütəxəssislərin doğranmış soğan və mal əti küftələrindən şübhələndiyi bildirilib. CDC, McDonald's-ın şübhəli halların bildirildiyi ştatlardakı filiallarında sözügedən qida məhsullarından istifadəni müvəqqəti dayandırdığını açıqladı. Maraqlıdır ki, qalmaqaldan sonra McDonald's səhmləri təxminən 9 faiz dəyər itirib.

Simptomların adətən bakteriyaların qəbulundan 3-4 gün sonra başladığını və əksər insanların 1 həftə ərzində sağaldığını xatırladan səlahiyyətlilər, yüksək hərarətin 38,8 dərəcədən yuxarı qalxması, ishal və ya 3 gündən çox davam edən qanlı ishal, qusma, ağız və boğaz quruluğu, və ayağa qalxarkən başgicəllənmə əlamətləri göstərən insanlara tibbi yardım axtarmaq üçün xəbərdarlıq edib.

Normalda insan və heyvanların bağırsaq mühitində tapıla bilən "Enterohaemorrhagic Escherichia coli (EHEC)" kimi E.coli bakteriyalarının bəzi alt növləri həyat üçün təhlükəli xəstəliklərə səbəb ola bilər. Məlumdur ki, ən çox qida yolu ilə əldə edilən E.coli bakteriyaları 85 faiz nisbətində pis bişmiş və ya çiy ət, süd və süd məhsulları, yaxşı təmizlənməmiş tərəvəz və meyvələrdən ötürülür.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ