Ayfonun qara günləri başlayır – Yeni telefon “Apple”ni çökdürə bilər


Bu günlərdə İlon Maska məxsus şirkətin “Pi Pioners” markalı mobil telefonu satışa çıxardığı bildirilir.

Bu telefonun əsasən 2 özəlliyi olduğu qeyd edilir:

1. Enerji yığmağa ehtiyacı yoxdur, işıqdan avtomatik şəkildə yüklənir.

2. Bu telefona internet əlaqəsi də lazım olmur. Çünki birbaşa İlon Maskın beynəlxalq şəbəkəsi olan “Starlink”ə qoşulacaq. Yəni dünyanın hər yerində bu telefon çalışacaq.

Mütəxəssislərin fikrincə, yeni smartfon əsasən də “Apple” (Əpl) şirkətinə rəqib gəlir.

Bazara yeni telefon markası girdi deyə, Ayfonun qara günləri başlayır?

Globalinfo.az-a danışan İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovun fikrincə, “Pi Pioners” mobil telefonunun bazara çıxması texnologiya sektorunda böyük səs-küy yaradıb.

Onun sözlərinə görə, bu cihazın təqdim etdiyi yeniliklər (innovasiyalar) əlbəttə ki, böyük maraq doğurur:

Elvin Həsənov

“Belə ki, bu cihazı texnologiya bazarında fərqləndirən iki əsas xüsusiyyəti ön plana çıxır: Birincisi, həmin telefonun enerji yığmağa ehtiyacı olmamasıdır. Yəni “Pi Pioners” işıq mənbəyindən avtomatik şəkildə enerji toplayır və beləliklə, şarj etməyə ehtiyac qalmır. Bu, texnologiya istifadəçilərini günümüzün ən çox qarşılaşan problemlərindən biri olan enerji asılılığından və çatışmazlığından azad edir. Artıq gün ərzində şarj cihazı daşımaq və ya enerji mənbəyi axtarmaq keçmişdə qalacaq. İkincisi isə, internet bağlantısına ehtiyacın olmamasıdır. Telefon İlon Maskın Starlink peyk şəbəkəsinə birbaşa qoşulacaq. Bu da o deməkdir ki, dünyanın hər yerində internetə girişi təmin edir. Ən ucqar yerlərdə belə mobil rabitə və internet bağlantısı əldə etmək mümkün olacaq. Bu xüsusiyyət, səyahətçilərdən tutmuş, ucqar yerlərdə çalışan insanlara qədər geniş bir auditoriya üçün ideal həll kimi görünür”.

Mütəxəssis deyib ki, buna baxmayaraq, illərdir bazarda payı olan “Apple” dünyanın ən güclü və populyar texnologiya markalarından biridir və uzun illərdir innovasiyalarda lider mövqeyini qoruyur:

“Ancaq “Pi Pioners” kimi texnoloji yeniliklər bazara daxil olduqda, rəqabət daha da güclənir. İstehlakçılar artıq yalnız prestijə deyil, funksionallıq və müasir texnoloji imkanlara da böyük əhəmiyyət verirlər. Düşünürəm ki, “Pi Pioners”-in texnoloji yenilikləri çox cəlbedici olsa da, “Apple” kimi nəhənglər üçün ciddi təhdid yaratmağa həm vaxt, həm də bazarda yerini tutmaq üçün müvafiq marketinq strategiyaları tətbiq edəcək”.


MANŞET XƏBƏRLƏRİ