Ərdoğan diqqəti İsrailə yönəltdi – Əsas hədəf nədir?


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə total müharibə riskinin olduğunu bildirib.

“İsrailin atdığı addımlar bölgəni hərtərəfli müharibə zonasına çevirə bilər. Türkiyə bütün regionun sabitliyi və təhlükəsizliyinə böyük əhəmiyyət verir. Eyni zamanda İraq hakimiyyətinin ölkəni Yaxın Şərqdəki münaqişədən uzaq tutmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirir”, – deyə Ərdoğan vurğulayıb.

Ərdoğan artıq ikinci dəfədir bu qəbildən açıqlamalar verir.

Türkiyə İran-İsrail müharibəsinə girəcək? Ərdoğan hansı mesajları verir?

Globalinfo.az-a danışan politoloq Şahin Cəfərli deyib ki, Orta Şərq regionu növbəti gərgin dövrünü yaşayır:

“Hazırkı gərginliyin böyüyərək genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı var. İran ötən həftələrdə İsrailə zərbə endirdi. İndi də İsrailin İrana cavab hazırladığı bildirilir. Bütün bunlar ardıcıl formada davam edərsə İsrail və İran arasında müharibənin başlamasını mümkün edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq ikinci dəfədir ki, rəsmi Ankara üçün təhdidin mövcud olduğunu bildirir. Xüsusən də TBMM-dəki çıxışında bildirmişdi ki, İsrailin növbəti hədəfi Türkiyə ola bilər. Bu bəyanatların daha çox daxili siyasətə yönəldiyini düşünürəm. Doğrudur, sözügedən açıqlamaların müəyyən əsası var. Belə ki, Türkiyənin ətrafı od-alovun içərisindədir. Regionda vəziyyətin nəzarətdən çıxması ehtimalı var. Amma İsrail tərəfindən Türkiyəyə birbaşa təhdidin olması inandırıcı deyil”.

Şahin Cəfərli

Politoloqun sözlərinə görə, İsrail “vəd edilmiş torpaqları” ələ keçirməyə çalışdığı ilə bağlı fikirlər var:

“Lakin bu doğru deyil. Hər ölkədə belə hekayələr var. İsrailin Türkiyəyə hücum etməsi inandırıcı deyil. Bir NATO üzvünə hücum olarsa, Alyans həmin dövləti müdafiə etməyə borcludur. Ona görə də bu qəbildən açıqlamaların daxili siyasətə yönəldiyini düşünürəm. Rəcəb Tayyib Ərdoğanın cari və strateji hədəfləri var. Cari hədəf ondan ibarətdir ki, Türkiyədə iqtisadi böhran davam edir, yüksək inflyasiya və s. mövcuddur. İstənilən ölkə hakimiyyəti bu cür problemlərin uzun müddət gündəmdə qalmasını istəmir. Bu kimi məsələlər müzakirə olunduqca həmin ölkə rəhbərliyinin reytinqinə, nüfuzuna ciddi təsir göstərir. Bu baxımdan Türkiyə prezidenti diqqəti xarici təhdid məsələsinə çəkir. Beləliklə xalq dövləti müdafiə etmək adı altında mövcud hökumətin ətrafında birləşəcək və onu dəstəkləyəcək. Strateji hədəf də növbəti seçkilərdə yenidən qalib gəlib hakimiyyətdə qalmaqdan ibarətdir. Yəni xalqa göstərməyə çalışır ki, mövcud hakimiyyət dövləti xarici təhdidlərdən qoruyur və ona görə də hakimiyyət dəyişikliyinə getmək olmaz”.


MANŞET XƏBƏRLƏRİ