Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddəti uzadılmaya bilər.
Turkustan.az-ın məlumatına görə, bu barədə Ermənistanın "Hraparak" qəzetində dərc edilən məqalədə bildirilir.
Qeyd olunur ki, İrəvan Bakının Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin uzadılmaması ilə bağlı növbəti tələbini yerinə yetirmək niyyətindədir.
Nəşr bildirir ki, nə Xarici İşlər Nazirliyi, nə də müşahidə missiyası xəbərə münasibət bildirməyib.
"Siyasi dairələrdə belə hesab olunur ki, Nikol Paşinyanın Rusiya sərhədçilərini Ermənistan-İran sərhədindən çıxarması, müşahidəçilərin səlahiyyət müddəti uzadılmayanda, rusiyapərəst olmaqda ittiham olunmaması üçün atılmış addımdır", - məqalədə deyilir.
Qeyd edək ki, Aİ müşahidəçiləri Ermənistanda 2023-cü ildə 2 il müddətinə yerləşdirilib, onların səlahiyyət müddəti 2025-ci ilin fevralında başa çatır və Ermənistan müddətin uzadılması üçün müraciət etməsələr, missiya başa çatacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Aİ missiyasında narazılıq ifadə edib. Kərim Vəliyev bu barədə ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşdə danışıb. Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb. /modern.az/