Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Putin Ukraynada döyüşmək üçün Şimali Koreya qoşunlarından istifadə edir. Rusiya-Şimali Koreya ittifaqının dərinləşməsi fonunda Moskvaya həm hərbi texnika, həm də canlı qüvvə verdiyi iddia olunur.
Bu mümkündürmü? Şimali Koreyanın yardımı Rusiyaya nə vəd edir?
Globalinfo.az-a danışan politoloq Rizvan Hüseynov deyib ki, bu proses çoxdan gedir:
“Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyaya səfəri zamanı hərbi və siyasi dəstəyə görə təşəkkürünü bildirmişdi. İki ölkə arasında hərbi əməkdaşlıq genişləndirilir. Kremlə lazım olan bəzi silah növlərinin istehsalı zəif olduğundan Şimali Koreya hazır raket sistemləri, digər hərbi texnikaları Rusiyaya verir. Son iki-üç ildə Rusiya hərbi sənayesi güclənir. Ukrayna isə Qərbdən gələn hərbi texnikalardan, dəstəkdən asılı vəziyyətdədir. Lakin sözügedən dəstək belə lazımi səviyyədə deyil”.
Politoloqun sözlərinə görə, Rusiya vəziyyətini düzəltməyə başlayıb:
“Müharibənin başladığı günlərdə Rusiya çətin durumda idi. Şimali Koreya, İran və bir sıra ölkələrin açıq-gizli hərbi, siyasi dəstəyi rəsmi Moskvanı gücləndirib. Rusiyanın öz resursları hərbi-texniki məsələlərdə Ukraynadan üstün olmağa kifayət edir. Vəziyyət çox gərgindir. Ukrayna üçün ağır günlər başlaya bilər”.