İtzak Brik: “Ağılsız bir qərarla onlar bütün Yaxın Şərqi əhatə edəcək çox cəbhəli müharibəyə başlaya bilərlər””
Yaxın Şərqdə davam edən gərginlik fonunda İran-İsrail qarşıdurmasının geniş miqyas alacağı proqnozlaşdırılır. Oktyabrın 1-də İranın İsraili raket atəşinə tutmasından sonra rəsmi Təl-Əvivdən bunun cavabının veriləcəyi açıqlanıb. İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrailin Tehrana cavabı sərt olacaq.
Xarici media yəhudi dövlətindəki mənbələrinə istinadən belə məlumatlar yayırlar ki, İsrail İranın neft və nüvə obyektlərinə zərbə vurmağa hazırlaşır. Amma bu addımın İsrail üçün yaxşı nəticə verməyəcəyi qənaətində olanlar da var. Məsələn, ötən həftə “The Jerusalem Post” qəzeti adı açıqlanmayan İsrail rəsmilərinə istinadən yazıb ki, yəhudi dövlətinin İranın nüvə proqramı obyektlərinə zərbə endirməsi İsraillə İran arasında regional müharibəyə yol aça bilər.
Bu cür münaqişə yəhudi dövlətinin HƏMAS radikal hərəkatını məhv etmək və Livandakı “Hizbullah” təşkilatını məğlub etmək qabiliyyətini “əhəmiyyətli dərəcədə zəiflədə bilər”. Nəşr vurğulayıb ki, İranla münaqişənin başlanmasının qarşısının alınması Qəzza zolağında vəziyyətin kəskinləşməsindən sonra İsrail Baş naziri Benyamin Netanyahunun administrasiyası tərəfindən rəsmən bəyan edilmiş “müharibə məqsədlərindən” biridir.
Nəşrin mənbələri gözləyirlər ki, İsrail İrana cavab zərbəsi zamanı müxtəlif hərbi bazalara və kəşfiyyat obyektlərinə diqqət yetirə bilər. Onlar planlaşdırırlar ki, bu əməliyyat “orta ağırlıqlı hücum ssenarilərini” əhatə edəcək.
İsrailli general İtzak Brik isə “Haaretz”də yazdığı məqaləsində Təl-Əvivin belə planlarının ölkəyə zərər verəcəyini qeyd edib. Onun sözlərinə görə, İranın İsrailə 181 ballistik raket atmasına cavab olaraq, Təl-Əviv İran ərazisində gərginliyi daha da artırmadan hücum edə biləcək hədəflər tapmalıdır: “Yəni İsrail hər hansı bir addım atmazdan əvvəl yüz ölçüb bir biçməlidir. Nətənzdəki nüvə obyektlərinə hücum bölgədə gərginliyin ciddi şəkildə artmasına və genişmiqyaslı müharibənin baş verməsinə səbəb ola bilər. Bunun nəticəsini proqnozlaşdırmaq mümkün deyil. Bundan əlavə, nəzərə alınmalıdır ki, İranın nüvə obyektlərinə hücum bu ölkənin nüvə silahı yaratmaq imkanlarına son qoymayacaq. Ən yaxşı halda belə bir hərəkət İranın nüvə silahı istehsalını cəmi bir neçə ay gecikdirəcək”.
“İranın müxtəlif ərazilərdə və ən azı on metr yerin altında tikilən nüvə obyektlərini İsrailin təkbaşına məhv etmək imkanı yoxdur. Hətta ABŞ-ın köməyi ilə bu hərəkət çox çətin missiya hesab olunur. ABŞ İranın nüvə proqramını ABŞ və bütün dünya üçün təhlükə hesab etsə də, ölkənin nüvə obyektlərini məhv etmək üçün hərbi əməliyyatlara əl atmayıb. Çünki İrana hücumun yeni oxla qlobal müharibəyə səbəb olacağını anlayır. Yəni Rusiya, Çin İrana dəstək verəcək”, - general əlavə edib.
Brik qeyd edib ki, son günlər ABŞ-ın keçmiş Prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İsrailə İranın nüvə obyektlərinə hücum etməyi təklif edib: “Trampa sualım budur: Siz ABŞ Prezidenti olanda niyə belə bir hücumu həyata keçirmədiniz və İranın nüvə obyektlərini məhv etmədiniz? Necə olursa-olsun, sizin ölkənizin hərbi yenilikləri İsrailin imkanlarından yüz dəfələrlə çoxdur. Öz hərbi imkanlarınıza baxmayaraq, bizə həyata keçirməyə cəsarət etmədiyiniz bir tövsiyə verirsiniz. Trampın məsləhəti Bibliyadakı Axitofelə bənzəyir. Bunu etmək İsrailə dəhşətli ziyan vuracaq və hətta onu geri dönüşü olmayan nöqtəyə gətirə bilər. Baş nazir Netanyahunun, müdafiə naziri Qalantın və Baş Qərargah rəisi Herzel Halevinin İsrailin varlığına dair qumar oyunları haqqında yazmağım ilk dəfə deyil. Ağılsız bir qərarla onlar bütün Yaxın Şərqi əhatə edəcək çox cəbhəli müharibəyə başlaya bilərlər”.
“Müharibədən sonrakı gün haqqında bir an belə düşünmürlər. Onların real dünya ilə əlaqəsi kəsilib və hadisələr haqqında düzgün mühakimə yoxdur. Vəziyyəti düzgün dərk etməyənləri qızışdırmaqla hərəkət edirlər”, - deyə Blik vurğulayıb.
Generalın sözlərinə görə, fəlakət baş verən zaman artıq çox gec olacaq: “Bu üç adam İsrail tarixinin ən pis gününə, 2023-cü il oktyabrın 7-nə görə məsuliyyəti öz üzərlərinə götürməkdən yayındıqları kimi, İsrail bir neçə cəbhədə dağıldıqda da məsuliyyəti öz üzərlərinə götürməkdən yayınacaqlar... Bu vəziyyətlərin heç birində İsrail uzun müddət sağ qala bilməyəcək. Bizi bu üç adamın atdığı bataqlıqdan ancaq diplomatik razılaşma qurtara bilər”. /ayna.az/