İsrailin maliyyə naziri Bezalel Smotriç “Vəd edilmiş torpaqlar” məqsədindən danışarkən hədəf ölkələri bir-bir sadalayıb.
Turkustan.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Smotriç ölkə sərhədlərini Türkiyəyədək genişləndirmək istəyində olduqlarını bildirib.
Nazir sərhədləri İordan çayının o biri tərəfinə qədər uzanacaq “Böyük İsrail”i təsvir edib.
Rejissor Jerem Seskenin çəkdiyi “İsrail: Xaos Nazirləri” adlı sənədli filmdəki çıxışında Smotriç bildirib ki, İsrailin suverenliyi altında olan sərhədlər indiki vəziyyətlə məhdudlaşmayacaq. Nazirin “Mən yəhudi dövləti istəyirəm” ifadəsinin ardınca aparıcı bunun nə demək olduğunu sorğuşub. Smotriç ona “Yəhudi dövləti. Bu, olduqca mürəkkəbdir. Yəhudi xalqının dəyərlərinə görə idarə olunan dövlət” cavabını verib.
Jurnalist İsrail nazirinə belə bir sual da ünvanlayıb: “İsrailin suverenliyi dənizdən İordaniyaya qədərdir? Hamısı budur, yoxsa daha sonra İordan çayının o biri tərəfi də fəth ediləcək?”.
Smotriç buna “yavaş-yavaş” cavabını verib: “Müdariklərimizin kitablarına görə, Yerusəlimin (Qüds) gələcəyi Dəməşqə qədər uzanacaq. Təkcə Yerusəlim Dəməşqə qədərdir”.
Böyük Yəhudi Dövləti anlayışı yəhudilərin müqəddəs kitablarında qeyd olunan “Vəd edilmiş torpaqlar” inancına, yəni bugünkü Fələstin, Suriya və İordaniya da daxil olmaqla böyük bir coğrafiyada genişlənmək məqsədinə əsaslanır.
Sənədli filmdə Bezalel Smotriç barəsində belə bir ifadə işlədilib: “O, vəd edilmiş torpaqlar haqqında ifrat fikirlərə varır”.
Smotriçin sərhədlərini təsvir etdiyi Böyük İsrailin xəritəsi də dərc olunub. Bura İordaniya, Livan, İraq, Suriya, Fələstin və Səudiyyə Ərəbistanı daxildir. Türkiyə xəritədə yer almayıb. /teleqraf.com/