Yaxın Şərqdə gərginliyin artdığı vaxtda Ukrayna cəbhəsində Rusiyanın taktiki üstünlüyü müşahidə olunur. Rusiya Kurska əlavə canlı qüvvə cəlb edərək, Ukrayna ordusunu sıxışdırmağa nail olub. Həmçinin Donetskdə Uqledar şəhərini işğal etməklə psixoloji üstünlüyü artırıb.
Ekspertlər isə düşünür ki, Ukrayna Kurska daxil olmaqla Rusiyaya psixoloji və hərbi zərbə vurub. Amma Kiyev bunun nəticəsində Uqledarı itirdi.
Müharibənin gələcəyi necə olacaq? Yaxın Şərqdəki gərginlik Ukrayna müharibəsinə necə təsir edəcək?
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, cəbhədə situasiya dramatik olaraq qalır:
“Qərbdən verilən silahlar Rusiya üzərində nəinki qələbə əldə etməyə, heç işğalçıları öz ərazilərindən çıxarmağa da kifayət etmir.
Ukrayna rəhbərliyi çıxış yolunu Qərbin daha dağıdıcı silahlar göndərməsində görür. Zelenskiyə ABŞ-dakı seçkilərin nəticələrini gözləmək tövsiyə olunur. Görünür, Ukrayna cəbhəsində yeni mərhələ noyabrdan sonra başlayacaq. Əgər Kamala Harris seçkilərdə qalib gələrsə, ABŞ Rusiya ərazisinə zərbələr endirilməsinə icazə verəcək, həmçinin yeni silah partiyalarının tədarükünü artıracaq.
Əvvəlcə, Ukraynaya göndərilən raketlərlə Rusiyanın dərinliklərində olan hərbi təyinatlı mövqelər vurulacaq.
Daha sonra F-16 qırıcılarının yeni partiyası göndəriləcək.
Növbəti mərhələdə isə “muzdlu döyüşçü” kimi NATO elit qüvvələri cəbhə bölgəsinə yeridiləcək”.
Məhəmməd Əsədullazadə
Ekspert deyib ki, müharibə daha iki il davam edərsə, Ukrayna canlı qüvvə baxımından çətinlik çəkəcək:
“Ukraynalı döyüşçülər həlak olur, yaralanır və yorulur. Bu isə cəbhə xəttində canlı qüvvə çatışmazlığına gətirib çıxarır. Ukraynaya kifayət qədər dağıdıcı silahlarının göndərilməsi gecikərsə, Kiyev Rusiya qarşısında çətin vəziyyətlə üzləşəcək. Onda Qərb ordusu Rusiya ilə qarşı-qarşıya gələcək. Çünki Qərbin Ukraynanı Rusiyaya güzəştə getməsi strateji məğlubiyyətinə gətirib çıxaracaq. Bu, NATO-nun Rusiya qarşısında məğlubiyyəti olar”.