Keşiş Baqrat həbs olunur? - “Kilsə, diaspor və “Qarabağ klanı”...”


“44 günlük Vətən müharibəsində Ermənistan hərbi qüvvəsinin təxminən 60 faizini, müdafiə sənayesinin isə təqribən 80 faizini itirdi. Müharibədə təxminən 9 min erməni əsgəri öldürüldü, 10 mindən çoxu yaralandı, 12 minə qədəri isə fərari oldu. Bu səbəbdən də Ermənistan əhalisində müharibə qorxusu var”.

Bu sözəri Azərbaycan Ümid Partiyasının sədr müavini Bakir Həsənbəyli “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, ermənilər hələ də həmin müharibədəki ağır məğlubiyyətin şokundan xilas ola bilməyiblər:

“Həmçinin, müharibə yorğunluğu da yaşayırlar. Keşiş Baqrat Qalstanyan isə belə bir vəziyyətdə etiraz aksiyaları keçirir. Lakin keşinin uzaqgörən olmadığı açıq şəkildə özünü biruzə verir. Nəzərə almaq lazımdır ki, Nikol Paşinyan müharibədə məğlub olmuş Baş nazir olmasına baxmayaraq, xalq tərəfindən yenidən seçildi. Yəni, belə vəziyyətdə Baqratın meydana çıxmaq cəhdinin özü kifayət qədər gülünc və qeyri-ciddi məsələdir. Çünki artıq erməni ictimaiyyəti özünün fikir və düşüncəsini 2021-ci ildə keçirilən parlament seçkilərində ortaya qoydu”.

Həmsöhbətimiz qeyd edib ki, Ermənistanda terror-təxribat qruplaşması olan üçlük var:

“Söhbət kilsə, erməni diasporu və “Qarabağ klanı”ndan gedir. Bunlar hələ də Baqrat və onun kimilərdən istifadə etməykdə maraqlıdırlar. Çünki ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları həmin üçlüyün maliyyələşdirilməsini həyata keçirirlər. Lakin bütün bunlara baxmayaraq, keşişin aksiyalarının hər hansısa nəticə verməyəcəyini düşünürəm”.

Sədr müavini əlavə edib ki, Ermənistan dünyada “addımları” ilə fərqlənən ölkələrdən biridir:

“Ermənistan bəlkə yeganə ölkədir ki, din adamı siyasətin içində olmağa və hakimiyyətə gəlməyə cəhd edir. Halbuki, beynəlxalq qanunlara əsasən, din siyasətdən ayrı olmalıdır. Çox qəribədir ki, siyasi keçmişi olmayan keşiş siyasi hadisələrin zirvəsində dayanmağa cəhd edir, ölkəni idarə etmək istəyir. Əslində, dünya bunu görməlidir. Başda ABŞ və Fransa olmaqla, Qərb ölkələri Ermənistanın beynəlxalq qanunları pozan sistemin içində olduğunun fərqinə varmalıdır. Amma bunu görmədikləri kimi, Ermənistandakı revanşistlərə də dəstək verirlər”.

Bakir Həsənbəylinin sözlərinə görə, bu gün Ermənistanda keşiş Baqratın həbs olunması üçün kifayət qədər ciddi arqumentlər var:

“Lakin bu gün Paşinyanın keşişi həbs etdirməsi onun özünün ziyanına ola bilər. Çünki Baqratın həbsi onun tərəfdarlarının sayının artmasına gətirib çıxarması mümkündür. Hətta bu halda Qərb dəstəklədiyi Paşinyana qarşı müxtəlif iddialar ortaya qoya bilər. Bu ehtimallara görə, keşiş Baqratın həbs olunacağını zənn etmirəm”.


MANŞET XƏBƏRLƏRİ