Tramp ilk görüşdə Putindən məsləhət istəyib – ABŞ nəşri məxvi danışığın təfərrüatlarını açıqladı


ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2017-ci ildə keçirdiyi ilk təkbətək görüşündə Rusiya Prezidenti Vladimir Putindən Ukraynaya hərbi yardımla bağlı məsləhət istəyib.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-nin “The New York Times”ın (NYT) nəşri məlumat yayıb.

Məlumata görə, Hamburqda keçirilən bu görüşdə Tramp administrasiyasının Ukraynaya silah verməyi nəzərdən keçirdiyini bildirib və Putinə “Sən nə düşünürsən?” sualını verib. Bu fikrin “səhv” olacağını bildirən Putin, ABŞ-nin nə cür yardım göstərməsindən asılı olmayaraq, Ukraynanın daha çox hərbi yardım istəyəcəyini bildirib. Xəbərdə Trampın bu açıqlamaya etiraz etmədiyi bildirilib.

Qeyd olunur ki, görüşün təfərrüatlarını ABŞ-nin o zamankı dövlət katibi Reks Tillerson çatdırıb. Görüşdən sonra Tillerson ABŞ administrasiyasının rəsmilərinə Trampın Ukraynaya baxışını dəyişdirmək üçün işləməyi tövsiyə edib. Tillersonun sözlərinə görə, Putin bu görüşdə Tramp üzərində üstünlük əldə edib və onun düşüncə tərzini formalaşdırmaqda ustalıq nümayiş etdirib. Bundan əlavə, o, Putinin Ukrayna haqqında təhqiramiz ifadələr işlətdiyini bildirib.

ABŞ nəşri yazır ki, 2017-ci il yanvarın 28-də Tramp və Putin arasında baş tutan ilk telefon danışığında da Ukrayna məsələsi müzakirə olunub. Tramp bu məsələ ilə bağlı Putinin fikrini soruşub və Putin həmin vaxt Ukraynadakı korrupsiya mühitini gündəmə gətirib. Tramp bu məsələdə Putinlə razılaşmadığını, eyni zamanda Ukraynanı da müdafiə etmədiyini bildirərək, ehtiyatlı reaksiya verib.

Bildirilir ki, həmin gün Tramp Ukrayna ilə bağlı Almaniyanın keçmiş kansleri Angela Merkellə də görüşüb. Merkel Rusiyanın Ukrayna ilə bağlı siyasətinin yumşaldılmalı, Avropa və ABŞ-nin Kiyevə dəstəyinin davam etdirilməli olduğunu vurğulayıb. Trampın cavabı sadəcə olaraq “Sağ ol və əlvida” olub.

“NYT” yazır ki, Trampın 2017-ci ildə Putinlə məsləhətləşməsi onun xarici siyasətdə, xüsusən də Ukrayna ilə bağlı Putinin təsiri altında olması ilə bağlı tənqidləri getdikcə artırır.

Qeyd olunur ki, Tramp Ukraynaya yardıma skeptik münasibət bəsləyir və bu münasibət 2024-cü il seçki kampaniyasında da davam edir. Nəşr hesab edir ki, , yenidən prezident seçiləcəyi təqdirdə, Trampın Putindən təsirlənən fikirləri ABŞ-nin Rusiya və NATO ilə münasibətlərinə təsir göstərə bilər. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ