Ukraynaya atılan hər iki mərmidən biri Koreyadan gəlir – Kəşfiyyat məlumatları açıqlandı


Şimali Koreya (KXDR) Rusiyanın Ukraynaya qarşı müharibəsində istifadə etdiyi artilleriya mərmilərinin təxminən yarısını təmin edir.

Turkustan.az xəbər verir ki, bu barədə Qərb kəşfiyyatındakı mənbələrə istinadən “The Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, KXDR-dən hər il 3 milyon mərmi tədarük edilir. Eyni zamanda, mənbələr qeyd edirlər ki, mərmilərin əksəriyyəti nasazdır, baxmayaraq ki, onların sayı Rusiyaya cəbhədə uğur qazanmağa kömək edir. Mənbələr vurğulayırlar ki, Rusiya Şimali Koreyadan artilleriya mərmilərinin tədarükündən asılı vəziyyətə düşüb.

Rusiya Prezidenti Vladimir Putin bu ilin iyununda Pxenyana səfər etdikdən və KXDR ilə strateji tərəfdaşlıq sazişi imzaladıqdan sonra tədarükün həcmi artıb. Bu saziş üçüncü ölkə tərəfindən onlara hücum edildiyi təqdirdə hər iki tərəfin qarşılıqlı yardım göstərməsini nəzərdə tutur.

Qərb ölkələri dəfələrlə Şimali Koreyanı beynəlxalq sanksiyalara zidd olaraq Rusiyaya sursat satmaqda ittiham ediblər. Rusiya BMT Təhlükəsizlik Şurasının 7 üzvü tərəfindən KXDR ilə hərbi əməkdaşlığa qoyulan qadağanı pozmaqda da ittiham olunub.

Fevralda “The New York Times” yazıb ki, Rusiya döyüş sursatı müqabilində KXDR-ə qlobal maliyyə sisteminə çıxış əldə etməyə icazə verib, həmçinin Şimali Koreyanın BMT-nin sanksiyalarına məruz qalan bəzi aktivlərini blokdan çıxarıb. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ