Rusiya Livan müharibəsinə də girəcək – Camal Vakim


İsrail və ABŞ-ın məqsədi təkcə müqavimət qüvvələrini Fələstin sərhədindən 10 kilometr uzaqlaşdırmaq deyil, həm də Hizbullahı tərk-silah etmək və Livanda amerikapərəst prezident seçməkdir ki, Livan tamamilə ABŞ-ın hegemonluğu altında olsun. İnanıram ki, İsrail və ABŞ-ın bu çox uzağa gedən məqsədi reallaşmayacaq və şiddətli müqavimətlə qarşılaşacaq.

Turkustan.az xəbər verir ki, bu sözləri erməni mediasına müsahibəsində livanlı politoloq Camal Vakim deyib.

O bildirib ki, ABŞ və İsrailin hədəfi həm Hizbullahı İran kimi mühüm müttəfiqin dəstəyindən məhrum etmək, həm də İrana bağlı digər - məsələn, Fələstin, Yəmən və İraqın müqavimət hərəkatlarını zərərsizləşdirməkdir:

“Ona görə də hesab edirəm ki, İran bu mübarizənin bir hissəsidir və buna imkan verməyəcək. Eyni zamanda israillilərin və amerikalıların məqsədi Livana hücum edərək Yaxın Şərqin xəritəsini tamamilə dəyişmək və bölgəni Rusiyaya hücum etmək üçün bazaya çevirməkdir. ABŞ artıq Ukrayna müharibəsində iştirak edir, Rusiyaya qarşı proksi müharibə aparır, ona görə də ruslar da bu müharibədə iştirak edəcək və hadisələr gözləniləndən daha uzun sürəcək”.

O iddia edib ki, Nəsrullahın və ya digər liderlərin öldürülməsinin bu hərəkatın dağılmasına gətirib çıxaracağı fikri doğru deyil:

“Livanda Hizbullahın böyük dəstəyi var, Livan əhalisinin böyük bir hissəsi hərəkatı dəstəkləyir və bu təşkilatda öldürülən liderlər həmişə yeniləri ilə əvəz olunur. Çünki Hizbullahın bütün üzvləri nə vaxtsa şəhid olacaqlarını bilirlər. Buna görə də inanıram ki, bu, yalnız döyüşün başlanğıcıdır”.

Onun fikrincə, ABŞ və İsrailin son məqsədi bütün regionu öz nəzarəti altına alıb Rusiya, İran və Çinə qarşı platformaya çevirməkdir:

“Bu, Amerikanın Avrasiyada qalmaq və onun imkanlarından istifadə etmək planının bir hissəsidir. Bu müharibənin son nəticəsinin nə olacağını anlamağa çalışarkən bunu nəzərə almaq lazımdır”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ