İranın arsenalında 2025-ci ilin aprelinə qədər rəqiblərinə qarşı potensial istifadəyə hazır olan 10 nüvə başlığı ola bilər.
Turkustan.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Times” qəzeti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) keçmiş baş direktor müavini Olli Heynonenə istinadla yazıb.
“Bu raketlərin (nüvə raketlərinin) köməyi ilə heç bir ölkəni məhv etmək mümkün deyil, ancaq siz onu hədələyə və danışıqlarda daha sərfəli mövqe tuta bilərsiniz", - o, nəşrə deyib.
Heynonen həmçinin İranın oktyabrın 1-nə keçən gecə İsrailə atdığı raketlərin gələcəkdə nüvə başlıqlarının çatdırılması üçün vasitə kimi istifadə oluna biləcəyini də müdafiə edib.
Qəzetin yazdığına görə, ekspert əvvəllər MAQATE-nin monitorinq missiyaları çərçivəsində bir neçə dəfə İranın nüvə obyektlərinə baş çəkib və İranın nüvə sektorundakı yüksək vəzifəli rəsmiləri ilə əlaqə saxlayıb.
Eyni zamanda, Heynonen hesab edir ki, Tehranın ehtimal olunan atom silahından istifadə etməsi onun üçün böyük risklər yaradacaq, ona görə də çox güman ki, İslam Respublikasının hakimiyyət orqanları ondan danışıqlar prosesində “hədə” vasitəsi kimi istifadə etməklə kifayətlənəcəklər.
Qeyd edək ki, bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian bildirib ki, onun ölkəsi nüvə silahı yaratmağa can atmır, əksinə, Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə öhdəliklərin yerinə yetirilməsinə tam şəkildə qayıtmağa hazırdır.
Xatırladaq ki, fəaliyyət planı 2015-ci ildə İran və Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransadan ibarət beynəlxalq vasitəçilər qrupu tərəfindən imzalanıb.
Razılaşma 2004-cü ildə Qərb ölkələrinin İranı nüvə silahı hazırlamaqda ittiham edərək sanksiyalar tətbiq etməsi ilə başlayan böhrana son qoyub.
Prezident Donald Tramp 2018-ci ildə ABŞ-ni müqavilədən çıxarmaq qərarına gəlib. /Yeniavaz.com/