İsrailin Livana hücumu 3-cü dünya müharibəsinin başlamasına səbəb olacaqmı? - DİQQƏTÇƏKƏN ŞƏRHLƏR


İsrail ordu qüvvələri Livanda olan Hizbullah mövqelərinə güclü zərbələr endirib.

Bəs İsrailin Livana hücumu 3-cü dünya müharibəsinin başlanğıcı ola bilərmi?

Mövzu ilə bağlı politoloqlar Turkustan.az-ın suallarını cavablandırıb.

Əziz Əlibəyli: Avropa İttifaqı Amerikanın əlehinə olan təşkilatdır

Siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, “3-cü dünya müharibəsinin olacağını gözləmirəm. Çünki bölgədə ABŞ-ın təyyarədaşıyan hərbi eskadrilyası var. Bu danışılmış növbəti hücumlardan biridir.

Məncə bu hücum əlavə ərəb ölkəsini münaqişəyə cəlb etmək, sıradan çıxartmaq niyyəti güdür. Mən ad çəkmək istəmirəm amma, bölgədə Səudiyyənin, İsrailin və İranın mövqelərinin gücləndirilməsi üçün növbəti tədbirlərdən biridir”.

Samir Hümbətov :

Politoloq Samir Hümbətovun fikirincə “İsraillə-Livan arasında uzun illərdir müharibə gedir. İsrailin Livana hücumu həm İsraillə, həm də Livana ciddi təsir göstərəcək. Yəni Livanda bu gün Hizbullahın hazır, təlim keçmiş təqribən 40 minə yaxın qoşun növünün olduğu deyilir.

Bundan başqa da Livanın özünün qoşunları da var. Mən inanmıram ki, bunlar orada balansın dəyişməsinə imkan verərlər. Çünki həqiqətən geniş çaplı bir müharibəyə çevrilsə bu bölgədə fəsadlara səbəb ola bilər.

Bəlkə 3-cü dünya müharibəsinə də gətirib çıxara bilər, amma ona imkan verməzlər. Bəlkə də aqressiya nümayiş etdiriləcək, amma daha geniş miqyaslı hiss etməyəcəyik.

Bölgə ilə bağlı çox ciddi maraqlar var. Heç bir böyük dövlət icazə verməz ki, İsrail Livan ərazisini və yaxud digər əraziləri tam tutsun. Bu artıq ciddi bir siqnal ola bilər və böyük müharibəyə çevrilə bilər. Ona görə də gərginlik yaşana bilər, amma böyük müharibəyə çevrilməsi ehtimalı o qədər də çox deyil”.

Ekspert:

Politoloq Zeynal Əmrəliyev isə bildirib ki, “bu müharibə əslində çoxdan gözlənilən bir müharibə idi. Netanyahu HƏMAS-a qarşı əməliyyata başlayarkən əsas məqsəd məhz Yaxın Şərqdəki İrana bağlı olan proksimal qüvvələri məhv etmək olub. Buna görə də ilk olaraq prosesə daha zəif HƏMAS-la başladı. Daha sonra isə Hizbullahın üzərində hücuma keçdi. Açığı demək lazımdırsa İsrail heç HƏMAS-la da bacara bilmədi.

HƏMAS-ın mövqelərinə düzdür ciddi zərbələr endirildi, ancaq mümkün nəticə əldə olunmadı. Hal-hazırda Hizbullahın mövqelərinə zərbələr endirilir. Bu artıq demək olar ki, Israil və Hizbullah arasında ikinci böyük müharibədir.

2007-2008-ci illərdə Israil və Hizbullah arasında müharibə olub və həmin müharibədə demək olar ki, İsrail heç bir ciddi uğur qazana bilməyib. Yəni bir təşkilat qarşısında İsrail faktiki olaraq çətin vəziyyətə düşdü. Hal-hazırda da nə kimi uğur qazanacağı sual altındadır. Çünki Hizbullahın çox güclü, yetişmiş qüvvələri var. Demək olar ki, Hizbullah Yaxın Şərqdə SEPAH-ın bir qanadı şəklində fəaliyyət göstərir. Bu müharibə Hizbullahla İsrail arasında olan müharibə deyil. Birbaşa İsrail və SEPAH arasında olan müharibədir. Burada üçüncü dünya müharibəsi baş verə bilərmi? Mən inanmıram ki, tərəflər qırmızı xətti keçsinlər. Çünki İranın prosesə qoşulmaq ehtimalları haqqında söhbətlər gedir. Artıq dünən də SEPAH-da hərəkətlilik olduğu bildirilirdi. ABŞ isə cavab verdi ki, əgər İran müdaxilə edərsə, ABŞ-da prosesə müdaxilə edəcək. Düşünmürəm ki, nə İran, nə də ABŞ indiki halda buna getsinlər. Tərəflər sakitliklərini qoruyacaqlar. Böyük ehtimalla bu savaş bir müddət sonra davam edəcək. Ancaq mən yenə də İsrailin Hizbullaha qarşı ciddi uğur qazanacağını düşünmürəm”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ