Hindistan Ukraynaya hərbi sursat göndərdiyinə dair iddiaları rədd etdi


Hindistan Xarici İşlər Nazirliyi Avropa ölkələrinin Hindistan istehsalı olan artilleriya mərmilərinin Ukraynaya ötürülməsinə mane ola bilmədiklərinə dair iddiaları “spekulyativ” adlandırıb.

Turkustan.az xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval sosial media platformasında açıqlama verib.

Bəyanatda Rusiyanın dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq sursat təhvilinin bir ildən artıqdır davam etdiyi və Hindistan hökumətinin bunun qarşısını almaq üçün heç bir tədbir görmədiyi xəbəri təkzib edilib və xəbərin "spekulyativ" və "yanıltıcı" olduğu bildirilib.

Bəyanatda xəbərlərdə yer alan iddiaların “mövcud olmadığı və buna görə də yalan və zərərli” olduğu vurğulanıb və Hindistanın silahların yayılmasının qarşısının alınmasında “beynəlxalq öhdəliklərə əməl etməkdə qüsursuz bir təcrübəyə” malik olduğu vurğulanıb.

Hindistan may ayında hərbi sursat ixrac qaydalarının daha da sərtləşdirildiyini və alıcılardan üçüncü ölkələrə silah göndərməmələrini tələb etdiyini açıqlamışdı.

Reuters xəbərlərində adı açıqlanmayan Hindistan və Avropa rəsmilərinə və gömrük məlumatlarına əsaslanaraq Hindistanın Ukraynanın istifadə etdiyi hərbi sursatın kiçik bir hissəsini istehsal etdiyini iddia edib.

Xəbərdə Ukraynaya Hindistan istehsalı olan artilleriya mərmiləri göndərən Avropa ölkələri arasında İtaliya və Çexiyanın olduğu, Moskvanın Dehli qarşısında ən azı iki dəfə məsələ qaldırdığı bildirilib.

Hindistan Qərb ölkələrinin Ukraynaya qarşı tərəf tutduğu müharibədə Rusiyanı birbaşa tənqid etməkdən yayınsa da, müharibəni bitirmək üçün tez-tez diplomatiya və dialoqa çağırır.

Hindistan və Rusiya ənənəvi olaraq güclü münasibətlərə malikdir. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, Dehli Moskva ilə ticarət və müdafiə sahəsində əməkdaşlığı davam etdirir.

Hindistanın baş naziri Narendra Modi iyul ayında Rusiyaya səfəri zamanı Rusiya lideri Vladimir Putinə “əziz dost” kimi müraciət edib. Bununla belə, Ukrayna prezidenti Vladimir Zelenski Modinin Rusiyaya səfərinə reaksiya verib.

Modi avqust ayında Ukraynaya səfər edib.

Eltac Züflüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ