Ukrayna qışdan Rusiyanın pulu ilə çıxacaq – “Rusiya dağıtdığının əvəzini ödəməlidir”


Məlum olduğu kimi, Rusiyanın endirdiyi kütləvi raket zərbələri nəticəsində Ukraynanın enerji infrastrukturu ağır duruma düşüb. Qarşıdan isə soyuq qış mövsümü gəlir. İşğala məruz qalmış ölkəni bu vəziyyətdən çıxarmaq üçün Ukraynanın Qərb müttəfiqləri təkcə öz pullarını deyil, Rusiyanın pullarını, daha doğrusu, Avropadakı dondurulmiş aktivlərini də xərcləmək fikrindədir.

Turkustan.az xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqı(Aİ) Ukraynanın enerji sektorunu qışa hazırlamaq üçün 160 milyon avro ayıracaq. Bunun da 100 milyonu Aİ-də dondurulmuş Rusiya maliyyə aktivlərindən əldə edilən faiz gəlirləri olacaq.

Bununla bağlı Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib: “İki həftədən sonra qış isitmə mövsümü başlayır. Havanın soyuması ilə eyni vaxtda Avropa İttifaqı Ukraynaya yardımını artırmağa hazırdır. Biz qışa birlikdə hazırlaşırıq. Bu mətbuat konfransından sonra mən bu məsələləri Prezident Volodimir Zelenski ilə şəxsən müzakirə etmək üçün Kiyevə gedirəm”.

Onun sözlərinə görə, 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri Ukraynanın enerji infrastrukturunun yarısı məhv edilib ki, bu da təxminən üç Baltikyanı ölkənin enerji sistemlərinin ümumi gücü ilə müqayisə oluna bilər. Bu müddət ərzində Aİ Ukraynaya dağılmış elektrik stansiyalarının, transformatorların və elektrik xətlərinin bərpası üçün 2 milyard avrodan çox yardım ayırıb: “Bu gün elan edə bilərəm ki, bu qışa hazırlaşmaq üçün daha 160 milyon avro ayıracağıq. Bu pul Rusiyanın Aİ-dəki dondurulmuş aktivlərindən əldə edilən gəlirdən ayrılıb. Çünki Rusiyanın məhv etdiyinin əvəzini ödəməsi ədalətli olardı”. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ