“SSRİ-dən qalan silah ehtiyatları tükənir” – “Çətinliklərlə üzləşən Rusiyanın asılılığı artacaq”


“Rusiya Ukraynadakı əməliyyatlarda lazım olan silahların istehsalı və tədarükü ilə bağlı artan çətinliklərlə üzləşəcək və Kreml öz maddi ehtiyaclarını ödəmək üçün getdikcə daha çox xarici tərəfdaşlardan asılı olacaq”.

Turkustan.az xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.

Amerikalı mütəxəssislərin fikrincə, işğalçı ordu öz hücumlarını dəstəkləmək üçün daha çox sovet dövründən qalma silah və texnikanın bərpasına arxalanır. Bu, xüsusilə də zirehli texnikaya aiddir: “Rusiya ordusu məhdud sovet ehtiyatlarını tükəndirir. Rusiya orta və uzunmüddətli perspektivdə əməliyyatların cari tempini qoruyub saxlamaq istəyirsə, öz iqtisadiyyatını və müdafiə sənayesini daha da səfərbər etməli və onun inkişafına sərmayə qoymalı olacaq. Lakin bunu edə biləcəyi aydın görünmür. Rusiyanın hətta iqtisadi səfərbərlik olsa belə, öz qoşunlarının Ukraynada məruz qalacağı itkilərə tab gətirmək üçün kifayət qədər məhsul istehsal edən sənayeyə malik olacağı sual altındadır”.

Analitiklər işçi çatışmazlığı və Qərb sanksiyalarının təsiri səbəbindən Rusiyanın öz müdafiə sənayesini lazımınca genişləndirə bilməyəcəyini proqnozlaşdırırlar.

Bu arada Ukrayna Baş Kəşfiyyat İdarəsi silah təchizatı məsələsində Şimali Koreyanı Kremlin ən önəmli müttəfiqi adlandırıb. Çünki KXDR-dən Rusiyaya döyüş sursatının tədarükü müharibənin dinamikasına birbaşa və sürətlə təsir göstərir. Xüsusilə, Ukrayna Silahlı Qüvvələri növbəti mərmi yükünün gəlişindən sonra bir neçə gün ərzində Rusiya əməliyyatlarının sürətinin artdığını hiss edir. 2024-cü ilin iyun ayına olan məlumata görə, Şimali Koreya Rusiyaya 4,8 milyon artilleriya sursatı tədarük edib. Bunu amerikalı mütəxəssilər də öz hesabatlarında qeyd ediblər: "Şimali Koreyanın dəstəyi Rusiyaya Ukrayna üzərində əhəmiyyətli artilleriya üstünlüyünü saxlamağa imkan verdi və Rusiya bu üstünlüklərdən Ukrayna qüvvələrinin təşəbbüsü ələ keçirməsinin qarşısını almaq üçün istifadə etdi".

Qeyd olunur ki, son zamanlar Rusiya hakimiyyəti KXDR ilə əməkdaşlığı intensivləşdirib. İyun ayında Putin Pxenyana səfər edib və Kim Çen In ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıb. Sentyabrın 13-də isə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şimali Koreyaya səfər edib: “Rusiya çox güman ki, silah və texnika ehtiyatlarının azalması ilə üzləşəcək. Əgər o, Qərbin sanksiyalarından kütləvi şəkildə yan keçə bilməsə və kifayət qədər hərbi texnika, komponentlər, ikili təyinatlı mallar əldə etmək üçün xarici tərəfdaşlarla əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirə bilməsə, bu çatışmazlıqları kompensasiya etmək çətin olacaq”. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ