Ən böyük qonşusundan Rusiyaya ərazi iddiası: SSRİ-dən də tələb etmişdilər


Çin Kommunist Partiyasının xarici siyasət və təhlükəsizlik strategiyası Asiyada regional təhlükəsizliyə əhəmiyyətli dərəcədə təsir göstərib. Pekinin Cənubi Çin dənizindəki hərbi fəallığı Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərgin vəziyyətlə yanaşı, beynəlxalq aləmin əsas müzakirə mövzularındandır. Bu hərbi fəallıq bölgədə eskalasiya riskini artırıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Analizdə qeyd olunur ki, Britaniyanın “Daily Mirror” nəşrində yayımlanan məqalədə Çinin qonşu ölkələrlə mübahisə mövzusu işıqlandırılıb:

"Nəşrin yazdığına görə, hazırda Çin qonşu ölkələrlə 17 ərazi mübahisəsində iştirak edir. Bu geniş siyahı Pekinin ərazi mənfəətlərini ön plana çıxarmasından xəbər verir. Sərhəd mövzuları Çinin qonşu ölkələrlə münasibətlərinin normallaşmasına və inkişafına əsas əngəldir. Çinin Yaponiya, Hindistan, Vyetnam və Filippin kimi ölkələrlə münasibətlərində gərginlik hökm sürür.

Çinin qonşularla sərhəd problemi ölkənin quruluşu tarixindən başlanıb. Bəllidir ki, Çin Kommunist Partiyasının hakimiyyəti ələ almasında keçmiş SSRİ-nin böyük rolu olub. SSRİ vətəndaş müharibəsində qələbə qazanan Çin Kommunist Partiyasını silah və hərbi texnika ilə təchiz edib. Buna baxmayaraq, Çin SSRİ ilə 1969-cu ildə sərhədin Ussuri çayı boyunca hərbi toqquşmaya üstünlük verib. Halbuki Çin və keçmiş SSRİ eyni idelogiyanı bölüşürdü. Hazırda Çinlə Rusiya arasında strateji tərəfdaşlıq mövcud olsa da, Pekinin bundan istifadə edərək sərhəd ərazilərini genişləndirmək üçün Kremldən istəkləri var. Pekinlə Moskva arasında bu məsələlər narazılıq yaradılmadan həll olunarkən, Çinin digər qonşusu Hindistanla sərhəd mövzusu gərginliyə səbəb olub.

Pekinin Cənub-Şərqi Asiyada Vyetnam, Filippin, Malayziya və Bruneyin iddia etdiyi əraziləri özününkü sayması vəziyyəti daha da mürəkkəbləşdirib. Filippinin balıqçı gəmilərinin təqib edilməsi gərginliyi daha da artırıb. Pekin mübahisəli mövzuları qonşularıyla müzakirə etməkdən yayınmır. Danışıqların hansı şəkildə inkişaf etməsinə baxmayaraq, Pekin ərazi iddialarından geri çəkilmək fikri yoxdur". (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ