Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən yolun açılması məsələsi ilə bağlı Rusiya və İran arasında gərginlik böyüyür.
Rusiya Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanan bəyanata riayət etməli olduğunu bildirir. Kreml rəsmiləri İrəvan hakimiyyəti sənədə əsasən yolu açmağa çağırır. Digər tərəfdən isə artan gərginlik fonunda Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı İranla razılaşmalara sadiq qaldığını bəyan edirlər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Tehranda anti-Rusiya kampaniyasının aparıldığını deyib.
Digər tərəfdən İran rəsmiləri ardıcıl şəkildə Zəngəzur dəhlizi əleyhinə bəyanatlar səsləndirirlər. Cənub qonşumuz iddia edir ki, Zəngəzur dəhlizinin açılması regionda sərhədlərin dəyişməsinə səbəb olacaq. Maraqlıdır ki, İranın bəyanatları Azərbaycana yox, daha çox Rusiyaya qarşı yönəlib. Bu, hətta rəsmi Tehranın Moskva ilə münasibətləri korlamaq üçün bəhanə axtarması kimi dəyərləndirilir.
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini daha əvvəl olduğu kimi sərgiləyir:
“Bunu hətta rəsmi Tehranın dəhlizə qarşı “Səlib yürüşü” kimi də xarakterizə etmək olar. Çünki İran hər vəchlə dəhlizin açılmasının qarşısını almağa çalışır. Hətta bu istiqamətdə Ermənistan Baş naziri Nikol Paşinyana da təzyiq edilir.
Elxan Şahinoğlu
İran Prezidenti Məsud Pezeşkian andiçmə mərasiminə qatılan zaman İranın ali rəhbəri Ayətullah Xamenei Paşinyana barmaq silkələdi ki, dəhlizin reallaşmasına icazə verməyin. Tehranı narahat edən əsas məqam Moskvanın dəhlizə olan marağıdır.
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra bu məsələ xüsusilə əhəmiyyət kəsb etməyə başladı. Mövzunun aktuallığını görən Tehran bu dəfə də Kremlə qıcıqlandı. İran təhlükəsizlik şurasının katibinin Rusiyaya səfəri də məhz bu narahatlıqla bağlıdır”.
Politoloq bildirib ki, Rusiya hər şeyə rəğmən siyasətini dəyişməyəcək:
“Bunu İrana görə ümumiyyətlə etməyəcək. Məntiqlə baxdıqda İranın Rusiyadan və region ölkələrindən çox dəhlizin açılmasına ehtiyacı var. Həmçinin Rusiya ilə imzalanan müəyyən hərbi sazişlər də mövcuddur. Tehran bunların riskə girməsinə yol verə bilməz. Düşünmürəm ki, İran buna görə Rusiya ilə münasibətləri korlasın. İranın məntiqsiz siyasəti nəticə verməyəcək. Sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizi də açılacaq”.