Çin və Rusiya Yapon dənizində birgə hərbi təlimlər keçirəcək


Çin və Rusiya donanması və hərbi hava qüvvələrinin Qərbi Sakit okeanda Yapon dənizi (Şərq dənizi) və Oxot dənizində birgə hərbi təlimlərə başlayacağı açıqlanıb.

Turkustan.az xəbər verir ki, Çin Müdafiə Nazirliyindən verilən açıqlamada, “Şimal/Qarşılıqlı Fəaliyyət-2024” adlı təlimin Çin və Rusiya orduları arasında “strateji koordinasiyanı dərinləşdirmək və təhlükəsizlik təhdidlərinə birgə cavab vermək qabiliyyətini gücləndirmək” məqsədi daşıdığı qeyd edilib.

Açıqlamada Çin və Rusiya donanmasının Sakit Okeanda 6-cı patrulunu həyata keçirəcəkləri, Çinin də Rusiyanın “Okean-2024” strateji təliminə qatılacağı bildirilib.

Açıqlamada təlimlərin və patrul fəaliyyətlərinin hansı tarixlərdə keçiriləcəyi ilə bağlı məlumat verilməyib.

Çin və Yaponiya arasında gərginlik

Bölgədəki hərbi fəallığın Çin və Yaponiya arasında hava məkanı və ərazi sularının pozulmasından doğan gərginliyin yaşandığı bir vaxtda baş verməsi diqqət çəkir.

Yaponiya avqustun 26-da Çin ordusuna məxsus "Y-9" tipli hərbi təyyarənin Şərqi Çin dənizindəki Danco adaları yaxınlığında Yaponiya hava məkanına daxil olduğunu bildirib.

Digər tərəfdən, Çin tədqiqat gəmisinin Yaponiyanın cənubundakı Tokara boğazındakı Kuchinoerabu adası yaxınlığında Yaponiyanın ərazi sularına daxil olduğu qeyd edilib.

Tokio rəhbərliyi hər iki halda diplomatik kanallar vasitəsilə Çinə etiraz etdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ