“İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian ilk çətin sınağını öz səlahiyyətinin icrasına başladığı gün yaşadı. And içmə mərasimində qatılmaq üçün Tehrana gələn HƏMAS lideri İsmayıl Xaniyə sui - qəsdlə qətlə yetirildi. İran hadisə ilə bağlı İsraili ittiham edir. Ancaq İranın İstailə necə cavab verəcəyi ilə bağlı sual hələ də öz aktuallığını qoruyur. Çünki SEPAH və ona yaxın olan mühafizəkar sərt xətti, Pezeşkian və komandası isə dialoq yolunu təklif edirlər”.
Bu fikirləri Turkustan.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev söyləyib.
Politoloq bildirib ki, “prezidentin komandasında dialoqu təklif edən qüvvələrin başçısı Pezeşkianın vitse - prezident təyin etdiyi Məhəmməd Cavad Zərif idi. Zərif hələ Həsən Ruhanin dövründə Xarici İşlər naziri vəzifəsində çalışdığı zamanda İranın Qərblə dialoqunu dəstəkləyirdi. Məhz buna görə onun SEPAH - a bağlı Qüds qüvvələrinin komandanı Qasım Süleymani ilə münasibətləri pisləşmişdi. Baş diplomatlatla generalın münasibətində vəziyyət o həddə çatmışdı ki, ali dini lider Ayətullah Əli Xamenei prezident Həsən Ruhanidən xarici siyasətlə bağlı məsələləri korrekte etməsini istəmişdi. SEPAH -ın Iran daxilində və Yaxın Şərqdə qurduğu geniş biznes imperiyası nəticəsində güclü maliyyə əldə etməsi İrandakı dini rejimin getdikcə öz yerini hərbi rejimə verməsi ilə nəticələnə bilər. Fakt budur ki, artıq kifayət qədər yaşlı olan dini elita nüfuz savaşında hərbiçilərə uduzur. Zərfin təyinatı SEPAH -ın ciddi narazılığına səbəb olmuşdu. Onlara məxsus olan mediya qurumları keçmiş baş diplomatik dövründə olan hadisələri işıqlandıraraq onu uğursuzluqda ittiham edirdilər. Eyni zamanda prezident Pezeşkiana da güclü təzyiq edilirdi. Dövlət başçısının bir müddət əvvəl " məni işləməyə qoymurlar " ifadəsi ilə kimə işarə vurduğu da aydın idi. Əslində dini liderə ən başdan Pezeşkianın prezident olması sərf edirdi. Bu yolla o, hərbi elitanı prezidentlə nüfuz savaşına salaraq hər iki tərəfi zəiflətmək və teokratik hakimiyyətin qorunub saxlanmasına nail olmaq istəyirdi. Xamenei ortada hakim rolunun oynayır və tərəflərin öz cızdığı sərhəddə mübarizə aparmasına çalışır. Güc hələ ki, SEPAH -ın əlindədir. Xaniyənin öldürülməsi sonrası Pezeşkianın başının İsrailə cavab məsələsinə qarışmasından istifadə edən hərbi elita Zərifi aradan götürə bildi. Bu istefa onu göstərir ki, Məsud Pezeşkian İran tarixində səlahiyyətini ən çətin formada icra etmiş prezidentlərdən biri olacaq”.
Politoloq əlavə olaraq bildirib ki, “xüsusilə yeni hökumətin qurulması ilə bağlı Pezeşkianı çox böyük çətinliklər gözləyir. Parlamentə təsdiq üçün təklif olunan yeni nazirlər içərisində ən diqqəti çəkən Xarici işlər nazirliyinə namizəd göstərilən Abbas Əraqçidir. Əraqçi Məhəmməd Cavad Zəriflə yaxın münasibətlərə malikdir, onun vasitəsi ilə Pezeşkianın komandasına daxil edilmişdi. O da Zərif kimi İranın Çin və Rusiya ilə arasında məsafə qoyması və Qərblə dialoqa başlaması barədə çağırışlar edir. Hazırda SEPAH parlamentdə özünə yaxın deputatlar vasitəsi ilə Əraqçinin nazirliyinin təsdiqlənməsinə çalışır. Bu İranın Qərblə dialoq siyasətinə çətin sala və Pezeşkianın xarici siyasət kursunun tamamilə fiaskoya uğraması ilə nəticələnə bilər. Görünən budur ki, İran hazırda prezident və hərbi elita arasında siyasi mübarizənin meydanına çevrilib. Vəziyyəti tənzimləyən əsas məsələ sadəcə bu mübarizədə hakimin olmasıdır. Xameneinin öz gücündən istifadə edərək tərəflər arasında balansı qoruyacağı və vəziyyətin çox da nəzarətdən çıxmasına imkan verməyəcəyi aydın məsələdir”.
Eltac Züflüqaroğlu/Turkustan.az