İsrail ordusu iyulun 13-də HƏMAS-ın hərbi lideri Məhəmməd Deyfin hava zərbəsi nəticəsində öldürüldüyünü iddia edib. HƏMAS-ın verdiyi açıqlamada Deyfin sağ olduğu bildirilib.
Turkustan.az xəbər verir ki, İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Həniyənin öldürülməsinin əks-sədaları davam edərkən, HƏMAS-ın hərbi lideri Məhəmməd Deyfin də həyatını itirdiyi iddia edilib. Bu iddia HƏMAS tərəfindən dərhal rədd edilib.
İsrail 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları tərəfindən təşkil edilən Əqsa Daşqını əməliyyatının memarı Məhəmməd Deyfin öldürüldüyünü açıqlayıb. İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamada Deyfin 13 iyulda Qəzzaya hücumda həyatını itirdiyi bildirilib.
İsrail ordusunun dünya gündəmini sarsıdan iddiasının ardından HƏMAS-dan açıqlama gəldi. Onun ölüm xəbərini təkzib edən Həmas sözçüsü Məhəmməd Deyfin sağ olduğunu bildirib.
Eltac Zülfüqaroğlu/Turkustan.az