Rusiya müharibədə küncə sıxışdı: Cəbhəyə maaşla gedəcək əsgərlərə sərvət təklif edir


Rusiya prezidenti Vladimir Putin iyun ayında Asiya turnesinə çıxıb və Şimali Koreya və Vyetnama səfər edərək davam edən Ukrayna müharibəsinə dəstək toplamağa çalışıb və bu xəbər Qərb mediasında geniş işıqlandırılıb.

Hətta bu səfərlərdən sonra Şimali Koreya əsgərlərinin Rusiyaya gələrək Ukrayna müharibəsində cəbhəyə yollanacağı iddia edilirdi.

Turkustan.az xəbər verir ki, müharibə başlayandan üç ilə yaxın vaxt keçib və Ukrayna ABŞ, NATO və Aİ-nin maliyyə dəstəyi və texnikası ilə ayaqda qalmağa çalışarkən, Rusiya cəbhədə istədiyi irəliləyişə nail ola bilməyib və getdikcə daha çox əziyyət çəkməyə başlayıb.

Putin Ukraynaya müharibə elan edəndən bəri onun dünya siyasətində Şimali Koreya və Çindən başqa tərəfdarı yoxdur.

İngiltərə mətbuatında əks olunan iddiaya görə, gündə orta hesabla 1000 itki verən Rusiya, cəbhəyə getmək üçün könüllü əsgərlərə bir sərvət dəyərində maaş təklif etməyə başladı.

The Telegraph-ın gündəmə gətirdiyi iddiaya görə, Moskvada könüllü əsgərlərin xidmətdə olduqları ilk ildə 50 min funt sterlinq qazandıqları deyilir ki, bu da orta illik əmək haqqının təxminən dörd qatına bərabərdir.

İngiltərə mətbuatının yazdığına görə, hər gün böyük itkilər verən Rusiya ordusu cəbhəyə yeni əsgərlər göndərmək üçün könüllü əsgərlərə külli miqdarda pul təklif edir.

Qeydiyyat bonusları, aylıq əmək haqqı və regional yardımı əhatə edən bu maaş artımı Kremlin Rusiyanın Ukraynadakı cəbhə qüvvələrini ayaqda saxlamaq üçün ehtiyac duyduğu aylıq 25 min əsgəri tapmaq səylərinin bir hissəsi hesab olunur.

"Müqavilə ilə işləyən hərbçiyə ödənişin ümumi məbləği (aylıq əmək haqqı və Moskva və federal dəstək tədbirləri nəzərə alınmaqla) xidmətin birinci ili üçün 5,2 milyon rublu və ya təxminən 50 min funt-sterlinqi keçəcək", - Moskva şəhər hökuməti bildirib.

Proqrama həmçinin yalnız Rusiya paytaxtının sakinləri üçün keçərli olan 1,9 milyon rubl və ya 17 min funt sterlinq məbləğində birdəfəlik ödəniş daxildir.

Ukraynada hərbi xidmət üçün stimulların artırılması Vladimir Putinin ümummilli səfərbərlikdən qaçmaq cəhdi kimi qiymətləndirilir.

Daha əvvəl mətbuatda yer alan iddialara görə, hərbi yaşda olan ruslar qanuni boşluqlardan istifadə edərək cəbhədən qaçmağa çalışır və onların əksəriyyəti xaricə qaçırdı.

Putinin 2022-ci ildə başlatdığı məcburi hərbi xidmət bir milyona yaxın insanın hərbi xidmətə çağırılmamaq üçün Rusiyadan qonşu ölkələrə qaçmasına səbəb olub.

Sərvət dəyərində hesab edilən yeni ödənişlər yalnız iyulun 23-dən sonra hərbi xidmətə çağırılan yeni əsgərlər üçün keçərli olacaq.

Rusiyanın ən savadlı işçi qüvvəsi burada cəmləşdiyi üçün paytaxt Moskvadan ölkənin digər bölgələrindən daha az könüllü Putinin müharibəsinə qatılıb. Şəhər rəsmiləri hesab edir ki, Ukraynada təxminən 45 min moskvalı döyüşür.

Rəsmi məlumatlara görə, Rusiya bu il Ukraynada davam edən müharibə üçün cəmi 190 min yeni əsgər cəlb edə bilib.

Qərb analitikləri deyirlər ki, bu, Rusiyanın Ukraynada hər gün 1000-ə qədər əsgərinin öldüyü və ya yaralandığı ağır itkilərini kompensasiya etmək üçün kifayətdir. Bununla belə, işə qəbul rəqəmləri keçən il imzalanan və 490 min əsgərin daxil olduğu müqavilədən aşağıdır.

İqtisadçılar hesab edirlər ki, rus əsgərlərinə ödənişlərin artırılması ölkə iqtisadiyyatında balanssızlığa səbəb ola bilər.

Onlar iddia edirlər ki, hərbi maaşlar tezliklə ölkənin qalan hissəsi üçün etalon ola bilər və potensial artım spiralına səbəb ola bilər.

Müstəqil tədqiqatçıların hesablamalarına görə, Rusiya hökuməti 2023-cü ilin iyulundan 2024-cü ilin iyununa qədər əsgərlərə və onların ailələrinə təxminən 3 trilyon rubl və ya 27 milyard funt-sterlinq maaş və təzminat ödəyib.

Bu rəqəm Rusiyanın həmin il üçün gözlənilən ümumi daxili məhsulunun təxminən 1,6 faizinə və federal büdcə xərclərinin təxminən 8 faizinə uyğundur.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ